Azərbaycanı “Trol dövlətinə” belə çevirdilər

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadələrində maraqlı, hətta heyrətamiz məqamlar var. Birinci maraqlı məqam odur ki, yüksək dövlət vəzifəsində işləyən məmur öz mülkin tabeçiliyində olan dövlət orqanına icarəyə verib və şişirdilmiş qiymətlərlə oradan böyük həcmdə “kirayə” haqqı alıb.

Vüqar Səfərli deyir ki, Fondun ofisi məsələsi ilə bağlı 2011-ci ildə prezidentin köməkçisi Əli Həsənovla məsləhətləşib, çünki Fonda kuratorluq edən o idi. “Əli Həsənovun xidməti otağında onunla bu barədə danışanda özünə məxsus, Yasamal rayonu, Mətbuat prospekti-23L ünvanında yerləşən binanı təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayım” ASC-nin balansında olub. “Azərmətbuatyayım” ASC-nin təsisçisi isə “Kaspi Az” MMC-di. Onun da təsisçisi, yəni, sahibi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır”. Bu “müzakirədən” sonra Səfərli Əli Həsənovun vəzifəsindən istifadə edərək ailəsinin adına keçirdiyi (bina əvəl “Azərmətbuatyayım” ASC-nin məxsus olub) mülkün üçüncü mərtəbəsində 371 kvadratmetrlik ofisi icarəyə götürüb. Və 10 il ərzində icarə haqqı ödəyib.

Məsəlinin ikinci tərəfi isə daha maraqlıdır. Səfərli deyir ki, 2019-cu ildə icarə müqaviləsinə dəyişiklik edilib. Əvvəllər Bilik Fondu da həmin binada yerləşirdi. 2019-cu ildə bu qurumun yerləşdiyi, ikinci mərtəbədə 421 kvadrat metrlik ofis boşalıb. Fond həmin yeri də icarəyə götürüb və bu dəfə müqavilə Şamxal Həsənovla bağlanıb. 2019-cu ildə sözügedən binanın mülkiyyətçi artıq o idi.

Amma bu 421 kv.m əlavə sahə hansı məqsədlərlə istifadə edilib? Bunu Vüqar Səfərli belə izah edir. 421 kvadratmetrlik yerin icarəyə götürülməsini ona Əli Həsənov demişdi: “Hətta məsələdən Ramiz Mehdiyevin də məlumatlı olduğunu bildirmişdi. Mənə tapşırmışdı ki, Ramiz Mehdiyevin adına bu barədə məktub yazım. Əli Həsənov demişdi ki, yeni icarəyə götürülən yerdə internet bloqerləri oturub, fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer oradakı otaqlarda oturub, qeyri-rəsmi formada fəaliyyət göstərirdi”.

Azadlıq Radiosunun araşdırmalarından aydın olur ki, Səfərlinin ifadəsində bəhs olunan bloqerlər müxtəlif saytların əməkdaşları olub. Onların işi, əsasən, sosial şəbəkələrdə hökumətin, ayrı-ayrı dövlət orqanlarının fəaliyyətinin tənqid olunduğu paylaşımlara rəy yazmaqdan ibarət olub. Onlar səhər saat 9-da işə gəlir, axşam saat 18.00-a qədər fəaliyyət göstərirdilər.

Orada fəaliyyət göstərmiş şəxslərdən biri belə deyir: “Xüsusən Facebook-a daha çox diqqət yetirirdik. Hər birimiz çoxlu sayda saxta profillər yaratmışdıq və onların vasitəsilə şərhlər yazırdıq. Şərhlər də öncədən razılaşdırılmış olurdu. Əksər hallarda səhərlər bizə yazılı şəkildə göndərilirdi. Ona görə də çox vaxt tamamilə eyni olan cümlələr müxtəlif profillərin adından rəylərdə yazılırdı”.

Onun sözlərinə görə, hamı bu işlə məşğul deyildi. Bəziləri də tapşırılan konkret mövzu üzrə material hazırlayırdı: “Prezident Administrasiyası müəyyənləşdirirdi ki, bu günün mövzusu nədir. Səhər tapşırıq verilirdi, bir neçə nəfər də o mövzuda material hazırlayırdı. Həmin material müxtəlif hökumətyönlü saytlarda, telekanallarda yayılırdı”.

Deməli uşaq pulu deyəndə canları çıxır, amma dövlət vəsaiti hesabına “trol fabrikası” işlədiblər. Əlbəttə də ki, bu yeganə trol fabrikası deyildi, belə trolxanaları çox açmışdılar. Şübhəsiz ki, İlham Əliyevin tapşırığı ilə. Nə Vüqar Səfərli, nə Əli Həsənov, nə də Ramiz Mehdiyev İlham Əliyevin təlimatı və xeyir-duası olmadan belə böyük trol şəbəkəsi yarada bilməzdilər. Bunlar Azərbaycanı xalqdan uzaqlaşdırıb “Trol dövlətinə” çevirdilər. Həm də bunun hesabına “alın təri” ilə ailə biznesini genişləndirdilər.

P.S. Vüqar Səfərli 1993-cü ilin fevral ayından 2021-ci ilin fevral ayına qədər Yeni Azərbaycan Partiyasının üzvü olub və YAP-ın Nərimanov rayon təşkilatı sədrinin müavini vəzifəsini tutub.