Əsəd kimyəvi silahdan istifadə etməyə hazırdır

ABŞ kəşfiyyatı Suriya lideri Bəşər Əsədin kimyəvi silahın tətbiqinə müraciət edə biləcəyi ilə bağlı şübhələri təsdiqləyib. Bu barədə məlumatı tanınmış NBS kanalı yayıb. Belə ki, Amerika kəşfiyyatında Əsəd rejiminin əsəb sistemini iflic edən zarin qazını artıq istifadə üçün tam hazırladığı barədə tutarlı sübutlar var. Amma zəhərli qazın tətbiqi ilə bağlı hələ son qərar olmadığından onu hərbi təyyarələrə yükləməyiblər. 

Bu isə onu göstərir ki, Suriya hökumətinin kütləvi qırğın silahını işə salmayacağı ilə bağlı vədlərinə baxmayaraq, silahın tətbiqi üçün hər şeyin hazır olduğu ortadadır. Hərbiçilər sadəcə olaraq Əsədin əmrini gözləyirlər. Bu arada ABŞ hökuməti Suriya hökumətinin öz xalqına qarşı kimyəvi silahdan istifadə edəcəyi təqdirdə proseslərə müdaxilə edəcəyini bəyan edib.
Kəşfiyyata o da məlum olub ki, Əsəd rejiminin əlində zarindən başqa, tabun və ipr kimi zəhərli madəli silahlar da var.
Bu arada Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında davam edən döyüşlər intensiv xarakter alıb. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün şəhərin cənub rayonlarında irimiyaslı döyüş əməliyyatları keçirilib. Fəallar döyüşlərin, əsasən, Cərəmənə şəhərində getdiyi xəbər veriblər. Döyüşlər zamanı azı 20 nəfərin öldürüldüyü bildirlir.
Məlumata görə, öldürülənlər arasında dinc sakinlər də var. Suriya hərbi təyyarələrinin üsyançıların gizləndiyi bölgələrə raket zərbələri endirməsi nəticəsində onlarla yaşayış məntəqəsi dağıdılıb. Azad Suriya Ordusunun rəhbərliyi döyüşlərlə bağlı məruzə edib. Məruzədə bildirilir ki, son iki həftə üsyançılar üçün daha uğurlu olub. Belə ki, bu müddət ərzində döyüşlər zamanı, iki hava limanı və bir su-elektrik stansiyası üsyançılar tərəfindən ələ keçirilib. Həmçinin, sonuncu döyüşlər nəticəsində üsyançıların Bəşər Əsədin iqamətgahına yaxınlaşdığı xəbərləri yayılıb.

Döyüşlər, eyni zamanda, Hələb və Deyr əz-Zor şəhərində də təsirli olub. Suriya hərbi təyyarələri hər iki şəhərə raket zərbələri endirib. Homs şəhərində keçirilən hava əməliyyalar zamanı isə, orta məktəb binasına raket düşüb. Məktəbin aqibəti ilə bağlı heç bir məlumat verilmir.

azadliq.info