Gələn ilin büdcəsi təsdiqləndi. Büdcədən müəllimlərin payına on faiz artım düşür. Yəni 150 manat maaşı olan müəllim 15 manat əlavə alacaq. 15 manat bir şalvar pulu da deyil.
Müəllimin artan bu əmək haqqı yenə də polisin aldığı maaşın tozuna çatmayacaq. Özü də polis zabitinin yox, polis serjantının. El-aləmə sirr deyil, polis serjantları adətən iki eşşəyin arpasını bölə bilməyən zümrədən formalışdırılır.
Müəllimlə polis serjantının maaşları arasında uçurumun olması pisdir. Ən pisi odur ki, müəllimlər bu vəziyyətə etiraz etmək yerinə, övladlarını serjant etməklə uyğunlaşmaq istəyirlər.
Polisdən söz düşmüşkən. Ötən gün keçmiş polis generalı Məhərrəm Əliyevin Prezident Administrasiyasında vəzifəyə təyin edildiyini oxuduq.
Bəziləri deyir ki, bu, həm də yaxınlarda general Usubovun həbxsanaya göndəriləcəyinə işarədir. Inanmıram. Ancaq Azərbaycan üçün ən təhlükəsiz variant bu həbs olardı. Niyəsini izah edim.
Qəzet oxuyan camaatımız çoxdan bilir ki, Usubovla Məhərrəmov arasında qəvi düşmən münasibəti hökm sürür. Mətbuat bu iki nəfərin arasında gedən müharibə üçün çox poliqon olub. Məhərrəm Əliyev Ramil Usubovun tabeçiliyində olanda bu müharibələr gedirdi. Yəni o, mərtəbəcə və tabelikdə Usubovdan aşağıda dayansa da, intriqadan çəkinmir, öz tələb və istəklərini nazirə diqtə edirdi. Mən bilmirəm və mənə heç maraqlı da deyil döyüşən bu iki generaldan hansı haqlı, hansı haqsızdır.
Məsələn, bəzisi deyir ki, M.Əliyev daha millətcanlıdır, Usubov isə əksinə. Amma, Rauf Arifoğlunun yazdığı kitabdan şahid oluruq ki, general Usubovun işində millətçi meyillər var, o, məşhur türkçü Murad Acinin kitabının dərcinə köməklik də edib. Xülasə, dolaşıq işdir. Problem ondandır ki, bu iki kəskin ziddiyyətli generalın iş başında saxlanmasından zülmü biz çəkəcəyik. Necə demişdilər: ağalar savaşanda təpik nökərlərə dəyir.
Indi ya biz elli-obalı yığışıb bu iki generalın barışıb xalqın xidmətində durması üçün nəzir-niyaz verməli, qurbanlar kəsməliyik, ya da onların birinin tamam-kamam sıradan çıxması üçün əlimizdən gələni etməliyik.
Məhərrəm Əliyev və onunla birgə yeni vəzifəyə təyin olunanlar Paşayevlərin komandası kimi təqdim olunur. Bu adamların Ramiz Mehdiyevi gücdən salıb hakimiyyətdən uzaqlaşdırmaq kimi missiyaya da kökləndiyi bildirilir.
Mehdiyev hakimiyyətin dayağı olmaqla bərabər, həm də Azərbaycanda Rusiyanın adamı kimi tanınır.
Yada salırıq ki, Mehdiyev Sovet Azərbaycanında Mərkəzi Komitənin ideoloji katibi olur. Bu isə onu asanlıqla deməyə imkan verir ki, Ramiz müəllim vəzifəsinin tələbindən irəli gələrək ciddi “KQB” məktəbi keçib.
“KQB”-nin əsas arxivi Rusiyadadır və nə Mehdiyevin, nə başqasının bu məktəbin üzünə ağ olmaq kimi imkanı, cəsarəti var. Deməli, Mehdiyevi “vurmaq” Moskva ilə üzvi əlaqənin kəsilməsi anlamını da daşıya bilər. Bəs sizcə, Moskva bu cür kobud variantı qəbul edər? Özü də bu addımı rusofil Ilham Əliyev atırsa…
Demək, sadə təhlil onu deməyə əsas verir ki, ya Moskva Mehdiyevin yerinə daha gənc və perspektivli namizəd tapıb, yaxud Ilham müəllimin balans siyasəti üçün qiyamət yetişib və o, zorən qibləgahına asi olur.
Hər iki variant Azərbaycanın siyasi səhnəsi üçün müsbət impuls yaradacaq gücdədir. Ha inkar edilsə də, hakim komandada böhran dərinləşir, bu fonda kütlələrin siyasətə marağı və dəyişiklik istəyi güclənir.
Yeni kadr dəyişikliyi, ölümqabağı dərman qəbuludur. Ölüm labüdləşəndə nə qədər bahalı dərman daxil etsən də, xeyri yoxdur. Ən qiymətli dərmanı orqanizm zəhərə çevirir, ölümü yaxınlaşdırır.

Sarayda baş verənlər nədir?
•