Biz niyə ölürük?

İlham Hüseyn

Niyə bizi aldatmaq asandı? Niyə biz yalanı rahat həzm edirik? Niyə həqiqət bizi cəlb etmir? Niyə müsbət nümunələrə qarşı laqeydik?
Çünki analiz etmirik, eşitdiklərimizi beynimizin süzgəcindən keçirmirik. Hansısa müğənninin neçə dəfə ərə getdiyini, hansı səbəbdən boşandığını araşdırırıq, bu kimi məsələlərdə mübahisə edirik, məsələnin dibinə qədər gedirik. Amma bizim taleyimizə təsir edən, övladlarımızın aqibətini müəyyənləşdirən hadisələrə səssiz tamaşa edirik və yalan arqumentlərə boyun əyirik. Əlbəttə, burda qorxu, özünüqoruma hissi də var. Amma ilk növbədə həqiqəti bilmək lazımdı, bildiyini dilə gətirmək isə növbəti mərhələdi. Xeyli adam həqiqəti bilmədiyi üçün istənilən yalanı udur. Məsələn, xeyli adam elə bilir ki, binaların üz qabığının restavrasiya olunması, hansısa rayona yol çəkilməsi, ölkədə Formula-1 yarışının keçirilməsi analoqsuz inkişafın göstəricisidir. Yaxud, xeyli adam düşünür ki, igid oğullarımız hərbi zəfər qazanıbsa, buna görə hökumətin qarşısında baş əymək, prezidentə yaltaqlanmaq lazımdı. Xeyli adam var ki, AzTv-nin təsiri altında o qədər tapdalanıb ki, müxalifətçiliyin dövlətə qarşı təxribat olduğunu düşünür. Dövlət şüurunun olmaması, vətəndaşlıq düsturundan xəbərsizliyimiz bizi yanlış istiqamətə yönləndirib. Yəni, dövlət nədir, dövlətin missiyası nədir, hökumətin vətəndaş qarşısında hansı öhdəlikləri var və digər bu kimi vacib məqamlara vaxt sərf etmirik. Biz hökumətin maaşları 10 faiz, artırıb, ərzaq qiymətlərini isə 20 faiz artırmasını təhqir bilməliyik. Biz dövlətin milyardlarını oğurlayanlara loyla münasibət sərgiləməkdən utanmalıyıq. Biz haqsız yerə zülm olunan, taleyi qaraldılan, şərlənən adamlara dəstək olmadığımız üçün vicdan əzabı çəkməliyik. Amma təfəkkürümüzü elə asfaltlayıblar ki, elementar vəzifələrimizdən imtina etmişik. O, “asfalt”ı qopartmaq zəhmətinə qatlaşmaq istəmirik. Qəbul etmişik ki, dövlət belə olmalıdı, hökumət bu cür fəaliyyət göstərməlidir. Vətəndaşın söz sahibi olması, vətəndaşın həlledici güc olması bizə xəyal kimi görünür. Sanki bu ölkənin bizə aidiyyatı yoxdur. Hətta bir çox hallarda həqiqətə göz yummağı qəhrəmanlıq, fərasətlilik hesab edirik. Bir daha təkrar edirəm ki, biz yaşadığımız ölkədə başverənləri dərk etmək üçün enerji sərf etmirik. Hamı başqalarını qınamaqla məsuliyyətdən yayınır. Heç kim öz öhdəliyini xatırlamaq istəmir. Bizim beynimiz hələ həyəcan təbili çalmayıb ki, bu dövləti oyuncağa çeviriblər. Əslində həyəcanlanmalıyıq, stress keçirməliyik, rahatlıq tapmamalıyıq ki, gözəl ölkəmiz 5-10 adamın bostanına çevrilib. Bizə uzun illər ərzində yeridiblər ki, vətəndaş ancaq evinin içindəki problemlərlə məşğul olmalıdı. Biz “hökumətlə hökumətlik etmək olmaz” kəlamını həzm edəndə “ağ bayraq” qaldırmışıq. Ona görə də hökumət “vətəndaşla kölə kimi davranmaq olar” şüarıyla idarə edir. Ölkənin heç yerində dövlətin izi görünmür. Xəstəxanada, məktəbdə, polis idarəsində, məhkəmə binasında, uşaq bağçasında vətəndaşa xidmətin müqəddəs borc hesab edildiyini görürükmü? Heç yerdə, heç kimə insana sevgi aşılanmır. Heç yerdə dövlət şüuru hakim deyil. Həkim xəstəyə puluna görə qayğı göstərməkdən, müəllim şagirddən pul almaqdan, polis vətəndaşı əsassız yerə incitməkdən, hakim ədalətsiz hökm çıxarmaqdan utanmır. Bütün neqativlər adiləşib Milyonlarla insan isə beyninə yeridib ki, belə də olmalıdı. Milyonlarla insan hüquqi dövlətdə yaşamağın, şəffaf idarəçiliyin dadını bilmir. Heç bu haqda təsəvvürümüz də yoxdur. Öyrənməyə can atmırıq da. Biz ömür payımızı yaşamağa yox, sürünməyə xərcləyirik. Vətəndaş olaraq dövıətin bizə verməli olduğundan xəbərsizik. Hələ də işlədiyi yerdən maaş aldığına görə hökumətə təşəkkür edənlər var. Adamlar elə bilirlər ki, maaşı hökumət üzvləri cibindən verir və buna görə də özlərini borclu hesab edirlər, minnət götürürlər. Həqiqəti bilmək üçün alim olmağa ehtiyac yoxdur. Sadəcə aldanmaqdan imtina etmək, müqayisə aparmaq, düşünmək lazımdı. Biz özümüzü qətlə yetirməklə məşğuluq. Biz yaşamağın yox, ölməyin reseptinə əməl edirik. Aşağılanmaq, hüququ tapdanmaq, keyfiyyətsiz qidaya məhkum edilmək, yalanın hökmranlığına adaptasiya olmaq da ölməkdi. Dövlət bir orqanizmdirsə, biz də onun orqanlarıyıq. Biz xəsarət aldıqca, orqanizm zədələnir. Dövlətin sağlam olmağı üçün, bizim təfəkkürümüzün orqanizmi sağlam olmalıdır. Bütün problemlərin kökü burdadı. Silkələnib, düşüncəmizin toz-torpağın təmizləməliyik. Yoxsa, hər gün öləcəyik.