“Fövqəlnazir” qaçqınların evinə göz dikib

Qanlıgöl ətrafında yaşayan sakinlər Kəmaləddin Heydərovun əlindən dad deyir

 

Heydər Əliyevin ad günündə «Gilan Holdinq» hotel, park və idman meydançalarının açılışını etmək istəyir
Yasamal rayonunda Qanlıgöl adlanan ərazidə məskunlaşan 1000-ə yaxın qaçqın və məcburi köçkünün evi söküləcək. Dünən ərazidə yaşayanlar evlərinin sökülməsinə etiraz ediblər. Biz ərazidə olarkən bir qrup sakin icra hakimiyyəti nümayəndələri ilə mübahisə edirdi. Sakinlər evlərinin nəyə görə söküləcəyini soruşurdular. Əraziyə gələn nümayəndələr isə onlara yalnız “söküləcək, tapşırıq belədir” cavabını verirdilər. Bakı Şəhər Icra Hakimiyyətinin və Yasamal Rayon Icra hakimiyyətinin nümayəndələri isə jurnalistlərə açıqlama vermək istəmədiklərini bildirdilər.

 

“Evlərimizi Kamaləddin Heydərov sökür”

Məcburi köçkünlərin sözlərinə görə, evlərini fövqəladə hallar naziri Kəmaləddin Heydərov sökür: “Kəmaləddin Heydərova məxsus “Gilan-Holdinq” şirkəti qəsəbəmizin yaxınlığında beş ulduzlu hotel tikdirir. Bundan əlavə, burada akvapark, futbol və qolf meydançası və park olmalıdır. Akvapark və hotelin binası artıq tikilib. Lakin idman meydançaları və park hələ salınmayıb. Ona görə bizi ərazidən çıxarırlar. Indi bizi siyahıya alırlar. Əvvəlcə evlərimizi ölçmüşdülər. “Gilan”ın müdiri bizi yeni evlərə köçürəcəklərini deyir. Amma yeni evlərin harada yerləşdiyini gizlədirlər. Bizə deyiblər ki, öncə hotelə bitişik evlər, sonra başqaları söküləcək. Mayın 10-na qədər hotel hazır olmalıdır.
Heydər Əliyevin doğum günündə hotelin açılışı olacaq. O vaxta qədər qəsəbə yerlə-yeksan ediləcək. Deyir heç bir yerə şikayət etməyin. Sakit şəkildə evlərinizin siyahıya alınacağı günü gözləyin”.
Sakinlər evlərini tərk etmək istəmədiklərini bildirirlər: “2008-ci ildən sonra hər il bura hücum olur. 2008-ci ildə Bakı şəhər baş polis idarəsinin rəis müavini Yaşar Əliyev yüzlərlə polisin köməyi ilə evimizi sökmək istədi. Lakin müqavimət göstərdik. Sonrakı illərdə də dəfələrlə evlərimizi uçurtmaq istəyiblər. Imkan vermədik. Biz bura köçəndə ərazi zibillik idi. Adamlar hava qaralandan sonra ərazinin yanından keçməyə qorxurdular. Bakının bütün qalmaqallı cinayətləri burada olurdu. Indi buraları təmizləmişik. Özümüzə min bir zülmlə yurd-yuva qurmuşuq. Ərazinin bir hissəsini Bəylər Əyyubov ələ keçirib maşın bazarı tikdi. Qalanına da Kəmaləddin Heydərov sahiblik etmək istəyir. Ya bizə normal pul versinlər ki, özümüzə ev ala bilək, ya da şəhərdən uzaqda olmayan evlə təmin etsinlər”.

Ramin DEKO