“The Economist” qrupa daxil olan Economist Intelligence Unit təşkilatı bütün dünyada ölkələrin Demokratiya Indeksini müəyyən etməklə məşhurdur. Təşkilatın Demokratiya Indeksi üzrə reytinq siyahısı çox mötəbər sayılır və qəbul edilir. Amma bu təşkilat təkcə həmin siyahı ilə tanınmır. Onun iqtisadi və siyasi təhlillərinə, hesabat və proqnozlarına güclü dövlətlər, böyük şirkətlər, nəhəng banklar da ehtiyac duyur və etibar edirlər.
“Böyük ağılların analitik təhlil mərkəzi” adı qazanmış bu təşkilatın 2011-ci il üçün demokratiya indeksində Azərbaycanın yerinin çox aşağıda olduğunu bilməmiş deyilsiniz. Amma görünür, bu haqda yenidən xüsusi danışmağa ehtiyac var. Madridin “Atletiko” klubunun futbolçularının yaxasında Azərbaycanın adının yazılmasına 20 milyon avro reklam haqqı ödəyən hökumətimizin bundan nəticə çıxaracağına ümid bəsləmirəm. Amma ölkə əhalisi necə aldadıldığını bilməlidir. Axı ilk baxışdan kiməsə elə gələ bilər ki, reklamlar ölkənin adının tanıdılması üçün edilirsə, yaxşı sayılmalıdır. Gerçəkdə isə bu cür reklamların arxasında ölkəyə vurulan ziyanlar və onun adının bütün dünyada rüsvay edilməsi gizlədilir…
Bəli, Azərbaycanın adı bütün dünyada rüsvay edilir. Demokratiya Indeksi siyahısında ölkələrin yeri ordusunun və dünyadakı nüfuzunun gücü ilə təyin edilmir. Burada ölkələr əhalisinin azadlıqları və ədalətli həyatı ilə yer qazanır, yəni ən əsaslı göstəricilərlə. Məsələn, Norveç və Uruqvay ABŞ-dan öndədir. Yaxud Qana Türkiyədən irəlidədir.
Bəs reklam edilən Azərbaycan haradadır? 140-cı yerdə!
Ərəb Küveytindən, Afrika Qabonundan geridəyik. Adını eşitmədiyiniz Fici ada dövləti bizdən 17 pillə öndədir.
Adam utanır buna görə. Utanmaq bir yana, deməli, zülm içində yaşayırıq. Ümumiyyətlə, biz yaxşı həyatın nə olduğunu bilirikmi? Olmaya siz bir dəfə Bakının “Torqovı” küçəsində gəzib, elə bilirsiniz ki, xoşbəxt bir ölkədə yaşayırsınız? Necə bədbəxt bir durumda yaşamağınızdan xəbəriniz varmı? Bunu bilmirsiniz məgər?
Oğurluq, qanunsuzluq, saxtakarlıq ölkəyə tam sahib olub…
Azərbaycan bütün dünyada belə tanınır. Ona Odlar Yurdu deməklə deyil. Bir daha düşünün, ölkəmiz 166 ölkə arasında Demokratiya Indeksi siyahısına görə 140-cı yerdədir – azad olmayan ölkələr sırasında. Maraqlıdır, Odlar Yurdu niyə azad deyil bəs? Kim söndürür onun odunu?
Azərbaycanın aşağı yerlərdə olduğu hesabat və reytinqlər açıqlananda bizim Odlar Yurdunun qəhrəmanları o saat bunu ermənipərəst Avropanın ölkəmizə pis münasibəti kimi izah edirlər. Lakin nədənsə ermənipərəst Avropa ötən il bizi “Eurovision” mahnı yarışmasının qalibi seçmişdi. Yarışma da bu il Bakıda keçdi və onun finalında prezidentin kürəkəni göydən düşüb mahnı oxudu. Bu da sizə reklam! Dalınca nə oldu?
Bu yaxınlarda uşaqlar üçün “Eurovision” yarışmasına ITV rəhbəri öz nəvəsini yolladı. Biabır olasınız! Nəvənin 12 yarışmaçı arasında 11-ci olması bir yana qalsın, bütün Avropada biabır olduq. “Eurovision” tarixində belə şey olmayıb və olmayacaq. Nədir bu? Avropanın, hətta artıq bir çox Afrika ölkələrinin güldüyü traybalizm, nepotizm və ya adi qohumbazlıq. Keçmiş, keçmişin qalığı. Odlar Yurdunun adını bax bu cür söndürürlər, sonra da milyonlar verib onu reklam edilər.
Bu ölkədə üstündə dövlətimizin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin şəkli olan köynək geyindiyinə görə gəncləri həbs edirlər. Indi isə riyakarlığa baxın. Həmin həbsləri edənlər guya Azərbaycanı sevirlərmiş və milyonlar ödəyib Avropada sinələrə “Azərbaycan” yazdırırlar!

Bu da sizə reklam: Azərbaycan Qabon adlı Afrika ölkəsindən də geridədir…
•