“Azərbaycanda xalq azad seçkilərə hazırdır, hakimiyyət yox”

Amerikalı ekspert Azərbaycan müxalifətinə güvənir

“Anlamalıdırlar ki, İlham Əliyev əbədi prezident ola bilməz”

ABŞ-ın Kolumbiya Universitetindən seçki eksperti Fredrik Syoberq “Amerikanın səsi” radiosuna Azərbaycanda demokratik səsvermə perspektivlərini şərh edib. Politoloq bildirib ki, Azərbaycan xalqı azad və demokratik seçkilərə hazırdır, amma hökumət seçkilərə nəzarəti əldən vermək istəmir.
Post-Sovet məkanı, o cümlədən Azərbaycanda keçirilən seçkiləri Qərbdəki seçkilərdən fərqləndirən başlıca xüsusiyyət barədə suala Syoberq belə cavab verib ki, əsas fərq seçkilərin rəqabətli olmamasıdır.  Bu məkanda elektorat üçün elə də çox seçim yoxdur. Amma keçmiş Sovet respublikaları arasında da fərqlər var.  “Məsələn, bir tərəfdə Gürcüstan, Qırğızıstan və Ukrayna var.  O biri tərəfdə isə Qazaxıstan, Azərbaycan, Rusiya.  Azərbaycan kimi ölkələrdə biz həmişə kimin udacağını bilirik.  Bunlar nəzarət olunan seçkilərdir.  Səsverməyə rəsmilərin nəzarət etməsi o deməldir ki, bu seçkilər demokratik deyil”, – deyə politoloq qeyd edib.
Syoberq Azərbaycanda seçkilərin qabaqcadan müəyyən edildiyi bəlli olduğu halda hər seçkidən sonra beynəlxalq hesabatlarda “irəli doğru addım” kimi qeydin nədən yer aldığına da şərh verib. Politolq deyib ki, seçkilər həm də texniki məsələdir.  Burada söhbət seçici qeydiyyatından, siyahıdan, seçki günü əməliyyatlarından, bülletenlərin sayılmasından və s. gedir. Bu sahələrdə Azərbaycan kimi ölkələr müəyyən təkmilləşmə əldə ediblər.  Bu baxımdan hesabatlarda o cür qeydin yer almasını normal saymaq olar. Lakin bunu demokratiya ilə qarışdırmaq olmaz. Syoberq vurğulayıb ki, seçki keçirmək üçün texniki elementlərin təmin edilməsindən daha mühümü mahiyyət məsələsidir. Bu isə seçki mühitindən ibarətdir.  Məsələn, insan haqları, toplaşma azadlığı, namizədlərin qeydiyyata alınması, media azadlığı və s.  Bütün bunlar seçkiləri demokratik və mənalı edir.
Amerikalı politoloq Azərbaycan hakimiyyətinin də tez-tez istifadə etdiyi “xalq demokratiyaya hazır deyil” tezisini də alt-üst edib. “Hesab etmirəm ki, demokratik seçki üçün demokratiya mədəniyyəti tələb olunur.  Düşünmürəm ki, Tunisdə bir elə demokratik mədəniyyət var idi. Amma orada çox rəqabətli, nəticələri qabaqcadan bilinməyən seçkilər keçirildi.  Onlar indi keçid dövrünü yaşayırlar.  Bu cür seçki keçirmək üçün demokratiya mədəniyyətinə sahib olmaq şərt deyil.  Azad və ədalətli seçkilər istənilən məqamda keçirilə bilər.  Azərbaycanda isə insanlar azad və ədalətli seçkiyə hazırdılrar.  Mədəni komponent oradadır.  Problem ondadır ki, rəsmilər əsas funksiyalarını seçkilərə nəzarət etmək və seçimi məhdudlaşdırmaq kimi görürlər. Bu da seçkini şouya çevrir”, – deyə o bildirib.
Syoberq Gürcüstandakı son seçkilərin Azərbaycan üçün müsbət gələcəyə ümid verib-vermədiyinə dair sulı da cavablandırıb. O, bildirib ki, Gürcüstandakı keçid həqiqətən də misilsiz və rəvan prosesdir:  “Gürcüstanda siyasi keçidin normal həyata keçməsi təsdiq edir ki, institutların idarəçilikdə rolu mühümdür.  Belə ölkələrdə sabitlik hökm sürür, yaxşı investisiya və iqtisadi inkişaf olur”.
Azərbaycana gəlincə, Amerikalı ekspert burada fərqli mənzərə gördüyünü deyib. “Ümid etmək istərdim ki, Azərbaycan rəsmiləri anlayacaqlar ki, İlham Əliyev əbədi prezident ola bilməz.  Onlar Gürcüstanda olduğu kimi, oxşar ölçülər götürməlidirlər ki, idarəçilik yalnız bir adamın ətrafında cərəyan etməsin.  Mən Azərbaycanda belə bir şey müşahidə etmirəm. Onlar Gürcüstandakı ssenaridən vahiməyə düşə bilərlər, müxalifəti bir qədər də əzərlər… Ümid edirəm ki, Azərbaycandakı demokratik qüvvələr məni yanlış çıxaracaqlar”, – deyə Syoberq bildirib.