Siyavuş Novruzov “Milyarderlər İttifaqı”nın təsisçisini “soyu bəlli olmayan” adlandırdı
YAP-ın icra katibinin müavini deputat Siyavuş Novruzov Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən olan, Söyün Sadıqovu təhqir edib. O, Səs İnformasiya Agentliyinə müsahibəsində Söyün Sadıqov haqqında bunları deyib: “Xüsusilə o təşkilatda özünü “ağsaqqal” kimi aparan, rəhbərlik etmək istəyən, hətta adı, soyu bəlli olmayan “Söyündü”, yoxsa “Soyundu” bilmirəm, bu adamın üzünə baxanda aydın olur ki, təzəcə bazardakı piştaxtanın arxasından çıxıb, iddia edir ki, mən təşkilatın rəhbəriyəm və ermənilərlə danışıqlar aparır. Ondan soruşmaq lazımdır ki, sən kimsən və sənə bu səlahiyyəti kim verib? Birincisi, sən Azərbaycan vətəndaşı deyilsən, Gürcüstan, daha sonra Rusiya vətəndaşı olubsan. Eyni zamanda yoxlamaq lazımdır ki, o doğrudan da azərbaycanlıdır, yoxsa yox. İkinci bir tərəfdən onun internet saytlarındakı danışıqlarına, müsahibələrinə baxanda, qulaq asanda hər bir azərbaycanlı xəcalət çəkir ki, ermənilərin qarşısında Azərbaycanı özbaşına gör kimlər təmsil edir…
…Simasına baxanda başı başdan çox “xaşa” oxşayan bir bazar alverçisi Azərbaycan haqqında, işğal olunmuş əraziləri, gələcək taleyi haqqında danışır. Nə təhsili, səviyyəsi, dünyagörüşü, nə də danışıq tərzi, görüntüsü imkan vermir ki, bu adam Azərbaycanı təmsil etsin. Yəni belə ünsürlər Azərbaycanın adına xələl gətirir. Digər bir tərəfdən onun müsahibələrinə qulaq asanda bu adamın dünyadan, siyasətdən nə qədər uzaq olduğu ortaya çıxır. Bəlli olur ki, onun ipi kiminsə əlindədir və ortalıqda oynadır. Bu cür də azərbaycanlılara hörmətsizlik edir. Bütün bunların nəticəsi olaraq onun ətrafında olan insanlar artıq bu gün bəyanat verib təşkilatdan uzaqlaşırlar və bu proses hələ davam edəcək.
…Azərbaycan xalqı, ictimaiyyəti sənə mandat verməyib, ümumiyyətlə, Azərbaycanda səni tanıyan yoxdur. Kimsən, nəçisən? Bəllidir ki, bazar alverçisisən. Sənin başqa bir adın yoxdur. Get alverinlə məşğul ol”.


