Hakimiyyətlə bp arasında qalmaqalın əsl səbəbi nədir?
İlham Şaban: «Müqavilə müddəti bitənə yaxın Azərbaycan üçün daha əlverişli şərtlərlə heç bir şirkət razılaşmaz»
Bu ilin oktyabr ayında ölkə başçısı Ilham Əliyevin bp şirkətini ittiham etməsi ilə başlayan qalmaqal səngimək bilmir. Əliyev bp-ni neft hasilatının aşağı düşməsində və öhdəlikləri yerinə yetirməməsində ittiham edəndən dərhal sonra Qərb mətbuatında hakimiyyəti ifşa edən faktlar ortaya çıxdı. Bunun ardınca hakimiyyətə yaxın mətbuat xarici nəşrlərdə iqtidarın tənqidinə yönələn yazıların arxasında məhz BP-nin dayandığını iddia etməyə başladı. Bu arada şirkət rəhbərliyi kadr dəyişikliyi həyata keçirdi və hasilatı artırmaq məqsədi ilə mütəxəssislər cəlb etdiyini açıqladı. Lakin görünür, bu da rəsmi Bakını qane etmədi.
ARDNŞ prezidenti Rövnəq Abdullayev “Mediaforum” saytına açıqlamasında hasilat artırılmayacağı təqdirdə bp-ni başqa operatorla əvəz edə biləcəklərini bildirib. O, “bp ilə münasibətlərin indiki durumunu necə qiymətləndirirsiniz, “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı artırılmasa, hökumət bp-ni başqa operatorla əvəz edə bilərmi” sualına belə cavab verib: “Niyə eləmir ki? Əgər bu operator işləmirsə, onda biz nə etməliyik? Bu, normal bir haldır və dünyanın hər bir yerində belədir. Operator ona görə təyin olunur ki, işlərə yaxşı rəhbərlik etsin və işləri yaxşı yönəltsin. Əgər yönəltmirsə, dəyişəcəyik”.
“bp-Azərbaycan” şirkətinin rəhbərliyinin dəyişməsinə toxunan ARDNŞ prezidenti deyib ki, kadr dəyişikliyi ilə hasilat artmır. Bu açıqlama Azərbaycan rəhbərliyi ilə bp arasında münaqişənin həllini tapmadığını göstərir.
Lakin konfliktin yaranmasının əsl səbəbləri barədə fərqli fikirlər var. Əldə etdiyimiz məlumata görə, rəsmi Bakını şirkətdən narazı salan səbəb “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarında olan neft ehtiyatlarıdır. Belə ki, Azərbaycan rəhbərliyi BP-dən yataqdakı 2 mlrd. barrel nefti hasil etməyi tələb etsə də, şirkət indiki dövrdə bu addımı atmağa tələsmir. Görünür, dünyada gedən proseslər və son ildə bir neçə dövlətdə baş verən hakimiyyət dəyişikliyi bp-nin Azərbaycanda atacağı addımlarını götür-qoy etməsinə səbəb olur. Bu həcmdə nefti hasil etmək üçün şirkət əlavə 10-12 mlrd. investisiya yatırmalıdır. Şirkətin bu addımı atmaması isə Azərbaycan hakimiyyətini özündən çıxarır.
Azərbaycan hakimiyyəti bu məsələdə bp ilə anlaşa bilməsə, tələb etdiyi neft ehtiyatlarının hasil edilməsi üçün hansı addımlar ata bilər?
İqtisadçı-ekspert Ilham Şaban bp ilə müqavilə bitəcəyi müddətə qədər 730 mln. ton çıxarıla biləcək ehtiyatın olduğunu deyir. Müqavilə 2024-ci ildə bitir, lakin onu daha 5 il müddətinə artırmaq olar. Şirkət sonrakı müddətdə çıxarılacaq neftin həcmini açıqlaya bilməz. ARDNŞ-nin açıqladığı məlumatlara görə, bu ilin sonuna qədər “Azəri-Çıraq-Günəşli” yatağından çıxarıla biləcək neft ehtiyatı 1,2 mlrd tona çatacaq. Müqavilənin müddətinin sonuna qədər qalan 12 ildə isə maksimum 640 mln. ton neft hasil etmək mümkündür. Azərbaycan üçün o neftin tez çıxarılmasının əhəmiyyəti yoxdur. Çünki ölkənin hazırda əlavə vəsaitə ehtiyacı olmadığından əlavə hasilata da ehtiyacı yoxdur.
Ekspertin fikrincə, Azərbaycanla bp arasında yaranan mübahisənin sırf neft hasilatının üzərində olması bir qədər mübahisə doğurur. Yalnız yataqların işlənilməsi ilə bağlı problem yarana bilər. “Azəri-Çıraq-Günəşli”də olan geoloji ehtiyatı bu gün mənimsəmək kommersiya baxımından sərf eləmir.
Ekspertin sözlərinə görə, bp-nin “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilənin müddətinin 5 il uzadılması üçün müraciət etməməsi ilə bağlı ARDNŞ-nin dedikləri də inandırıcı görsənmir.
Faktiki olaraq bp dövlət başçısının qaldırdığı əksər problemləri qısa zamanda həll etməyə nail oldu. Infrastruktur layihələrində məsələ bir qədər mürəkkəb ola bilər. Ancaq bu o demək deyil ki, bp şirkəti Azərbaycandan və “Azəri-Çıraq-Günəşli”dən uzaqlaşdırılacaq.
Ekspert hesab edir ki, “Azəri-Çıraq-Günəşli”dən bundan sonra neft hasil etmək asan olmayacaq, yüksək peşəkarlıq və daim yeni kapital qoyuluşu tələb edəcək. Buna isə müqavilənin müddətinin bitməyə doğru getdiyi bir zamanda Azərbaycan üçün daha əlverişli şərtlərlə heç bir şirkət razılaşmaz.
Fizzə