21 dekabrla bağlı qeyri-ciddi söhbətlər haqqında nə demək olar? Heç zad. Sadəcə, zaman-zaman təqvimə mütərəqqi hadisələrlə düşmüş, dəyərli insanların təvəllüd günü kimi yazılmış bir günü belə şərləmək adamı üzür.
Ingilis parlamentinin ölüm cəzasını ləğv etdiyi (1964), Mixail Saakaşvilinin anadan olduğu, ilk basketbol matçının keçirildiyi (1891), türkmən xalqının və bütün azadlıqsevər dünyanın Saparmurat Niyazov kimi gicdırnaqdan canını qurtardığı bir günü gəlin bundan artıq şərləməyək.
Günlərin də insan kimi qəlbi var – hansısa əbləhin sözünə görə sındırmayaq onu.
***
Dekabrın 21-də dünyanın dağılacağı ilə bağlı söhbətlər mənə bir az da büdcəmizin dağıdılması hesabına yaşayan rejim mətbuatının hər gün, bəzən gündə bir neçə dəfə Ermənistanın dağıldığı haqqında xəbərlərini xatırladır. Bəli, biz az qala hər gün oxuyuruq ki, namərd qonşularımız acından qırılır, işğalçı ölkə boşalır, orda artıq həyatın sonudur-filan.
Əlbəttə, biz yaxşı bilirik ki, belə xəbərlərin əsl məqsədi nədir. Yaptokratlar xalqın başının altına yastıq qoyurlar ki, bir az da dözün, Ermənistan batır, ermənilərin isə nəsli kəsilir, sonra biz əlimizi-qolumuzu sallayaraq gedib Qarabağda oturacağıq, Irəvanda bayrağımız dalğalanacaq-zad. Guya kişilər, allah qoymasa, öz aləmində “informasiya müharibə”si aparır də. Ağlınızı sevsinlər sizin!
Hə, onu deyirdim axı, YAP mətbuatının yazdığına inansaq, Ermənistanda hər gün “21 dekabr”dır, bunların acından ölən və Ermənistandan gedən ermənilərin sayı haqqında indiyədək yazdıqları rəqəmləri nəzərə alsaq, məlum olar ki, əslində bu günədək bizə səhv məlumat veriblər, dünyanın əhalisinin sayına görə ən böyük ölkəsi nə Çinmiş, nə də Hindistan, elə burnumuzun ucunda, qulağımızın dibindəki Ermənistan imiş. Bəs necə, qırılıb qurtarmır köpəyuşağı!
Dünən də rejim saytları yazırlar ki, bəs Ermənistan hökuməti iddia edir ki, ölkədə ümumi daxili məhsul nə qədərsə artıb, amma xarici sərmayələr də azalıb. YAP mirzələri soruşur ki, bu paradoksdur, absurddur, ola bilməz, Sərksiyanın statistikləri yalan danışırlar, heç bir ÜDM artımından danışmağa dəyməz.
Bir halda ki, YAP “keçəlləri” belə dərman bilir, onu niyə öz başlarına sürtmürlər? Burda həqiqətin üstündən xətt çəkib Ermənistanda nə həqiqət axtaran çıxıb bunlar?
Baxın, təxminən bir ay bundan əvvəl məlum oldu ki, ölkəyə yatırılan xarici sərmayələrdə kəskin azalma müşahidə edilir. Konkret rəqəmlər də göstərildi: 2005-ci ilə qədər xarici investisiyaların ümumi yatırımlarda payı 90-95 faiz təşkil edirdisə, hazırda bu rəqəm 20 faizə qədər düşüb.
Mən iqtisadçı deyiləm, iqtisadi şərh-filan vermək fikrim də yoxdur. Mən Ermənistanda ÜDM-in artması ilə sərmayələrin azalması arasında paralel aparıb Sərkisyan hökumətini yalançı çıxarmağa çalışan YAP mirzələrindən soruşuram: bəs Azərbaycanda xarici sərmayələr azala-azala getdiyi halda biz dünənədək necə dünyanın ən yüksək ümumi daxili məhsuluna malik ölkəsi idik, nə baş-beynimizi xarab edirdiniz ki, dünya bizim iqtisadi inkişafımıza axıb ağzının suyunu axıdır-zad.
Hələ onu demirik ki, bu gün Əliyev hökumətinin rəsmi statistikasında xarici sərmayə kimi sırınan investisiyaların çoxu elə rejim oliqarxlarının öz adları ilə bağlıdır, gedirlər hansısa ofàfşor zonalarda şirkətlər qururlar, sonra o şirkətlər vasitəsilə gəlib öz pullarını Azərbaycana yatırırlar. Adı da olur “xarici investisiya”.
Bax, ölkəni belə fırıldaq yollarla idarə edirlər, sonra da istəyirlər ki, bizi “Ermənistanın dağılacağı” haqqında “xəbərlərlə” yola versinlər. Camaat oturub gözləsin ki, Ermənistan nə vaxt dağılacaq, biz də onda gedib Isa bulağının başında kabab çəkər, Cıdır düzündə yallı gedərik.
***
Qaldı ki 21 dekabrda dünyanın dağılacağı barədə deyilənlərə, əlbəttə, ağlı başında olan hər kəs bilir ki, bunlar boş, mənasız söhbətlərdir.
Odur ki, daha vacib şeylərə görə narahat olun, daha taleyüklü məsələlərlə bağlı qafanızı yorun.
Məsələn, siz gedin onun dərdini çəkin ki, ilin 365 günü niyə sizin büdcənizdə “dünyanın sonu”dur, niyə onu sağa-sola dağıdırlar.

21 dekabr həqiqətləri
•
•