Dövlət adına vətəndaşlara qarşı cinayət

AXCP sədri Əli Kərimli

Canını, sağlamlığını qurban vermək bahasına Vətən torpağını azad etmiş qazimizə aylıq 300-400 manat müavinəti vermirlər ki, pulumuz yoxdur, ancaq 1038 nəfər azərbaycanlını güdmək, izləmək, səsini, görüntüsünü yazmaq üçün hər birinə yarım milyon manat xərcləyiblər. Bütövlükdə mindən artıq adamın izlənməsinə 500 milyon manata yaxın vəsait xərcləyiblər. 500 milyon manat bilirsiniz nə qədər puldur? 500 milyon manatla şəhid ailələrinin hər birinə 11 min manat yox, 50 min manat, qazilərimizə 4-6-8 min manat yox, 30-40 min manat sığorta pulu vermək olardı. Ya da həmin pulla şəhid ailələrinə verilən müavinəti 500 manatdan 1000 manata, qazilərimizin müavinətini 300-400 manatdan 700-800 manata, veteranların 8 aydır onsuz da ala bilmədiyi 80 manatlıq müavinəti 200 manata qaldırmaq olardı. Qalan pula da şəhid ailələri və qazilərə ev tikib vermək olardı.
Ancaq siz bunların ordudan, Vətən sevgisindən ağız dolusu danışmaqlarına baxmayın. İlham Əliyev hökuməti üçün müxalifəti, jurnalistləri, hətta öz ətraflarını pusmaq gerçək Qarabağ qəhrəmanlarına qayğıdan çox-çox önəmli işdir.
Hakimiyyət dövlətin bütün resurslarını yuvarlaq götürsək, 3 hissəyə bölüb. Resursların az bir qismi sosial ödənişlərə, ordu və digər zəruri büdcə xərclərinə ödənilir ki, xalqın fiziki mövcudluğu saxlanılsın. Resurslarln ən mühüm hissəsi oğurlanıb xaricdəki ofşor hesablara və buradakı holdinqlərin hesabına köçürülür. Dövlət resurslarının qalan hissəsi də indiyə qədər oğurlanmış vəsaitlərin və oğurluq fürsəti yaradan kürsünün qorunmasına xərclənir. Mindən artıq azərbaycanlını güdmək üçün xərclənən yarım milyard manat da kürsünü və indiyə qədər oğurladıqlarını qorumaq üçün xərclənib.
Yarım milyarda yaxın xərc çəkib, mindən artıq azərbaycanlını izləmək, onların səsini, görüntüsünü qeydə almaq yalnız iri miqyaslı oğurluq deyil, həm də mindən artıq konkret cinayət əməlidir, konstitusiyanın tapdalanmasıdır, şəxsi həyata müdaxilədir, kibercinayətkarlıqdır. Cəzalarını almalıdırlar.
Dövlət resursları ilə, dövlətin adı ilə vətəndaşlara qarşı cinayət törədilməsinə #etirazedirəm