Badamdardakı torpaq axınının arxasında duran iri səbəblər
Onlarla ailənin həyatı təhlükədə; Fövqəladə Hallar və Ekologiya nazirlikləri isə hələ ki “əraziyə baxışla” kifayətləniblər
Səbail rayonu ərazisində sürüşmə hadisəsi baş verib. Hadisə dekabrın 1-də saat 13 radələrində olub. Sürüşmə zonası Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, “Bəyoğlu” restoranın qarşısındakı ərazidə qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir…
ETSN və FHN deyir ki…
ETSN-nin sözçüsü Bəxtiyar Qaralov mətbuata Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri ilə birlikdə əraziyə baxış keçirdiklərini deyib: “Biz həmin əraziyə baxış keçirmişik. Hadisə bizim tərəfimizdən qiymətləndirilib. Problemin aradan qaldırılması üçün ərazidən keçən yol stabillik yaranana kimi bağlanmalıdır. Ərazidə yeni tikilən evlər var. Onların bütün kanalizasiya suyu yamaca axıdılır ki, bu da sürüşməni yaradan amillərdən biri hesab olunur. Bunun qarşısını mütləq almaq lazımdır”.
Hər iki nazirliyin nümayəndələri apardıqları monitorinqin nəticəsindən belə qənaətə gəliblər ki, sürüşmənin baş verməsinə səbəb həmin ərazidən yuxarıda yerləşən su-kanalizasiya xətləri sularının yamaca axıdılması olub: “Sürüşmə ərazisində dekabrın 1-də 10 metr, dekabrın 2-də 1 metr, bu gün isə 0,5 metr hərəkət müşahidə edilib. Sürüşmə ərazisindən yuxarıda 8-9 qaya parçası hələ də asılı vəziyyətdə qalıb. Onların gələcəkdə hərəkət etməsi isə həm yola, həm də yaşayış evlərinə təhlükə yarada bilər. Bundan əlavə, yamacın orta hissəsi orada baş verən qırılmadan sonra yuxarıda qalıb və əraziyə təhlükə yaradır. Onun hərəkət etməsi yolun tamamilə bağlanmasına səbəb ola bilər”.
Rəsmi məlumatlara görə, sürüşmə baş verən ərazidən yuxarıda isə xeyli sayda həyət evləri, hətta beşmərtəbəli bina var ki, Səbail rayon Icra Hakimiyyətinin xəbərdarlığına əsasən, sakinlər evlərindən çıxarılıb və qohumlarının, tanışlarının evlərində məskunlaşıblar.
“Hökumət heç bir iş görmür”
Ötən gün biz sözügedən ünvana baş çəkib olayla maraqlandıq. Badamdarın girişində marşurutların hərəkəti məhdudlaşdırılıb. Dekabrın 2-dən əraziyə bütün istiqamətlərdən qadağa qoyulub. Sərnişinlər mənzil başına çatmaq üçün bir neçə marşurutdan istifadə etməli olurlar. Məsələn, metronun “Elmlər Akademiyası” stansiyasının qarşısından 5 saylı marşurutla 20-ci sahəyə gedənlər, indi metronun “Sahil” stansiyasının yaxınlığındakı dayanacaqdan getməlidirlər. Ancaq bəzi maşınların sürücüləri qadağaya baxmayaraq, yolun bağlandığını bildirən beton plitələri, trubaları kənara çəkərək nəqliyyatın hərəkətini təmin edirlər. Hətta qadağaları pozanlar bunu hər iki nazirlik nümayəndələrinin gözü önündə edir.
Ərazidə yaşayanlar deyir ki, sürüşmədən üç gün keçməsinə baxmayaraq nə FHN, nə də ETSN ciddi bir tədbir görüb: “Üç gündür burada sürüşmə baş verib. Bir iş görülmür. Gəlib deyirlər ki, narahat olmayın, hər şey qaydasına düşəcək. Ancaq ortalıqda heç nə yoxdur. Yola bir dənə beton qoyublar, bununla işlərini bitmiş hesab edirlər. Nazirliyin nümayəndəsi gəlib əraziyə baxıb gedib. Yalan deyirlər ki, sürüşmə kanalizasiya sularından olub. Bu boyda sürüşmə kanalizasiya suyundan ola bilərmi? Yağış suları, yaxınlıqda işləyən maşın yuma məntəqəsi, yüksəklikdə yerləşən malikanələrdən gələn su belə bir problemi yaradıb. Indi deyirlər ki, evinizdən çıxın, sürüşmənin qarşısı alınandan sonra qayıdarsınız”.
Sakinlər təpənin üstündə tikilən evlərə üzünü tutaraq “Burada hər kəs özünə elə bir ev tikə bilməz! Hər bir villaya gedən yolun qarşısında qadağa ”znak”ı qoyulub. Bunu mən, sən edə bilmərik. Böyük adam olasan ki, bunu elətdirə biləsən də!” deyirlər.
“Belə getsə, torpaq altında qalacağıq”
Ərazidə yaşayanlar onu da bildirdilər ki, villaların sahiblərinə heç kim bir söz demir: “Ancaq sadə camaatın üstünə şığıyırlar. Deyirlər ki, niyə ev tikmisiniz. Necə olur ki, balaca komamızı görə bilirlər, ancaq dağın başında tikilən villanı görmürlər? Hamı bilir ki, sürüşmənin əsas səbəbi bu villalardır. Yüksəklikdə tikilib, özülü qazılan zaman ciddi fəsadlar törədilib. Indi də qarşısını ala bilmirlər. Sürüşmə elə bir yerdə baş verib ki, onun qarşısını almaq üçün heç bir maşın ora gedə bilməz. Bir sözlə, ya hamımızı burada öləcəyik, ya da bizi sürgün edəcəklər”.
Sakinlər onlar köçürülən zaman hər hansı kompensasiyanın verilib-verilməyəcəyindən xəbərsizdirlər.
Badamdar qəsəbəsinin sakinləri sürüşmənin səbəbini yaşıllıqların məhv edilməsində görürlər: “Imkanlı şəxslər ağacları kəsdirərək özlərinə imarətlər tikdirirlər. Bu da təbii ki, sürüşməyə gətirib çıxarır”.
Ərazidə olarkən sakinlər başqa bir ünvanda sürüşmənin olduğunu söylədilər. Bildirdilər ki, bu yer bir ildən çoxdur sürüşüb. Həmin yerə getdik. 20-ci sahəyə gedən yolun sağında çökəkliyə doğru baş verən bu sürüşməyə heç kim diqqət yetirmir. Yalnız yolun kənarında iki-üç metr yer qırlanıb və bununla da guya problem “həll” olunub. Ancaq sürüşmə günü-gündən dərinləşir və evlərə doğru irəliləyir. Sakinlər deyirlər ki, bir-iki aydan sonra evləri torpaq altında qalacaq.
“Kanalizasiya olmadığı üçün sürüşmə baş verir” deyənlərin fikirləri əsassızdır”
Ekoloq Telman Zeynalov “Azadlıq”a açıqlamasında qlobal istiləşmənin Azərbaycana təsirini göstərdiyini deyir: “Yağıntıların miqdarının 30 faiz artması sürüşmələri intensivləşdirir. Son 30 ildə havada istiləşmə prosesi gedir və nəticədə göllərdə quruma çox sürətlə baş verir. Aral quruyub getdi, Urmiyada da vəziyyət çox ağırdır. Yağıntı sularından çox istifadə olunduğu üçün bu və ya digər torpaq öz sıxlığını saxlaya bilmir. Torpaq nəmliyini özündə saxlaya bilmirsə, yaşıllıqlar zəbt olunub yerində binalar tikilirsə, həmin ərazilər təbii ki, sürüşməyə məruz qalacaq. Son dövrlərdə yağıntıların miqyası artdığı üçün quru torpaq nəmlənərək ağırlaşır və su ağır gillərə çatanda gil də sürüşür”.
Telman Zeynalovun fikrincə, bölgələrdə və Bakının əksər yerlərində kanalizasiya sistemi olmadığı üçün sürüşməyə bu amilin də təsir etdiyi barədə söylənilənlər əsassızdır: “Mərkəzləşmiş kanalizasiya sistemi olmadığı yerlərdə də sürüşmə hadisələri baş verir ki, burada tullantı suların axıdılması səbəbindən hadisələrin baş verdiyi arqumenti öz təsdiqini tapa bilmir”.
***
Sürüşmə zonasını tərk edib işə qayıdan zaman maraqlı bir mənzərəylə qarşılaşdıq. Sürüşmənin üstündən bir neçə saat keçməsinə baxmayaraq ərazidə yenə obyektlər tikilir, villalar ucadılırdı. Tam gücüylə…
Ramin DEKO