Yüzminlərlə manata başa gələn yol ötürücüsündə təhlükəli çatlar yaranıb
Bakının girişində bir neçə il əvvəl inşa olunan yeraltı avtomobil tuneli təhlükəli vəziyyətə düşüb. “Olaylar”ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yeraltı keçiddə bir neçə gün əvvəl iri çatlar əmələ gəlib. Adı çəkilən tunel Bakının girişində, “Şamaxı yolu” adlanan ərazisindən “20 yanvar” metrostansiyasına qədər uzanır. Tuneldə iki yerdən beton dayaqlar və üst örtüyündə əmələ gələn çatlar gün-gündən böyüyür.
100 minlərlə manata başa gələn tunel yararsız və təhlükəli vəziyyətdədir. Artıq sürücülər tuneldən istifadə etməyə ehtiyatlanır. Tunelin dayaq divarlarından ikisi tavandan ayrılmaq üzrədir. Tuneldə bununla bağlı heç bir bərkitmə və digər qabaqlayıcı işlər görülmədiyindən dayaqlardakı çatlar daha da təhlükəli vəziyyətə çatıb. Məlumata görə, tuneldə çökmə başlayıb və bununla bağlı Nəqliyyat Nazirliyi də məlumatlıdır.
Xatırladaq ki, təxminən 1 ay öncə adıçəkilən yol ötürücüsünün üstündə inşa olunan park da sökülməyə başlayıb. Artıq parkdakı oturacaqlar və döşəmə daşlar sökülüb. Məlumata görə, həmin park tuneldəki çatlar əmələ gələndən sonra ləğv edilib. Qeyd edək ki, adıçəkilən yol ötürücüsü 2009-cu ildə istifadəyə verilmişdi. Yol ötürücüsü prezident Ilham Əliyevin sərəncamı ilə paytaxtın girişindəki tıxacların qarşısının alınması məqsədilə inşa olunub. Nəqliyyat Nazirliyinin inşa etdiyi tunel 3 ildən sonra yararsız vəziyyətə düşüb. Onu da xatırladaq ki, adıçəkilən tuneldə bir neçə ay əvvəl də uçma baş versə də, Nəqliyyat Nazirliyi bu faktı ört – basdır edərək guya tunelin tavanındakı lambirin qopduğunu iddia etdi.