AXCP sədri Əli Kərimli
Niyaməddin Əhmədovu hər an itirə bilərik. Niyaməddin bəy 22 sentyabrdan quru aclıq edibmiş. Onu ətraf aləmdən tam təcrid etmişdilər. Nə ailəsilə, nə vəkili ilə əlaqəsinə imkan verilib. Biz də onun quru aclıq etməsini bilməmişik. Nəhayət, dünən vəkil onunla telefonla danışa bilib. Məlum olub ki, Niyaməddin bəy həm COVİD 19-a yoluxub, həm də bu vəziyyətdə bütün dərmanlardan da, qida və sudan da imtina edib. Yalnız 3 oktyabrda vəkillə danışa biləcəyini bildikdən sonra su qəbul edib. Ancaq aclığı davam etdirir, dərman qəbul etmir.
Qarşılaşdığı dəhşətli haqsızlıq qarşısında Niyaməddin bəy faktiki olaraq intihar yolu tutub. Artıq aşağı ətrafları hərəkət edə bilmir.
Niyaməddin bəyi əsir almış namərdlər, zalımlar isə onu hər gün bir az da ölümə yaxınlaşdırırlar.
Niyaməddin bəydən xahiş edirəm ki, canına qəsd etməsin, dayandırsın ölüm aclığını. Azərbaycan xalqı tükənməyib. Niyaməddin bəyin və digər məhbus dostlarımızın haqqını birlikdə müdafiə edəcəyik. Niyaməddin bəy və digər siyasi məhbus dostlarımız uzun müddət həbsdə qalmayacaq. Vəkili Zübeydə xanımdan xahiş edirəm, mənim müraciətimi elə bu gün Niyaməddin bəyə çatdırsın.
İlham Əliyev isə unutmasın ki, Niyaməddin bəyin həyatına görə şəxsən o məsuliyyət daşıyır. Niyaməddin bəyi azad edin! Xalqımız da rejimin bu günahsız, ləyaqətli gənci məhv etməsinə seyrçi qalmasın. Bu qəddarlığa, bu insafsızlığa hər bir vicdanlı insan etiraz etməlidir!