“Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddətinin daha 3 ay uzadılmasından apellyasiya şikayəti verilib.
Dekabrın 7-də “Media forum” saytına danışan vəkil Fəxrəddin Mehdiyev bildirib ki, apellyasiya şikayətində Elnur Seyidovun hərəkətlərində cinayət tərkibi olmadığını sübut edən bir neçə dəlil var: “Biz bu dəlilləri istintaqın əvvəlindən irəli sürürük və bu gün də eyni mövqedə qalırıq. Birincisi, istintaq indiyə qədər maddi ziyan vurulması faktı aşkar etməyib. Əksinə, Beynəlxalq Audit Mərkəzinin istintaqın müraciətinə əsasən keçirdiyi yoxlamanın nəticəsi Elnur Seyidovun müavini olduğu “Texnikabank”ın Yasamal filialının həm 2011-ci il, həm də 2012-ci ilin martınadək gəlir və mənfəətlə işlədiyini, banka ziyan dəymədiyini sübut edir. Eyni zamanda Elnur Seyidovun banka və konkret şəxslərə hansısa maddi ziyan vurmadığı da aşkar olunub. Maddi ziyanın aşkar edilməməsi şəxsin əməlində cinayət tərkibi olmadığını təsdiqləyir”.
Vəkil digər dəlil kimi Elnur Seyidovun 2007-ci ildən dağınıq skleroz xəstəliyindən əziyyət çəkməsi haqqında tibbi sənədlərin təqdim edildiyini bildirib: “Çox təəssüf ki, istintaq öz resurslarından istifadə edərək şəxsin dağınıq skleroz deyil, nevroloji xəstəlikdən əziyyət çəkdiyi haqda rəy alıb. Ekspertiza da Elnur Seyidovun xronoloji nevroloji xəstəlikdən əziyyət çəkdiyini, müalicəyə ehtiyacı olduğunu təsdiqləyib. Dağınız skleroz xəstəliyindən əziyyət çəkən şəxsi həbsdə saxlamaq yolverilməzdir, qanunvericilik bunu qadağan edir. Hətta biz onu müalicə üçün tibb müəssisəsinə köçürməyə nail ola bilmirik. Vəsatətlər hamısı rədd edilir. Sentyabrın 19-da istintaq özü müayinə barədə vəsatəti təmin etsə də, indiyə qədər qərar icra olunmur”.
Fəxrəddin Mehdiyev istintaq zamanı qanunvericiliyin başqa tələblərinin də pozulduğunu iddia edir: “Elnur Seyidov ittiham olunduğu cinayət işinə görə 9 aydan artıq həbsdə saxlana bilməz. Qanunverilicik müstəsna hallarda 9 aydan əlavə 3 ay uzadılmaya imkan verir. Belə bir müstəsna hal isə yoxdur. İstintaq arqument gətirir ki, “Texnikabank”ın digər filiallarında təyin olunan ekspertizanın rəyini gözləmək lazımdır. Elnur Seyidovun isə “Texnikabank”ın rəhbərliyinə və 36 filiala aidiyyəti yoxdur. Əfsuslar ki, istintaq qərəzli mövqe nümayiş etdirir”.