
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəmin Xəzər Rayon Məhkəməsinin ləng işindən şikayətləndiyi bildirilir.
AXCP-dən bildirilib ki, onun cəzanın müəyyən hissəsini çəkdikdən sonra qalan hissədən vaxtından əvvəl azad olunması ilə bağlı vəkili xeyli müddətdir Xəzər Rayon Məhkəməsinə müraciət edib. “Amma özünə məlum olmayan səbəblərdən məhkəmə prosesini gecikdirirlər. O, hüquq müdafiəçilərinə və fəallara səslənərək problemin ictimailəşdirilməsini xahiş edib”, – partiyadan bildirilib.
AXCP sədri Əli Kərimli də deyib ki, A.Ə.Məhərrəm kimi savadlı və perspektivli gəncin əsassız həbsdə saxlanılması Azərbaycan hakimiyyətin repressiv xarakterli olmasını göstərir.
“Aqil Əli Məhərrəm onun kimi günahı olmayan Saleh Rüstəmli ilə cəzalandırılıb. A.Ə.Məhərrəmlini 4 il, S.Rüstəmlini isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum ediblər. A.Ə.Məhərrəm nəinki müddətin üçdə birini, yarısını, hətta dörddə üçünü həbsdə keçirtdi. Ağır cinayət edənləri vaxtından əvvəl azadlığa buraxırlar, amma bu haqq cəbhəçi gəncə şamil olunmur”, – Ə.Kərimli qeyd edib.
Bu məsələyə, habelə səslənən tənqidə, hələlik, Xəzər Rayon Məhkəməsi və Azərbaycanın başqa rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim siyasi mövqeyinə görə ayrıseçkiliyə məruz qalmır.
Azadlıq radiosu