“Bizim bu adda əməkdaşımız yoxdur…”
Amma söhbət bütün Naxçıvan cəmiyyətinin bildiyi faktlardan gedir
Qəzetimizin son iki sayında dərc olunan Naxçıvan MTN-in ölkədən qaçaraq Avropaya sığınmış əməkdaşı İbrahim Musayevin açıqlamalarına Bakıdan rəsmi cavab verilib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-nın bu açıqlamalarla bağlı sorğusuna belə cavab verib ki, onların İbrahim Musayev adlı əməkdaşı yoxdur. “Bu adda MTN-lə hər-hansı formada bağlılığı olan şəxs də yoxdur”, – deyə o, əlavə edib.
MTN- in məsələyə reaksiya verməsini təqdir edərək, xatırladırıq ki, İbrahim Musayev açıqlamasında bu nazirliyin əməkdaşı olduğunu təsdiqləyən sənədi hələ də özündə saxladığını bildirib. Lakin heç bu da vacib məqam deyil. Çünki İbrahim Musayevin həqiqətən də MTN əməkdaşı olub-olmadığını sübut etmək kimi bir qayğımız yoxdur.
MTN-in bu adda əməkdaşı olmaya bilər. Hətta bu adla əməkdaşlığa cəlb edilmiş hər hansı şəxsi tanımaya da bilərlər. Amma söhbət Naxçıvan MTN-də baş verən olaylardan və bütün Naxçıvan cəmiyyətinin bildiyi faktlardan gedir.
İbrahim Musayev adlı adam Naxçıvandan yoxa çıxıb. Muxtar Respublikanın hüquq mühafizə orqanları onu axtarır. Bu adam Avropada peyda olub, bu açıqlamaları verir. Naxçıvan ictimaiyyətinin tanınmış nümayəndələri də bu olayları bütünlüklə və ya epizodlar üzrə təsdiq edirlər.
İbrahim Musayevin açıqlamaları ilə bağlı materialın sonunda MTN-in mövqeyini dərc etməkdə maraqlı olduğumuzu yazmışdıq və bunu da etdik. Amma bundan sonra başqa bir mərhələ gəlir və həmin mərhələni də oxuculara təqdim edəcəyik. Həm də, MTN-in təqdir olunası reaksiyasını müşahidə etdiyimiz üçün, növbəti mərhələ ilə bağlı suallara bu qurumdan cavab almağa cəhd göstərməklə.
Əgər MTN-in Bakıda əyləşən rəsmiləri Naxçıvan MTN-də baş verən bütün bu cür olaylara cavab verməyə hazırdırlarsa, biz sonrakı mərhələnin bütün epizodları üzre sualları onlara ünvanlaya bilərik.
“Azadlıq”


