AXCP sədri Əkrəm Əylislini təbrik etdi

AXCP sədri Əli Kərimli xalq yazıçısı Əkrəm Əylislini 75 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Görkəmli yazıçı, uzun illər Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan, son illər prinsipial mövqeyi ilə cəmiyyətdə nüfuz qazanan Ziyalılar Forumunun  fəal üzvü, tanınmış aydınımız Əkrəm Əylislinin 75 illik yubileyidir. Yarım əsrdən çoxdur öz fitri istedadı və məzmunlu əsərləri ilə oxucularını sevindirən Əkrəm bəy yazılarındakı axıcı, rəvan dili ilə, cəmiyyətdə hökm sürən eybəcərlikləri tənqid etməklə müstəqil fikirli bir yazıçı kimi hələ sovet dövründən xalqımızın rəğbətini qazanmışdır. Onlarla povest, hekayə, pyes və romanları xarici dillərə tərcümə olunub, dünya xalqlarının ədəbiyyat nümunələrinin dilimizə gözəl çevirmələri ilə tanınan Ə.Əylislinin əsərlərinə öz  ssenariləri əsasında maraqlı filmlər çəkilmiş, müxtəlif teatr səhnələrində tamaşalar qoyulmuşdur.
Son illər mövcud antidemokratik rejimin haqsızlıqlarına qarşı öz səsini ucaldan Ziyalılar Forumunda fəaliyyəti, ölkədə baş verən korrupsiya, özbaşınalıq, vətəndaşların hüquqlarının pozulması hallarını ifşa edən müsahibələri ilə əsl ziyalı, vətəndaş mövqeyi nümayiş etdirməklə Əkrəm bəy Azərbaycanda demokratiya uğrunda mübarizə tarixinə öz töhfəsini verməkdədir.
Hörmətli Əkrəm bəy, sizi 75 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları, azad və demokratik  Azərbaycan amalınızın gerçəlkəşməsini arzulayıram.