Avropa Ittifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobia dünən bir kürü bəyanatı verərək deyib: “Prezident seçkilərində prezident Ilham Əliyevin şansları daha böyükdür”.
Gördüyünüz kimi, məşhur avropalı falçı Vanqa nənə də bu cür qəti proqnozlar vermirdi. Sanki cənab Kobianın gizli “exit-poll”u var. Bu cür diplomatlardan Ilham Əliyevin fəaliyyətinin mənfi nəticələri ilə bağlı məsələləri soruşanda deyir ki, biz diplomatlar ölkələrin daxili işlərinə qarışmırıq. Ya da söyləyir ki, bu haqda onda müfəssəl məlumat azdır. O yanı, bu yanı yoxdur, bu, sırf kürü effektidir. Avropadan, Amerikadan, Türkiyədən (daha Rusiyanı demirəm) bu cür danışanları çox görmüşük, yeni hal deyil, amma yenə də utandırıcıdır…
O da var ki, ölkədə müsbət dəyişikliyə ümid bəsləyənlərə bu cür bəyanatlar çox pis təsir edir. Ümumiyyətlə, uzun illər ərzində bizim cəmiyyətin avtoritar hakimiyyət önündə zəifləməsində məhz belə mövqelər çox mənfi rol oynayıb. Çünki Avropa dəyərlərinə can atan bir toplum görəndə ki, Avropa özü avtoritar hakimiyyətin sözünü deyir, yalan danışır, onda onun inamı sarsılır, zəifləyir. Lakin biz bu inamı tamamilə qırılmağa qoymamışıq. Roland Kobialar bizi kölə yığını saya bilər, amma bizim xalq köləliklə razılaşmır və ondan tezliklə qurtulacaq. Kölə Kobia və onun kimi kürü diplomatlarıdır – Azərbaycan hakimiyyətinin təntənəsinə baş əyirlər, Avropa dəyərlərinə xəyanət edirlər, yalan bəyanatlarla saxtakar və avtoritar hakimiyyətə qol-qanad verirlər.
Təəssüf ki, çoxları bu bəyanatı hətta Avropa Birliyinin mövqeyi və Ilham Əliyevə dəstəyi kimi başa düşürlər. Əsla elə deyil. Avropa Birliyi son illərdə Azərbaycan hakimiyyətinin fəaliyyəti və ölkədəki durumla bağlı çox ciddi və həqiqətə söykənən, olduqca da tənqidi xarakter daşıyan qərarlar, bəyanatlar, hesabatlar qəbul edib. Mən demək istəmirəm ki, Avropa Birliyi Ilham Əliyev və onun idarəçiliyi ilə bağlı olduqca prinsipial mövqe nümayiş etdirir, amma son illərdə bu qurumun mövqeyi kifayət qədər dəyişib, hakimiyyətin xeyrinə yox, Azərbaycan xalqının xeyrinə istiqamət alıb, Avropa prinsiplərinə və dəyərlərinə uyğun gəlməkdədir. Bunu heç kim unutmasın. Sadəcə, kürünün təsiri hələ də bəzi diplomatların canında qalmaqdadır…
Kobianın açıqlaması Avropa dəyərlərinə də, təmsil etdiyi təşkilatın da mövqeyinə ziddir. O bir namizədin üstün olması haqda cəmiyyətə fikir aşılaya bilməz. Üstəlik, onun bu açıqlaması özünü təkzib edir. Baxın, səfir həmin açıqlamadan sonra deyir: “Azərbaycanın demokratiya və insan haqlarının qorunması istiqamətində çalışdığının şahidi olsam da, ölkədə demokratiya və insan hüquqlarının aliliyi istiqamətində ciddi tərəqqi olduğunu görmürəm. Hesab edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə ciddi addımlar atmalıdır. Azad seçki, azad mətbuat və sərbəst toplaşmaq azadlığına imkanlar yaradılmalıdır. Bununla bağlı Avropa Ittifaqının Azərbaycan hökumətinə müraciətləri olub”.
Adamdan soruşarlar ki, hakimiyyəti dövründə tərəqqi yoxdursa, söylədiyiniz ağır problemlər varsa, Ilham Əliyevin üstünlüyü haradan olmalıdır? Tənəzzülmü yaradır bu üstünlüyü ona? Səfir etiraf edir ki, Azərbaycanda demokratiya və insan haqlarının qorunması istiqamətində problemlər var. Buna səbəbkar da məhz Ilham Əliyevin idarəçiliyidir. Üstünlük haradandır bəs? Azərbaycan qismən azad ölkədən qeyri-azad ölkəyə çevrilib, korrupsiya qavrama reytinqində 139-cu, demokratiya indeksində 140-cıdır, bütün sahələrdə geriləyib. Avropada bu hakimiyyətin kürü diplomatiyası haqda açıq çıxışlar olur. Avropa Parlamenti Azərbaycandakı durumun pisləşməsini bəyan edir. Bəs üstünlük haradandır, nədəndir?
Bütün bu faktlar və amillər göstərir ki, Kobia Ilham Əliyevin daha şanslı olduğunu deyərkən özünü təkzib edir, yalan söyləyir və bunu yaxşı məqsədlə etmir.
Amma Kobianın bu açıqlamasının məsuliyyəti bizim də üzərimizə düşür. Bu yaxınlarda ATƏT-in Bakıdakı səfiri Koray Tarqay da bu cür yalanlardan danışmışdı. Amma vətəndaş cəmiyyəti, siyasi partiyalar ona layiqli cavab vermədi. ATƏT qarşısında məsələ qaldırılmadı. Koray elə susdurulmalı idi ki, Kobia kimilər bundan dərs alsınlar. Kürü bunların menyusundan çıxmalıdır…
Kürü Kobianın İlham Əliyevi tərifləməsinin daha bir səbəbi
•