AXCP sədri Əli Kərimli
İlham Əliyev Niyaməddin Əhmədovu və digər əqidəli insanları ona görə həbsxanalarda çürüdür ki, öz oğlunun təkcə Londondakı 700 milyon dollarlıq əmlakına təhlükə yaranmasın. Hazırda həbsxanada ölüm aclığı keçirdən, artıq ayaqları tutulmuş, ölümün bir addımlığında olan Niyaməddin Əhmədov öz çörəyini belə ağır zəhmətlə qazanan, kirayədə yaşayan sadə bir gəncdir. Onu terroru maliyyələşdirməkdə ittiham etmək absurdun absurdudur. Normal cəmiyyətdə heç kim belə absurda cəsarət etməz. Normal cəmiyyətdə millətin 2,6 milyon uşağını uşaqpulusuz qoyan, büdcəyə qənaət məqsədilə qaziləri, ağır xəstələri əlillik müavinətindən, 186 min ahıl vətəndaşı pensiyadan, 100 min nəfərdən artıq müharibə iştirakçısını veteran müavinətindən məhrum etmiş bir dövlət başçısı azyaşlı övladına yalnız bir şəhərdə 700 milyon dollarlıq bahalı əmlak almağa utanardı və cəsarət də etməzdi. Ancaq bizim cəmiyyətdə hələlik bunlar mümkündür. 28 il davam etmiş bir ailənin avtoritar hakimiyyəti cəmiyyətin xeyli hissəsini ram edə bilib. İndi bu cəmiyyətdə başına endirilən yumruğu öpmək növbəsinə duranlar var. İndi bu cəmiyyətdə rejimin korrupsiyasına və sadə insanlara zülm etməsinə susmağı vətənpərvərlik kimi qələmə verən “ziyalılar” və “müxalifətçilər” təbəqəsi formalaşıb. Rejim məhz cəmiyyəti sındırdığını, susdurduğunu düşündüyü üçün belə zalımlıq və acgözlük edə bilir. Ancaq yenə yanılır. Avtoritar rejimlərin xeylisinin taleyini araşdırdıqdan sonra belə bir qanunauyğunluq müşahidə etmişəm. Onlarla ölkədə avtoritar rejimlər məhz rejim başçılarının özlərini ən güclü zənn etdikləri zamanlarda çöküb. Bu qanunauyğunluq da göstərir ki, Azərbaycandakı rejimin də çox ömrü qalmayıb. Ancaq bu gün üçün ən vacib olan ölüm aclığı edən Niyaməddin Əhmədovu, aclığın 29-cu günündə olan Əlizamin Salayevi və bütün siyasi məhbusları xilas etməkdir. Bu cəmiyyətdə rejimin hələ də susdura bilmədiyi insanlar çoxdur, xeyli çox. Biz hamımız səsimizi ucadan qaldırsaq, bizi eşidəcəklər! Niyaməddin Əhmədova, Əlizamin Salayevə və bütün siyasi məhbuslara azadlıq tələb edirik!