Rusiyanın Şimali Qafqaz çıxmazı

Rusiyanın Baş naziri Mişustin iyunun 15-də Şimali Qafqazın yeni iqtisadi proqramı ilə tanış olmaq üçün Pyatiqorsk şəhərinə səfər etmişdi. Baş nazir səfərdən sonra regionun iqtisadi artımından narazı qaldığı üçün “Şimali Qafqaz 2010” adlı inkişaf strategiyasını uğursuz adlandırdı. Bütün bu göstəricilərə baxmayaraq, Kreml öz adamlarını hakimiyyətdə saxlamağa davam edir. İyunun 23-də Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovu dördüncü dəfə Çeçenistanın başçısı seçdi. Hətta İnquşetiyanın qubernatoru Kalimatova belə yenidən namizəd olmaq şansı verildi. Sual burasındadır ki, Şimali Qafqazda yerləşən muxtar respublikalardakı mövcud regional elitaları toxunulmaz saxlamaqla iqtisadi strategiyanı necə dəyişdirmək olar?

Kreml illərdir eyni strategiyanı yürüdür: iqtisadi inkişafı stimullaşdırmaq, iş yerləri açmaqla radikallaşmanın qarşısını almaq. 2010-cu il strategiyasında işsizliyin təxminən 5%-ə endirilməsi nəzərdə tutulsa da, bu plan həyata keçirilmədi. 2019-cu ildə Çeçenistan, Dağıstan və Kabarda-Balkariyada rəsmi işsizlik müvafiq olaraq 13,4, 13 və 11% təşkil edirdi.

Federal qurumların zəif işləməsi və korrupsiya özəl investorları bölgəyə yatırım etməkdən uzaqlaşdırdı. Mişustinin sözlərinə görə, hər bir rubl dövlət sərmayəsi yalnız əlli qəpik özəl vəsait cəlb edir və bu da digər bölgələrlə müqayisədə (Uzaq Şərq bölgəsi 2 rubl sərmayə 30 rubl özəl vəsait gətirir) bərbad nəticədir.

Şimali Qafqazdan danışırıqsa, toxunmalı olduğumuz əsas mövzulardan biri də Çeçenistan-Dağıstan münasibətləridir. Hazırda bu iki muxtar respublika arasında ərazi mübahisəsi mövcuddur. Bir müddət aparılan danışıqlardan sonra 2019-cu ildə Dağıstanla intensiv toqquşmalar yaşandı. Bu hadisələrdən sonra Dağıstanın o vaxtki başçısı Vladimir Vasilyev danışıqları qeyri-müəyyən müddətə dondurmaq qərarına gəldi. Hazırda Sergey Məlikovun rəhbərliyi altında olan Dağıstan bu ilin iyun ayında Çeçenistanla yenidən danışıqlara başlamağa hazır olduğunu bildirdi. Bir tərəfdən Rusiyanın Şimali Qafqaz ölkələrindəki liderləri dəyişdirmək istəməməsi, digər tərəfdən də elə bu ölkələrin arasındakı ərazi mübahisələri Kremli pis vəziyyətə salır. Bunun üstəsindən gəlmək üçün yaxın illərdə bir neçə respublikada lider dəyişikliyi və ya prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını görə bilərik. Sonuncu elitar təbəqənin əvəz edilməsi kimi ağrılı prosesi bir qədər uzada bilər. Bu məsələ ilə bağlı ilkin addımlar Dağıstanda Sergey Məlikovun hakimiyyətə gətirilməsi ilə artıq atılıb.

Hal-hazırda Moskva status-kvonu arzuolunan hesab edir. Hazırki dövr üçün iqtisadi siyasətdəki uğursuzluqlar qubernatorların istefa verməsi ilə deyil, səlahiyyətlərinin məhdudlaşdırılması ilə nəticələndi. Qubernatorları açıq şəkildə cəzalandırmaq, hakimiyyətin məsuliyyət daşıya biləcəyi və ya vətəndaşların qubernatorları cəzalandırmaq üçün Kremlə müraciət edə biləcəyi təəssüratı yarada bilər. Bu da Kremlin yayındığı ssenaridir. İkincisi, Moskva üçün əsas məqsədlərdən biri iqtisadi uğursuzluğun idarəçilik uğursuzluğuna çevrilməsinin qarşısını almaqdır. Bundan əlavə, Kremlin fikrincə, Çeçenistan kimi ölkədə rəhbərliyin dəyişdirilməsi, regionda bu günə qədər qurulmuş sxemin dəyişdirilməsi çox risklidir. Rusiyanın bu dalandan necə çıxacağı sual doğurur. Böyük ehtimalla yaxın illərdə hakimiyyətin limitlənməsinə, səlahiyyətlərin mərkəzdən daha da asılı hala gətirilməsinə, sonradan isə rəhbərlərin dəyişdirilməsinə şahid olacağıq.

Yazı Postsovet mənzərəsi fb səhifəsindən götürülüb