ali kerimli3

MTN Əli Kərimlini öldürmək istəyib

ali kerimli3Hadisənin təfərrüatları; həbsxanadakı keçmiş döyüşçüdən şok etiraflar

“50 min dollar, maşın və nə istəsən veriləcək. Həm də “bacıoğlu”gil yeni xüsusi bölük yaradırlar, səni ora komandir təyin etdirəcək”

7 saylı ciddi rejimli kalonda cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov “Millətim” qəzetinin baş redaktoruna şok məktub ünvanlayıb. Tam mətni adıçəkilən qəzetdə dərc edilən məktubu ixtisarla təqdim edirik:

MTN-nin “Bacıoğlu”su

“Bu məktubu yazmaqda mənim məqsədim günahkar, dələduz, dövlətə və dövlətçiliyə xəyanət etmiş şəxsin əməllərindən hər kəsi agah etməkdir. Bu şəxs Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovdur. Bu şəxslə mənim tanışlığım 2006-cı ildən başlayıb. O vaxtlar birliyi yeni yaratmışdı. Məni ona Firudin Cəlilov (sabiq təhsil naziri) məsləhət görümüşdü və məni Birliyə Gənclər Təşkilatına sədr, Idarə Heyətinə üzv seçdilər. Mənim ətrafımda idmanda layiqli sözlərini demiş idmançılar, vətən torpağı deyəndə, canlarından keçməyə hazır olan gənclər vardı. Təhmasib bunları görür və mənə hər dəfə “bunlar böyük gücdür” deyirdi. Mən elə bilirdim ki, o, mənim xatirimi çox istəyir, ona görə belə deyir.
O vaxtlar Ruslan Bəşirlinin məhkəməsi gedirdi. Mənə piket keçirməyi təklif etdi. Mən də piketi təşkil etdim, ancaq piketi polis dağıtdı və iki idmançımı saxlayıb, bir neçə saatdan sonra buraxdılar. Təhmasib axşam mənə zəng edib dedi ki, danışmışam piketi cəbhənin qarşısında keçirmək lazımdır. Dünən bizi səhv salıblar. Mən yenə uşaqlara dedim və 100, 150 gənclə piketi cəbhənin qarşısında keçirdik. Bunu təşkil etməyimin səbəbi, Təhmasibə olan inamım və ehtiramım idi…

…Azadlıq Hərəkatçıları Birliyinin idarə heyətinin üzvü Şəmsiyyə Bəylərqızı Təhmasibə zəng edib, keçmiş ərinin ona hədə-qorxu gəldiyini bildirmişdi. O, Şəmsiyyəni mühafizə etməyi mənə tapşırdı. Fəhminin adamlarıyla mübahisəmiz düşdü, onları bərk döydük. Hadisə Sumqayıtda baş verdiyindən, bizi 3 saylı polis bölməsinə apardılar. Mən, Təhmasibə zəng edib, bildirdim ki, məni və ətrafımdakı uşaqları saxlayıblar. Təhmasib cavab verdi ki, kiminlə əlaqə saxladığımı polis rəisinə bildirməyim. Təxminən 5-6 dəqiqə sonra rəisə zəng gəldi və o, qorxudan elə ayağa qalxdı ki, elə bil hardasa yanğın baş vermişdi. “Bəli, baş üstə, buradadırlar, indi yola salıram”dan başqa heç nə eşitmədim. Mən, belə epizodlarla yalnız kinofilmlərdə rastlaşmışdım. Sonradan Təhmasibdən soruşdum ki, polis rəisinə kim zəng etmişdi? O, bunu dövlət tərəfindən bizi müdafiə edən şəxsin etdiyini və onun ləqəbinin “Bacıoğlu” olduğunu bildirdi. Dedi ki, öz adı Ilqardı, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavinidir. “Bacıoğlu” deyirəm ki, şübhələnməsinlər”. Təhmasib sonra mənə gülə-gülə dedi ki, sən indi “Qurdlar Vadisi”ndəki kimisən. Şəmsiyyə də bizə minnətdarlıq etdi və onun anası məni bağrına basıb “Ay oğul, sən, mənim qızıma arxa çıxdın” dedi.
Mən, Təhmasibə çox inanırdım, etibar edirdim. Sən demə işi mənə gördürür, hörməti, maddiyatı özü alırmış”.

AXCP-nin qərargahını ələ keçirmək planı

Bəhlul Muradov daha sonra yazır ki, Təhmasib Novruzovun planı ilə 2006-cı ildə AXCP-nin “Azadlıq” qəzetinin ofisində yerləşən müvəqqəti qərargahını ələ keçirib, adını açıqlamaq istəmədiyi dostlarından birini bu partiyanın sədri etməliymişlər. Bir müddət isə onun mühafizəsini təşkil etmək Bəhlula həvalə edilib, lakin həmin plan baş tutmayıb. Sonradan Təhmasib Novruzov Bəhlul Muradova “Planın baş tutmaması “Bacıoğlu”nu bərk əsəbləşdirib və daha mənə inanmır” deyibmiş.

Bahəddin Həziyev MTN-in sifarişilə döyülüb  

Bəhlul Muradov ondan dostyana soruşub ki, nə etsələr “Bacıoğlu”, yəni, MTN-nin Antiterror Mərkəzinin rəis müavini Ilqar Əliyev inanar? Təhmasib Novruzovun cavabı Bəhlul Muradovu heyrətləndirib. Təhmasib Novruzov Bəhlul Muradova deyib: “Həmin sifarişi yerinə yetirsən sənə 50 min dollar, maşın və nə istəsən veriləcək. Həm də səni “Bacıoğlu”gilin yaratdığı yeni xüsusi bölüyə komandir təyin etdirəcəyəm”. Bəhlul Muradov davam edir: “Mən ona sual etdikdə ki, bunu nədən edirsən? O, cavab verdi ki, sən bunu etsən, etdirə bilsən, dövlət xaosa düşəcək, mən öz tapşırığımı yerinə yetirmiş olacağam. Deputat olacağam. Indiyə qədər məsləhət görmürdülər, maddi imkanım düzələcək, bu da bir biznes kimidir.
Mənə edilən təklif Əli Kərimovu fiziki məhv etmək tapşırığı olmuşdu, Təhmasib tərəfindən. Mən Vətən, dövlət üçün canımı vermiş bir döyüşçüyəm. Belə şeyləri etmək əqidəmdə yoxdur, ona görə də bundan boyun qaçırdım. Təhmasibin zənglərinə çıxmır, görüşünə gəlmirdim. Oğlu Etibar ilə də dostluq edirdim. Indi ondan da qaçır. O vaxtlar oğlunu universitetə əlavə testdən keçirmək üçün, mənə 5000 dollar vermişdi. Iş düzəlmədi və mən həmin pulları 2 dəfəyə qaytardım, lakin o, məndən əl çəkməyərək, korrupsiya idarəsinə şikayət etdi. Mənə 8 illik məhbus həyatı yaşatmağa nail oldu. Mən istintaq təcridxanasında olduqda, səsim heç yana çatmadığından, məni müdafiə edən 3 jurnalisti məhkəməyə çəkdi. Təəssüf ki, həmin jurnalistləri də “Bacıoğlu”nun köməyilə cəzalandıra bildi, lakin bu şəxsin etdiyi cinayətlər bununla bitmir. Belə ki, Təhmasib hər dəfə mənə deyirdi ki, sabitlik, sakitlik bizim işə zərbə vurur. “Bacıoğlu” belə deyir. Iqtidarla müxalifət arasında konflikt olmalıdı, olmasa bunu məsləhətlə yaratmaq lazımdır. Bu sabitliyin pozulmasının biri də, Bahəddin Həziyevin – “Bizim yol” qəzetinin baş redaktorunun döyülməsi oldu. Təhmasib “Bacıoğlu” ilə danışıb dedi ki, Bahəddin mənim haqqımda əyər-əskiklik danışıb”.

Təhmasib Novruzov öz-özünə sui-qəsd təşkil edib

Bəhlul Muradov həm də Təhmasibin şantajlarından söhbət açıb: “Təhmasibin oğlunun maşını vurması həm gülməli, həm də qorxulu idi. Oğlu Etibar Qaz 31-02 markalı maşını evin qabağından icazəsiz götürüb qaçırmış, qəza törətmişdi. Təhmasib Novruzov Xətai rayon Polis Idarəsini ayağa qaldırmışdı ki, guya ona sui-qəsd təşkil olunub. Mən elə bilirdim ki, doğrudan belə olub, sonra fikir verib gördüm ki, adi yol qəzasıdı. Evinin yanında pnevmatik tapançayla maşının yan şüşəsinə atəş açılmışdı. Qəzetlər, hətta “Lider” telekanalında bunu işıqlandırdılar. Əslində özü təşkil etmişdi. “Sakitçilikdi, gündəmi qarışdırmaq lazımmış”.
Aramız yaxşı olanda, o deyirdi ki, guya “Bacıoğlu” hər ay ona 6 min dollar pul verir. Məndə elə bilirdim ki, doğrudan da, Təhmasibin bacısıoğlu ona pul verir. Mənə “Bacıoğlu”nun kimliyini bildirəndə ona bu qədər pulun nə üçün verildiyini anladım. Mənim başıma gətirilən müsibətləri açıqlayan, əsl həqiqətləri yazan jurnalistləri müxtəlif cəzalara layiq gördülər. Bunu da “Bacıoğlu”nun “köməyi” ilə ediblər. Sonradan mənə məlum oldu ki, Təhmasib müxtəlif qadınları öyrədib həmin jurnalistlərə zəng etdirib, hədə-qorxu gəlirmiş ki, biz Bəhlulun qohumlarıyıq. Təhmasibdən yazmayın, yoxsa, sizdən şikayət edəcəyik”.
“Millətim” qəzeti yazır ki, məktub Bəhlul Muradovun öz dəsti-xəttilə yazılıb və doğmaları tərəfindən redaksiyaya təqdim edilib.