Qənimət Zahid
Nəyə görə bizi bu qədər uzun müddətə əsarətdə saxlaya bilirlər? Təbii ki, ilk növbədə ona görə ki, ölkədə sərt, amansız bir rejim formalaşıb. Əsas günahkar da qəddar Əliyevlər və Paşayevlərdir. Mən də bunlar haqda çox yazıram, danışıram. Ancaq bu gün rejimin 2-ci dərəcəli, gözə girməyən dayaqlarından yazmaq istəyirəm. Beləliklə, mən yazım, həvəsiniz olsa, siz də davam edin.
Bizim bu acınacaqlı vəziyyətdə qalmağımızın səbəbkarları sırasında ilk növbədə satqın, yaltaq, qarnına görə millətini satan, sovet tirajı ilə ortalıqda fırlanan “ziyalılar” gəlir. Onlar öz yazıları, populyarlıqları ilə ilə hər zaman bu ata – oğul diktaturasına dəstək olublar. Mənim siyahımda ikinci yerdə satqın müxalifətçilər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları, qələminə xəyanət etmiş jurnalistlər gəlir.
İlahi ölkədə nə çox satqın var imiş. Torpaq nə qədər münbit imiş. Avtobus – avtobus daşıyırlar, bitmək bilmir. Həmin bu satqınlar bu qədər çox olmasaydı, rejim xalqı bu qədər uzun müddətə aldada bilməzdi.
Nəhayət, sayca ən böyük qrup, küyə gedən, burnundan uzağı görə bilməyən, hər yalana inanmağa hazır dayanan avam, ancaq avamlığını dərk etməyən vətəndaşlarımızdır. Belələri oyuncaq rəqib olub, sonda hər seçkidən sonra İlham Əliyevi təbrik etmiş cib müxalifətini dörd gözlə izləyər, İlham Əliyevin Zəngəzur populizmindən qəhərlənər, Əliyevin Şuşa turlarından kövrələr və onun üçün canından keçən vətənpərvərlərin səmimi mübarizəsini heç görməz. Bax bu adamlar da elə Əliyevlər, Paşayevlər qədər ölkənin indiki acınacaqlı durumuna görə məsuliyyət daşıyır. Tanıyın onları, onları utandırın ki, sussunlar. Sussunlar ki, ölkənin xilası tezləşsin.