AXCP sədri Əli Kərimli
Azərbaycan hakimiyyəti Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “əcəb edib Ermənistanı silahlandırırıq” məzmunlu bəyanatını bir təhər həzm etməkdə idi ki, Rusiyadan növbəti ultimatum gəldi. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin 1-ci müavini Zatulin Qarabağdakı separatçıları qondarma müstəqillik günləri münasibətilə təbrik edib. Təbrikində də deyib: “Rusiya imkan verməz ki, erməni xalqı öz tarixi torpağında cəzasız bir şəkildə aşağılansın.”
Diqqətlə oxudunuz? Deyir, Rusiya imkan verməz.
Rusiya təmsilçiləri nəyə görə son vaxtlar bizimlə belə ötkəm, ultimativ, aşağılayıcı tonda danışırlar? Çünki ordumuzun Qarabağda cəmisi bir neçə günlük təmizlik işi qalan vaxtda “hər şeyi bilən” İlham Əliyev əməliyyatları dayandırdı. Rusiya ordusunu qaytardı Azərbaycana. Biz deyəndə ki, bu ordu hələ heç bir ölkəyə sülh aparmayıb, “sülhməramlı” adı ilə daxil olduğu heç bir ölkədən çıxmayıb, bizi düşmən elan etdilər. Xalqı məcbur etdilər ki, Rusiya bayraqları ilə küçələrə tökülüb şadyanalıq etsin. Budur həmin siyasətin ağır nəticəsi. Rusiya artıq “sülhməramlı” adı altında Qarabağda öz hərbi bazasını qurub. İlham Əliyevin köməkliyi ilə Ermənistanda hərbi baxımdan daha da güclənib, Zəngəzurda yeni hərbi hissə yerləşdirib. Regionda tam gücləndikdən sonra da istədiklərini Azərbaycana diqtə edir…
İndi zəhmət çəkin Zaxarovaya, Yevseyevə, Zatulinə haqq etdikləri cavabları verin. Ən vacibi, Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, səlahiyyətindən kənar işlərlə məşğul olan, Qarabağda öz himayələrində saxta, qondarma erməni dövləti qurmağa çalışan Rusiya “sülhməramlılarını” Qarabağdan çıxarmaq üçün proses başladın.