akarimli-yeni4

Əli Kərimli sui-qəsd xəbərindən danışdı

akarimli-yeni4“Bu cür məkrli planları quranlar unutmasınlar ki, kimin nə vaxt ölməsi barədə qərarı onlar verə bilməz”

“Azərbaycanda bu cinayətləri araşdırmağa borclu olan qurumların özü təhlükə mənbəyidir”

“Mənə sui-qəsd hazırlandığı ilə bağlı məhbəsdən göndərilən məlumatlar o vaxt müşahidə etdiklərimizlə və müxtəlif mənbələrdən bizə çatan məlumatlarla üst-üstə düşür”. Bunu, AXCP sədri Əli Kərimli 7 saylı kalonda cəza çəkən, əlbəyaxa döyüş üzrə üçqat dünya çempionu Bəhlul Muradovun “Millətim” qəzetinə ünvanladığı şok məktuba münasibət bildirərkən deyib. Həmin məktubda B.Muradov Ə.Kərimlini öldürməklə bağlı tapşırıq aldığını, bunu icra etmədiyi üçün də şərlənərək həbsə atıldığının bildirib.   
Ə.Kərimli bildirir ki, hər şey Milli Təhlükəsizlik Hazirliyinin Ruslan Bəşirliyə qarşı qurduğu qurama cinayət işindən başlayıb: “Ruslan Bəşirli həbs olunandan sonra yenə də həmin nazirliyin sifarişi ilə bizim “Xaqani 33″də yerləşən qərargahımıza qarşı ən müxtəlif çevrələrin, o cümlədən bu gəncin də bəhs etdiyi kimi, idmançı gənclərin basqıları, təzyiq xarakterli aksiyaları oldu. O zaman “Xaqani 33″də çox böyük qarşıdurmalar, başqa tipli təzyiqlər olurdu. Söhbət, mənə qarşı başladılmış və təşkilatçıların iradəsindən asılı olmayaraq başa çatdırılmamış bir sui-qəsd cinayətindən gedir. Amma bu ölkədə bunu kim araşdıracaq? Əslində prokurorluq bu məlumata əsaslanaraq dərhal cinayət işi başlatmalı, araşdırma aparmalıdır. Amma bu ölkədə belə cinayətləri araşdırmağa borclu olan qurumların özü təhlükə mənbəyidir”.
Son illər bu cür təhlükələrlə çox rastlaşdığını deyən AXCP sədri bütün bunların onu mübarizədən çəkindirməyəcəyini bildirir: “Müxtəlif vaxtlarda mənə qarşı həm real sui-qəsd, həm uydurma ittihamlarla həbs olunmaq təhlükəsi olub. Mənə, partiyadaşlarıma, yaxın qohumlarıma qarşı müxtəlif repressiyalar həyata keçirilib. Bunların heç biri məni qorxutmur və apardığım mübarizədən çəkindirmir. Bu kimi məkrli planları quranlar unutmasınlar ki, kimin nə vaxt ölməsi barədə qərarı onlar verə bilməz. Bu barədə qərar yalnız bizi yaradana – Allaha aiddir. Ona görə də mən bu məlumatlardan xüsusi narahatçılıq keçirmirəm. Siyasi mübarizəm əvvəlki qaydada davam edəcək”.

Xəyal