«Məhərəm Əliyevin növbəti mərhələdə iş yeri Daxili İşlər Nazirliyi ola bilər»
Mahal İsmayıloğlu: «Ramiz Mehdiyev 20 illik hakimiyyəti tarixində ilk dəfə seçkini nəzarətində saxlamayacaq»
Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyevə 4 müavinin təyinatı hazırda ölkədə əsas müzakirə olunan mövzulardan biridir. Ölkə başçısının noybrın 30-da imzaladığı sərəncamla PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev R.Mehdiyevə müavin təyin olunublar. Baş verənlər ekspertlər tərəfindən birmənalı qarşılanmır və bildirilir ki, əslində bu dəyişikliklər post-Mehdiyev dövrünə hazırlıqdır. Mövzu ilə bağlı sualları “Xalq qəzeti”nin keçmiş baş redaktoru Mahal İsmayıloğluya ünvanladıq. Ilk sual son dəyişikliyin məqsədi ilə bağlı oldu:
– Bu gələcəyə hesablanan addımdır. Çünki yeni təyin olunan şəxslər funksional baxımdan heç bir səlahiyyətə malik olmurlar. Əvvəlki tək onlara etibar olunmuş sfera ilə məşğul olacaqlar. Amma bu model Rusiyada mövcud olan Prezident Administirasiyasının qurluşuna uyğunlaşdırılır. Belə görünür ki, hakimiyyət qarşıdakı seçkilərə özünəməxsus planla getmək istəyir. Seçkilərdə Ilham Əliyevin deyil, hakimiyyətin etibar etdiyi başqa bir şəxsin namizədliyi irəli sürülə bilər. Bunu qaynaqlandıran səbəblər yalnız onunla bağlı deyil ki, təyin olunan şəxslər rəsmən Ramiz Mehdiyevlə hansı münasibətlərdədir. Onsuz da bu təyinetmədə Ramiz Mehdiyevin istəyi nəzərə alınmayıb. Ramiz Mehdiyevin iradəsi baş verənlərdə həlledici kimi götürülməyib. Prezident Administirasiyasının xüsusiyyəti ondan ibarətdir ki, yarandığı gündən bir-birilə ziddiyyətli şəxslərin yığınağına çevrilib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycandakı Prezident Administirasiyası dünyada analoqu olmayan strukturdur. Burada minə yaxın işçi çalışır. Bu strukturun ona görə anloqu yoxdur ki, burada çalışanların əksəriyyətinin vəzifəsinin nəyə lazım olduğu bilinmir. Hətta Fransa və ABŞ-da prezident administirasiyasında bu qədər şəxs çalışmır. Yalnız Rusiyada Prezident Administirasiyasında Azərbaycandakından çox adam çalışır. Həddindən artıq şişirdilmiş bir aparatdır. Bu qədər adama ehtiyac yoxdur. Görünür ənənəyə uyğun olaraq bu qədər insanın çalışmasına imkan yaradılır.
Əli Həsənov və Fuad Ələsgərovun təyinatlardan kənarda qalması ziddiyyətlərin təzahürüdür
– Bəs Prezident Administirasiyasının ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və Fuad Ələsgərov kimi nüfuzlu şəxslər nəyə görə bu təyinatlardan kənarda saxlanıldı?
– Yalnız bu məqamı vurğulamazdım. Diqqət yetirin yalnız iki şöbə müdirinin vəzifəsi yüksəldi. Zeynal Nağdəliyev və Novruz Məmmədov. Bu baxımdan prezidentin köməkçiləri Əli Əsədov və Vahid Əliyevin vəzifələri azaldılıb. Eyni zamanda Ramiz Mehdiyevə müstəsna yaxınlığı ilə seçilən, onun himayəsi ilə birbaşa yüksələn Əli Həsənovun kənarda qalmağı özü də maraqlıdır. Bundan başqa Fuad Ələsgərovun da vəzifəsinin dəyişdirilməməsi ziddiyyətlərin mövcudluğundan xəbər verir. Bu ziddiyyətlər həm də ona işarədir gələcək komanda da həm Əli Həsənov, həm də Fuad Ələsgərov bir-birinə zidd funksiya daşıyacaq.
Hakimiyyət seçkini Rusiyasız keçirmək istəyir
– Ekspertlər Ə.Həsənovun R.Mehdiyevin, F.Ələsgərovun isə K.Heydərovun komandasına daxil olduğunu nəzərə alaraq bildirirlər ki, onların təyinatlardan kənar qalmaları bu iki şəxsin vurulması deməkdir. Əvəzində isə Paşayevlərə yaxın Əli Əsədov və I.Əliyevin adamı Zeynal Nağdalıyevin vəzifəsinin qaldırılması təsadüfi sayılmır…
– Bunun bir zahiri əlamətləri var, bir də əsas səbəbləri var. Fikrimcə, Ramiz Mehdiyev 20 illik hakimiyyəti tarixi ərzində qarşıdan gələn prezident seçkisini nəzarətində saxlamayacaq. Bütün əlamətlərdən görünür ki, o yaxın vaxtlarda istefaya gedəcək. Bu həm onun sağlıq durumu, həm də beynəlxalq aləmdən Ramiz Mehdiyevin istefası ilə bağlı səslənən təzyiqlərlə bağlıdır. Azərbaycanın Rusiya ilə olan münasibətdə aydın xəttin hiss olunmaması da Ramiz Mehdiyevin təşəbbüsünın zəifləməsi ilə bağlıdır. Rusiya Azərbaycana qarşı təzyiq rıçaqını işə saldıqca Ramiz Mehdiyevin Kremldən aslılığı açıq şəkildə görünür. Hazırda çox maraqlıdır ki, dekabrda MDB ölkələrinin sammitindən sonra münasibətlər daha kəskin formaya keçə bilər. Yəni, Azərbaycanla Rusiya arasında münasibətlər rəsmi Bakının Kremlin şərtlərini qəbul etməyəcəyi təqdirdə gərginləşəcək. Bu isə artıq münasibətlərin ciddi aspektə yönəlməsi deməkdir. Belə bir zamanda Moskva ilə bağlılığı açıq şəkildə görünən Ramiz Mehdiyev siyasi səhnədə lazım olmayan fiqura çevrilib. Buna səbəb hakimiyyətin manevr imkanları əldə etmək istəyi ilə bağlıdır. Hakimiyyət Rusiyanın ənənəvi himayəsi olmadan seçkini keçirmək niyyətindədir. Iqtidar siyasi, texnaloji dəstək olmadan belə bir addım atmağa hazırlaşır. Bu isə o deməkdir ki, hakimiyyətin növbəti mərhələdə fərqli namizədinin ola biləcəyi ilə bağlıdır.
Məhərrəm Əliyevin təyinatı gələcək nazirin kim olacağına işarədir
– Məhərəm Əliyevin də Prezident Administrasiyasına gətirilməsi ciddi müzakirə mövzusudur. Məhərrəm Əliyevin Ramiz Mehdiyevin kadrı olan Ramil Usubovla gərgin münasibətlərdə olduğu məlumdur. Bu baxımdan Məhərrəm Əliyevin vəzifəsinin dəyişdirilməsi hansı nəticələr doğura bilər?
– Məhərrəm Əliyevə təqdim olunan vəzifə indiyə qədər yox idi. Prezidentin bu funksiyanı daşıyan bir köməkçisi və ya Administirasiyada hər hansı işçi olmayıb. Yəni strukturda indiyə qədər belə bir vəzifə olmayıb. Bu post indi yaradılır. Biz sadiqliq nöqtəyi nəzərindən götürsək, Məhərrəm Əliyevin özünün də yaşlı kadr olması unudulmamalıdır. Onun yaşı altmışı aşıb və uzun illərdir polis sistemində işləyib. Belə bir şəxsin ordunun təchizatı ilə bağlı vəzifəyə təyin olunması maraqlı statusdur. Çünki ordu ilə polis funksional baxımdan fərqlidir. Daha maraqlı cəhət ondan ibarətdir ki, şöbə müdiri vəzifəsinə təyin olunan adamın vəzifəsi, rütbəsi general-leytenant rütbəsinə qədər qaldırılır. Bütün bunlar göstərir ki, təkcə hakimiyyət daxili ziddiyyətlər ortada deyil və başqa müzakirə predmetləri də mövcuddur. Həm də komanda daxilində bir qruplaşma gedir. Bu qurplaşmalarda sadiqlər və sadiq olmayanlar artıq sıraya düzəlirlər. Əgər Ramiz Mehdiyevin mövqeləri zəifləyirsə, Ramil Usubovla gərgin münasibətlərdə olan Məhərrəm Əliyev vəzifəyə gətirilirsə, güman etmək olar ki, onun növbəti mərhələdə iş yeri Daxili Işlər Nazirliyi ola bilər. Çünki Ramil Usubov da on yeddi ildən çoxdur ki, daxili işlər naziri vəzifəsində çalışır. Yaşı da artıq dövlətin qəbul etdiyi normalara uyğun deyil. Gözləniləndir ki, Məhərrəm Əliyevin təyinatı gələcək daxili işlər nazirinin kim olacağına bir işarədir.
İqtidar hazırda ən gözlənilməz zərbələri ala bilər
– Belə bir fikir də mövcuddur ki, Məhərrəm Əliyevin bu posta gətirilməsi müvvəqəti addımdır. Burada əsas məqsəd Gülər Əhmədovanın videollarının hüquq-mühafizə orqanlarında yaratdığı narahatlığı aradan qaldırmaq və müəyyən araşdırmalar aparmaqdır?
– Məhərrəm Əliyevin bu cür təyinatı ona rütbə verilməsi və ayrıca şöbə yaradılması təsadüfi deyil. Açıq şəkildə görünür ki, burada ciddi dəyişiklik gözlənilir. Maraqlı bir məqam ondan ibarətdir ki, on yeddi il ərzində Ramil Usubovun ətrafı yetərincə Daxili Işlər Nazirliyi strukturunda kök salıb. Nəzərə almaq lazımdır ki, Məhərrəm Əliyev bütün iş karyerası boyunca Ramil Usubovla ziddiyyətdə olub. Belə bir adam Daxili Işlər Nazirliyinə gətirilərsə, o zaman bu strukturda çox böyük təmizlənmə, yerdəyişmələr getməlidir. Aydın məsələdir ki, elə Məhərrəm Əliyevlə Ramil Usubovun ziddiyyətdə olmasına bir səbəb də sonuncu tərəfindən idarə olunan kadrlar olub. Ona görə Məhərrəm Əliyev nə qədər vəd versə də o daxili işlər naziri təyin olunan zaman Ramil Usubovun kadrlarının bir çoxu bu struktur ilə vidalaşmalı olacaq. Istər Prezident Administirasiyasında təmərküzləşmə, istərsə də Daxili Işlər Nazirliyinə yönələn niyyətlər göstərir ki, baş verənlər təkcə daxili strukturu nizama düzmür. Eyni zamanda hakimiyyətə yönələ biləcək təhlükəni aradan qaldırmağa hesablanıb. Bu təhlükələr isə müxtəlif ola bilər. Əgər hakimiyyət başına başqa bir namizəd gətiriləcəksə, bu planın təhlükə altına düşməməsi üçün qabaqlayıcı müəyyən addımlar atmaq gərəkdir.
Hüquq-mühafizə orqanları ilə bağlı açıqlanan videolara gəlincə isə burada maraqlı bir situasiya meydana çıxıb. Amma görünən odur ki, Elşad Abdullayev Məhərrəm Əliyevə yaxın adamlardan daha çox Ramil Usubovun ətrafı ilə təmaslarda olub. Ola bilər ki, hakimiyyətin yeni planlarının iflasa uğramamağı üçün indidən bu işlə əlaqəsi olmayan şəxslər prosesə cəlb olunur. Məhərrəm Əliyev Elşad Abdullayevin qardaşının xilası ilə bağlı cəhdlərində ittiham olunmur. Amma seçkiyə qədər hələ situasiya çox dəyişəcək. Ona görə hakimiyyətin planlarını poza biləcək situasiya hər an yarana bilər. Bütün atılan addımlar o demək deyil ki, bu rejimin ömrünü uzatmağa kömək edəcək. Ölkədə korrupsiya danıla bilməyəcək səviyyəyə çatıb. Hakimiyyətə qarşı narazılıq pik həddədir. Iqtidar ən gözlənilməz zərbələri ala bilər. Tarix boyu korrupsiya və rüşvət istənilən hakimiyyəti uçuruma aparan bir səbəb olub.
Xəyal