Xalq artisti ARDNŞ şefindən şikayət etdi

Rasim Balayev Ali Məhkəmənin sədrinə etdiyi müraciətdə hakimləri ədalətli mövqe tutmağa çağırdı

 

Kinematoqrafçılar Ittifaqının birinci katibi Rasim Balayev Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. Müraciət müəllifi Ramiz Rzayevin “hakim ədalətli olmalı və qanunlara və faktlara əsaslanmalıdır” ifadəsinə diqqət çəkir.
“Bu o deməkdir ki, məhkəmələrimizdə vəziyyət dəyişəcək! Çünki bu gün Azərbaycanda məhkəmə sistemi heç də həmişə bu prinsipə riayət etmir. Məsələn, bir neçə vətəndaşın Bayılda torpaq sahələri ilə əlaqədar Azərbaycan Neft Şirkətinə qarşı iddiası üzrə məhkəmə prosesi aylardır davam edir. Bu torpaq sahələrinin sahiblərinin əlində mülkiyyət hüquqlarını təsdiq edən bütün zəruri sənədlər var. Bu əraziləri güclə zəbt etmiş neft şirkətinin isə heç bir sənədi yoxdur və yalnız bu torpaqların nə vaxtsa, sovet dövründə şirkətin istifadəsinə ayrıldığı barədə iddiaya əsaslanırlar. Rayon və şəhər məhkəmələri vətəndaşların iddialarını təmin edib. Neft şirkətinin mövqeyinin əsassız olmasına baxmayaraq, AM rayon və şəhər məhkəmələrinin şirkət tərəfindən zəbt edilmiş torpaqların azad edilməsi barədə qərarı ləğv edib və işi yenidən baxılması üçün birinci instansiyaya göndərib.
Sıravi vətəndaşlarla iri dövlət qurumlarının maraqlarının toqquşduğu bir çox digər hallarda olduğu kimi, bu halda da mövcud qanunlara və faktlara baxmayaraq, vətəndaşların məğlubiyyətə düçar olacağı təhlükəsi yaranıb.
Torpaq sahələrinin zəbt edilməsi problemi kinematoqrafçıları narahat edir, belə ki, ən maraqlı layihənin həyata keçirilməsi yubanır. Burada Kino Evi, Kino Məktəbi və Festival Mərkəzindən ibarət Kinokompleks tikintisi nəzərdə tutulur (torpaq sahələrinin sahibləri ilə müqavilə münasibətləri əsasında), deyə müraciətdə qeyd edilir.
Kinematoqrafçılar AM- də prosesin “hakimin ədalətli olması və qanunlara və faktlara əsaslanması” bəyanatına uyğun şəkildə başa çatacağına ümid edirlər(Turan).