Hamlet Xanızadənin ailəsindən nazirə sərt ittihamlar
Azərbaycanın istedadlı aktyoru Hamlet Xanızadənin vəfatından 21 il ötsə də onun xatirəsini əbədiləşdirmək ailəsinə hələ də nəsib olmayıb. Sənətkarın həyat yoldaşı Nailə Xanızadənin 21 ildir döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb. “Qafqazinfo”ya üz tutan N.Xanızadə bu istəklərinin həyata keçəcəyinə artıq ümidlərinin qalmadığını deyir:
“Neçə ildir cəhd edirik, bir şey alınmır. Tək istəyimiz yaşadığı binanın qarşısına lövhə vurulmasıdır. Yəni, Hamlet bir qara daşa da layiq deyil? Xərcini də özümüz çəkərik, sadəcə, icazə versinlər. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm, cavabları da bu olur ki, Hamlet Xanızadə əməkdar artist olub, xalq artisti deyil. Inanın, çox ağrıdır belə şeylər məni. O, rəhmətə gedəndə heç 50 yaşı yox idi, yaşasaydı, xalq artisti də olardı, yüksək adlar da alardı”.
N.Xanızadə onu da bildirdi ki, H.Xanızadə həyatını 20 Yanvar faciəsində gördüyü dəhşətlərdən sonra itirdi: “O, şəhidlərin dəfnindən tutmuş yaralıların xəstəxanalara çatdırılmasına qədər iki həftə dayanmadan küçələrdə oldu. Sağlam insan idi. Lakin faciə ona çox pis təsir etmişdi, sonda ürəyi dözmədi, fevralın 3-də qəbiristanlıqdaca dünyasını dəyişdi. Hətta o zamanlar onun şəklini şəhidlərin şəkilləri ilə bir sırada qoyurdular. Nə qədər çalışdım ki, ona da şəhidlik statusu versinlər, lakin onu da vermədilər, dedilər güllə yarası almayıb”.
N.Xanızadənin sözlərinə görə, artıq 21 ildir həyat yoldaşının xatirəsini əbədiləşdirmək üçün qapılar döymək onu mənəvi cəhətdən sarsıdır: “Bunu indi edə bilməsəm, məndən sonra kim edəcək? Mən də yaşa doluram artıq. Hamletin mədəniyyətimiz, kinomuz, teatrımız üçün gördüyü işlər niyə unudulur? Ona niyə biganə münasibət göstərirlər, bilmirəm…”