Bəzən də belə olur… Bildiyiniz kimi, dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yaydığı videolarla ölkənin gündəmini dəyişən keçmiş rektor Elşad Abdullayevin ittihamlarına cavab verməli oldu və onunla görüşdüyünü etiraf etdi. Bilirsinizmi niyə? Bəlkə Ramiz Mehdiyev şübhələnir ki, birdən Elşad Abdullayevdə onunla görüş barəsində də video və səs yazıları ola bilər. Odur ki, bəri başdan etiraf etdi. Həmin açıqlamada Prezident Administrasiyasının qocaman rəhbəri Elşad Abdullayevin dediklərini cəfəng, böhtan, uydurma adlandırsa da, əslində, görüşün olduğunu etiraf etməklə rəqibin dediklərinə inamı bir az da artırdı. Üstəlik, açıqlamasında özünə inam yaradan bircə element, bircə fikir, bircə məntiq də ortaya qoya bilmədi…
Bu qədər zəif və çaşqın, bu qədər əks-effekt verən açıqlamanı kimsə gözləməzdi. Həmin kiçik açıqlama təkcə bir etirafla yadda qalmır. Burada Ramiz müəllim Azərbaycan hakimiyyətini və özünü ifşa edən çox ciddi məqamlar, kəlmələr səsləndirib. O açıqlamadan ölkənin necə mənfur şəkildə idarə edildiyi aydın şəkildə görünür, etiraf edilir…
Buyurun bu kəlmələri oxuyun: “Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub”.
Bəlli olur ki:
1) Bu ölkədə məmurun qəbuluna yalvar-yaxarla, həm də nüfuzlu şəxsin xahişi ilə düşmək olur.
2) Qəbul zamanı insanı ayaq üstə saxlayır, oturmağa imkan vermirlər.
3) Qapının ağzında saxlayırlar.
4) Məmur vətəndaş haqqında deyir: “o kimdir ki…”.
5) Məmurun qapısına yalvar-yaxarla xahişə gəlirlər.
Bu cür ovqat və tərzi ilə Ramiz Mehdiyev ölkənin və xalqın onların əlində oyuncaq olduğunu etiraf edir. Həmkarım Natiq Güləhmədoğlu öz bloqunda artıq yazıb, bu açıqlamanı oxuyanda Kafkanın məşhur və öldürücü “Qəsr” əsəri yada düşür. Həmin əsərdə qəsrə düşmək mümkün olmur, elə Ramiz Mehdiyev də göstərir ki, onun qəsrinə də düşmək mümkün deyil. Yüksək nüfuzlu şəxsin xahişi ilə tanınmış bir insan qəbula düşürsə də, onu qapının ağzında oturmağa imkan vermədən dinləyirlərsə, görün sıravi vətəndaşlar dövlət qapılarında nə zülmlər çəkir. Nə hikmətdirsə, eyni yazıçının “Qanun qapılarında” adlı əsəri də var. Bir daha əmin olun ki, Kafkanın qaramat adlandırdığınız ədəbi dünyası əslində gerçəkliyin ifadəsinə aid qeyri-adi ixtiralardır…
Qaramat isə Kafkanın əsərləri yox, bizim ölkənin indiki halıdır. O boyda administrasiyanın rəhbəri etiraf edir ki, ölkə vətəndaşını bir heç sayır, onu qapının ağzında ayaq üstə qəbul edir və s.
Etiraf edir ki, insanlar yalvar-yaxarla onun qapısına xahişə gəlirlər. Təntənəyə, ağalığa, özbaşınalığa baxın…
Amma, gördüyünüz kimi, bu təntənə azacıq çətinə düşəndə təntiyir, onu təmsil edənlər isə nə danışdığını bilmir. Hamısı da belədir. Kənardan güclü, möhtəşəm, ağıllı görünürlər. Reallıqda isə belə deyillər. Bu adamların əvəzində həmişə polis dəyənəyi, zor aparatı danışıb. Məntiq, nitq, intellekt, çeviklik bunların adına uydurulmuş keyfiyyətlərdir.
Polis etiraz aksiyasını dağıdır, bundan sonra Siyavuş Novruzov aslana dönür. Müdrik Solon kimi danışır. Hələ bir nazirin və ya yüksək vəzifəli məmurun 5 dəqiqə normal və səviyyəli danışdığını eşitməmişik. Onların hamısının əvəzindən zor və qorxu aparatı, simvolik desək, polis dəyənəyi danışıb…
Polis dəyənəyi isə bəzən gücsüz olur. Məsələn, bir video yayırlar, polis özü də sakit-sakit baxmalı olur. Dillər topuq vurur…

Onun qapısına yalvar-yaxarla xahişə gəlirlər…
•