Qənimət Zahid
Rövnəq Abdullayevin sərəncamında olan bütün media arsenalı ilə Şeyx Allahşükür Paşazadənin üstünə yeriməsi şəxsən mənim üçün önəmli deyil. Söhbət İranın Azərbaycandakı proseslərə müdaxiləsindən, dini- ideoloji ekspansionizmindən gedirsə, burda Allahşükür Paşazadə birinci şəxs deyil. Amma məni maraqlandıran başqa məsələdir ki, güman edirəm, elə həmin başqa məsələni arxa plana atmaq üçün də gündəmi belə «şok xəbər»lə məşğul etmək cəhdi var. Global Holdinq Azərbaycandakı və Türkiyədəki xəbər kanallarını səfərbərlik halına gətirməklə əslində Şeyxi vurmağa yox, günün əsas məsələsini arxa plana atmağa çalışır və əsas məsələ İlham Əliyevin 1038 nəfər azərbaycanlını- ictimai-siyasi fəalları, dövlət məmurlarını başqa bir dövlətin xüsusi xidmət orqanlarına izlətdirməsidir.
Burda OCCRP, Amnesty İnternational kimi beynəlxalq təşkilatlardan tələblər ön sırada olmalıdır, Azərbaycan hökuməti də aktiv müdafiədə olduğundan ondan gözləntilərimiz yoxdur.
İzlənən siyasi fəalların və dövlət məmurlarının siyahısı hələ də ortalıqda yoxdur. Bir misalla aydınlıq gətirmək istəyirəm, həm də bu siyahının yayılmaması üçün arqumenti puça çıxarmaq niyyətimi qeyd edirəm.
Mərakeş Fransada böyük bir siyahı üzrə dövlət məmurlarını və siyasiləri, jurnalistləri mobil telefonlar üzərindən izlətdirib. İndi Fransada jurnalistlərin izlənməsindən daha çox dövlət məmurlarının və siyasilərin təqib edilməsi müzakirə edilir və bu məntiqidir. Jurnalistlərin adlarının cəmiyyətə təqdim edilməsi yaxşıdır, amma burda informasiyadan sui- istifadə şəkli var. Jurnalistlərin informasiyaya çıxışı var, bu informasiyanı əldə edirlər və özlərinə aid hissəni qabartmaqla başqalarını arxa plana atırlar. Sui- istifadə həm də ordadır ki, cəmiyyətə «baxın, Azərbaycandakı diktatorluq bizdən, yəni jurnalistlərdən daha çox çəkinir» mesajını yeritmək cəhdi görünür. Amma bəs, qalan 900 nəfərdən artıq şəxs kimdir? Bu yöndə «müdrik» və hiyləgər susqunluq var.
Fransadakı məmurların siyahısını başqa dövlət, Mərakeş krallığı tərtib edib, amma həmin OCCRP və Amnesty İnternational (və siyahılara əli çatan başqa təşkilatlar) ifşa edib. Azərbaycandakı məmurların və siyasilərin siyahısını isı Azərbaycan hakimiyyəti (orda bu qərarı verən kimdirsə) tətrib edib, başqa dövlətin xüsusi xidmət orqanına verib, amam biz bu siyahını əldə edə bilmirik. Fransızların siyahısını indi oxuyacaqsız, amma Azərbaycandan olanların siyahısını bilmək ona görə vacibdir ki, ölkədəki diktatorun hansı mnümkün dövlət sirrlərini risq altına qoyduğu da ifşa edilsin. Yəni, bir sülalə öz hakimiyyətini qorumaq üçün dövlətə aid olan sirr daşıyıcılarını, həm də elə həmin dövlət sirrlərini başqa dövlətə necə etibar edir ? Hansı qafayla?
İzlənən Fransız dövlət və siyasət adamlarının siyahısı budur və bun siyahı kütləvi informasiya vasitələrində dövr edir:
Emmanuel Makron- Fransa prezidenti
Eduard Filip- keçmiş baş nazir və həyat yoldaşı
Kristofer Kastaner- sabiq daxili işlər naziri
Nikol Bellube- sabiq ədliyyə naziri
Jan İv Le Drian- xarici işlər naziri
Bruno Le Mer – iqtisadiyyat naziri
Jan Mişel Blankör- Milli təhsil naziri
Didye Jiyom- keçmiş kənd təsərrüfatı naziri
Jerald Darmanin- keçmiş maliyyə naziri
Jaklin Kuro- ərazi idarəetmə naziri
Mark Fesno- parlamentlə əlaqə naziri
Annik Jirarlin- Dəniz torpaqları naziri
Frank Riester- sabiq mədəniyyət naziri
Jülyen Denormandi- sabiq Mənzil tikintisi naziri
Sebastyan Lekornü- Yerli hakimiyyətlərlə iş naziri
Fransua de Ruji – keçmiş ekologiya naziri
Parlamentdəki siyasi qrupların liderləri
Fransua Bayru- keçmiş ədliyyə naziri, deputat
Adrian Quaetennes
Olivye Bezanseno,
Miriam El Humri
Sedrik Villani,
Leyla Ayçi
Filipp Marten
Jan Messixa
Filipp Olivye,
Robert Menar.
Fransada kimsə demədi ki, bu adamların siyahısının yayılması dövlətin maraqlarına ziddir, ictimai əhəmiyyəti yoxdur, yaxud «özlərinə demişik, siyahını açmağa ehtiyac görmədik ». Azərbaycana isə başqa standart tətbiq edilir. Bunun bir sirri olmalıdır və bu sirri açmaq hamımızın üzərinə düşən vəzifədir.
Qeyd: OCCRP-nin xəbərdarlıq mesajı göndərdiyi şəxslərdən adlarını açıq və ya gizli şəkildə bildirməklərini acizanə xahiş edirəm.