“Onun rəhbərlik etdiyi nazirlik şəxsi yarı-hərbi idarə kimi fəaliyyət göstərir”
“Fövqəlnazir” haqqında ABŞ-ın
daha bir məxfi dosyesi açıqlandı
Böyük Britaniyanın “The Telegraph” qəzeti “Wikileaks” saytının Azərbaycanla bağlı yeni sənədlər açıqladığını yazıb. “Villiam, Henri və Azərbaycanın Abramoviçi” adlı yazıda ABŞ rəsmilərinin sənədlərinə istinadla deyilir ki, şahzadə Villiam və Henri zəngin ailədən olan azərbaycanlı milyarder gənclə dostdurlar.
Məlumatda deyilir ki, şahzadələr 25 yaşlı Taleh Heydərova 2009-cu ildə Qlouçesterdə Beaufort Polo Klubunda təşkil olunan qlamur xeyriyyə matçında təqdim olunub. Orada onlar Şahzadə Xeyriyyə Fondu üçün pul toplanılması məqsədilə Azərbaycanda matç keçirilməsini müzakirə ediblər. ”London İqtisadiyyat Məktəbinin sabiq tələbəsi cənab Heydərov sahibi olduğu yerli futbol komandasına milyonlarla funt sterlinq yatırandan sonra “Azərbaycanın Abromoviçi” adını qazanıb. Bu yatırımlara ildə bir milyon dollar müqabilində İngiltərə yığmasının sabiq kapitanı Toni Adamsın da komandaya cəlb olunması daxildir”, – deyə “The Telegraph” qeyd edir. Qəzetin yazdığına görə, “Wikileaks” məxfi diplomatik sənədlərdən ələ keçirdiyi məlumatlardan aşkar edib ki, ABŞ nümayəndələri Taleh Heydərovun yüksək ranqlı hökumət naziri olan atasının neftlə zəngin post-Sovet respublikasında belə yüksək məbləğdə pul toplamasından ciddi narahatdırlar. “Kəmaləddin Heydərov hazırda fövqəladə hallar naziridir. Bu nazirlik o qədər geniş sahəni əhatə edir ki, o, daha çox “hər şey nazirliyi” adı ilə tanınır. O, daha əvvəl Gömrük Komitəsinin sədri olub. Amerikalılar bu sahəni Azərbaycanda ən çox korrupsiyalaşmış sahələrdən biri kimi təsvir edir”, – deyə qəzet yazır.
Məlumata görə, 2010-cu ilin fevralında Bakıdakı ABŞ səfiri Kəmaləddin Heydərovun gücünün artması barədə 2500 sözdən ibarət səmimi məktub yazıb. Məktubda deyilir: “Dövlət Gömrük Komitəsində rəhbərlik vəzifəsi ona var-dövlətinin böyük hissəsini qazanmağa imkan verib. Burada o, toplanmış pullar piramidasının başında dayanan bir şəxs olub”.Qəzet bildirir ki, səfir sözünə davam edərək, Fövqəladə Hallar Nazirliyinin xidmətlərindən danışır: “Nazirlik şəxsi yarı-hərbi idarə kimi fəaliyyət göstərir. O, habelə Bakı elitasının və xüsusilə də Heydərov ailəsinin “nəğd pul mənbəyi” hesab olunur”. Məktubda həmçinin deyilir ki, ölkənin neft ehtiyatlarının zənginliyinə baxmayaraq, 9 milyon əhalisi olan ölkədə əhalinin 10 faizindən çoxu yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır.
Qəzet ABŞ diplomatının məktubuna istinadən yazır: «Kəmaləddin Heydərov və onun ailəsi Ağ balıq kürüsündən tutmuş inşaata kimi nəhəng biznes imperiyası qurub. Azərbaycanda iqtisadiyyat geniş inhisar altındadır və müşahidəçilər deyir ki, Heydərovlar bu rəqabətin olmadığı dağın zirvəsində dayanır»,
“The Telegraph” qeyd edir ki, sənəddə Londonun St. Ceyms Meydanında yaşayan Taleh Heydərovun yanlış işlər görməsi barədə heç nə yazılmır.
“Həm Kəmaləddin Heydərov, həm də Taleh Heydərov deyilənləri təkzib edib”, – deyə qəzet məqaləni sona çatdırır.
Xatırladaq ki, bu, “Wikileaks”in Kəmaləddin Heydərovla bağlı ilk materialı deyil. “Wikileaks” bir müddət əvvəl də Heydərov imperiyası haqqında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lunun Vaşinqtona göndərdiyi geniş dosyeni açıqlamışdı.