Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev: «Dərsliyi bu cür hazırlamaq xəyanətdir»
“Bugünkü dərsliklər mürəkkəb və ağır olduğundan şagirdlər onun öhdəsindən gələ bilmir. Problemin səbəbi isə dərslikləri yazan bəzi müəlliflərin məktəbdən, ümumiyyətlə, pedaqogikadan xəbərsiz olmasıdır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib.
“Pedaqogikanın dərsliklərlə bağlı müəyyən tələbləri var, amma bəzi müəlliflər onlardan xəbərsizdir” – deyən Təhsil Şurasının sədri vurğulayıb ki, dərslik uşağın anlamına və yaş səviyyəsinə uyğun deyilsə, o, qəbul oluna bilməz: “Misal olaraq deyə bilərəm ki, 1-ci sinfin riyaziyyat dərsliyinin müəllifi Nayma Qəhrəmanova Politexnik Universitetini bitirib və ixtisasca mühəndisdir. Ona görə də onun hazırladığı dərslik tap-tapmacadır. Burada uşağın idrakını, şəxsiyyətini inkişaf etdirən heç bir amil yoxdur. Bu kitab nə şəxsiyyətyönümlüyə, nə də nəticəyönümlüyə xidmət edir. Dərsliyi bu cür hazırlamaq xəyanətdir”. Ə.Ağayev bu problemin qarşısını almaq üçün bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, dərslikləri ilk növbədə pedaqoji təhsilli və məktəblə əlaqəsi olan, elmi fəaliyyətlə məşğul olanlar yazmalıdır: “Bundan əlavə, dərsliklər hazırlanarkən uşaqların yaş səviyyəsi nəzərə alınmalı, nəzəri və praktik materiallar elə aşkar səviyyədə ortaya qoyulmalıdır ki, şagirdlər və müəllimlər başa düşsün. Dərsliklərin hazırlanması və təhsilin qurulması üçün fizioloji, psixoloji və pedaqoji yanaşmalar nəzərə alınmalıdır. Çətin dərslik yazan, pedaqoji təhsili və bu sahədən anlayışı olmayan insanlar dərslik müəllifliyindən uzaqlaşdırılmalıdır. Dərslikləri Qiymətləndirmə Şurasının sədri və tərkibi dəyişdirilməlidir”.


