
Natiq Adilov
Bu da oldu. Axır ki, millət İlham Əliyevdən də bir xeyir gördü.
Zarafat eləmirəm. Səbr edib bu qeydi sonacan oxusanız, siz də əmin olacaqsız ki, Müzəffər müəllimin arada yaxşı işi olurmuş.
Gəlin, bir faktla razılaşaq, son vaxtlar müxalifət düşərgəsində bir səliqə-səhman yaranıb. Bu mənzərədə Müzəffər müəllimin danılmaz əməyi var. Özü də faydalı.
Əvvəllər necə idi? Hakimiyyətin köməyi ilə n qədər “bir sədr və bir möhür”dən ibarət partiya peyda olub “mən də müxalifətəm” deyib, hay-küy salırdı. Sonra da hökumət özünün idarə etdiyi bu dəstənin hər dəfə bir hissəsi salınırdı gerçək müxalifətin üstünə. Ardınca da da kənardan bic-bic gülüb, xalqa deyirdi ki, budur sizin müxalifət? Bunlar ki, bir-birini qırır?
Bir çox sadəlövh insan da düşərdi hökumətin bu tələsinə. Səmimi qəlbdən giley edərdi ki, əşi bu qədər də müxalifət partiyası olar? Hamısı da birləşmək əvəzinə bir-birini qırır.
Beləcə, gerçək müxalifətçilər həm rejimin repressiyalarının, həm də rejimin sadə insanları aldatmasının acısını yaşayardılar.
Ancaq zaman keçdi və müxalifətin bu çətinliyi də aradan qalxmağa başladı. Ötən ilin əvvəllərində haradansa bu hər şeyi nə vaxt necə etməyi yalnız özü, həm də dəqiq bilən Müzəffər müəllimin ağlına gəldi ki, müxalifət təsərrüfatında da səliqə yaratsın. Özününküləri özgələrdən dəqiq ayırsın. Öznününkülərə şərait yaradıb, ona tabe olmayan yadları, “anti-milli” müxalifəti də məhv edib qurtarsın.
Bu məqsədlə də “yeni konfiqurasiya” deyilən şeyi icad edildi. Əvvəlcə prosesin adını hələ dialoq da qoymuşdular. Şərtlər belə idi: Özünü sağlam müxalifət hesab edənlər sənədlərini ( o cümlədən həkimdən sağlamlıq haqqında arayışı), şəxsi ehtiyaclarını, ailəsinin ehtiyaclarını yazıb verməli idilər Prezident Aparatında bu iş üçün ayrılmış Ədalət Vəliyevə. Ədalət müəllim də konfiqurasiya müxalifətinin bütün maddi, sağlıq, ailə, məhkəmə və s. problemlərini özü şəxsən vahid pəncərə prinspi ilə həll edib, hesabat verərdi. ASAN xidmət kimi bir şey yəni. Siyasi partiyalara hörmət əlaməti olaraq onları, məhkəmə, ədliyyə nazirliyi, səhiyyə nazirliyi, iqtisadiyyat və s nazirliklərin qapısında saxlamazdılar.
İnsafən, Möhtərəmin bu “islahatlarından” da hamı razı qalmışdı. Konfiqurasiya müxalifəti bütün şəxsi, sağlıq, maliyyə, ofis, qeydiyyat problemlərinin ASAN xidmətsayağı həllindən xoşbəxt idi. Gerçək müxalifət də məmnun idi ki, nəhayət, xalqımız bu “prezident aparatında müxalifət partiya sədri işləyənləri” tanıyar. Düzü, xeyli adam da tanıdı.
Ancaq Müzəffər müəllim yenə də qane olmadı.
O təbəəsinin səviyyəsinə o qədər də əmin deyildi. Hərdən ağlına gəlirdi ki, birdən camaat bizim “müxalifət – müxalifət” oyunumuzu başa düşməz, onlara elə gələr ki, bu ölkədəki 50 partiyanın hamısı mənə qarşı doğrudan da müxalifətdir. Odur ki, tapşırıq verdi. Hər ehtimala qarşı bu 48 partiyanı toplayıb, dillərindən bir iltizam alın. Belə də oldu. 48 “müxalifət” partiyasını toplayıb, bir sənəd imzalatdılar ki, bizim bu yutub kanallarında müxalifətçi kimi danışmağımıza çox da bənd olmayın. Bu rejimin qurucusu, banisi Heydər Əliyev elə bizim də ümummilli liderimizdir!
İndi insafla danışaq, bu qədər alaq otunu bir dəfəyə yandırmaq, bu qədər maskalı saxta müxalifətçini belə köklü şəkildə ifşa etmək real müxalifətə, millətimizə yaxşılıq deyilmi?
Bax ona görə də başda yazmışdım ki, nəhayət, millət, müxalifət də İlham Əliyevdən bir yaxşı əməl gördü. Sonra da giley edirlər ki, guya biz bunların yaxşı işlərini görmürük. Yalandır, sadəcə yaxşı iş görmürlər. Siz də şahidsiz ki, Müzəffər müəllimin şəxsi təşəbbüs və zəhməti ilə bir avtobus- 48 “müxalifət” partiyası sədrinin Heydər Əliyevə ümummili lider kimi təqdisini xeyirxah əməl kimi biz də qiymətləndirir, dəstəkləyirik.