Ilham Əliyevin dövlətçilik təsəvvürü budur

AXCP sədri Əli Kərimli

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota verib. Təəccübləndinizmi? Bəli, istər-istəməz adamda sual yaranır, əcəba, nə baş verib ki, Azərbaycan Rusiyaya nota verir? Axı biz bundan əvvəl Rusiya Dövlət Dumasında böyük bir fraksiyaya rəhbərlik edən, Sosial Ədalət Partiyasının rəhbəri Mironovun “Dağlıq Qarabağ Rusiyaya birləşdirilsin” təşəbbüsü ilə çıxış etməsinə şahid olduq və bu, Azərbaycan hakimiyyətini narahat etmədi, heç bir notaya səbəb olmadı. Ondan əvvəl Rusiya Dövlət Dumasının vitse-spikeri Tolstoy Azərbaycanı hədələmişdi. “Əgər Qarabağdakı sülhməramlılara hansısa bir təhdid olarsa, Azərbaycanın vəziyyəti Gürcüstandan da pis olacaq. Ötən dəfə Tbilisinin götürülməməsi hadisəsi olsa da, bu dəfə ondan betər olacaq” demişdi, dolayısı ilə Bakını işğal edəcəkləri ilə hədələmişdi. Ona da Azərbaycan hakimiyyəti susmaqla reaksiya göstərmişdi. İndi isə Jirinovskinin bir açıqlamasına görə Rusiyaya nota veriblər. Axı biz elə həmin Jirinovskinin də Azərbaycan xalqını və dövlətini təhqir edib hədələdikdən sonra İlham Əliyev tərəfindən dövlət səviyyəsində, rəsmən qəbul edildiyini görmüşük. Bu həmin Jirinovskidir ki, “Heydər Əliyev dünyada ən varlı adamdır, 8 milyon qoyunu var” deməklə bütöv xalqımızı təhqir etmişdi. Bu həmin Jirinovskidir ki, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə təşəbbüs göstərmişdi, nəinki Azərbaycanın, bütün MDB dövlətlərinin Rusiya ərazisinə qatılmasını təklif etmişdi və bütün bunlardan sonra İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilib, dostluq münasibəti göstərilmişdi. İndi nə olub, Qarabağın Azərbaycandan alınması, Bakının işğalı ilə bağlı təhdidlərdən, bütovlükdə xalq olaraq təhqir edilməyimizdən fərqli nə baş verib ki, Azərbaycan hakimiyyəti Rusiyaya nota verib? Məsələ çox sadədir. Əvvəllər Rusiya rəsmiləri ya xalqı, ya da dövləti təhqir edirdilər. Ona görə də bu təhqirlər Azərbaycan hakimiyyətinin vecinə olmurdu. Amma bu dəfə Jirinovski birbaşa İlham Əliyevin özünü hədəf alıb. Müsahibəsində İlham Əliyevi diktator olmaqda ittiham edib və “Bayden səni 2 həftəyə devirər, səni hakimiyyətdə biz saxlayırıq…” deyə bildirib. Bununla da “qırmızı xətti” keçmiş olub.

Bax, budur Azərbaycan hakimiyyətinin, İlham Əliyevin dövlət və dövlətçiliklə bağlı təsəvvürləri: Azərbaycan xalqını təhqir eləmək, Azərbaycan dövlətini təhdid etmək, Azərbaycanın müstəqilliyinə son verməyə, ərazisini parçalamağa çağırışlar eləmək olar, bunların heç biri Azərbaycan hakimiyyətini narahat etməz, amma şəxsən İlham Əliyevin əleyhinə deyilən sözlər dövlət mexanizmini dərhal hərəkətə keçirər. Heç olmasa indi əmin oldunuz ki, bunların dövlət hakimiyyəti haqqında təsəvvürləri orta əsr krallarının “dövlət mənəm” təsəvvüründən fərqlənmir? Budur bunların Vətən, Qarabağ, dövlət sevgisi.