Mübarək getmir. Mübarək gedib!

Misir prezidenti Mübarək hələ də postundadır. Ancaq o, indi dırnaqarası prezidentdir. Indi onu ölkədə prezident sayan bir özüdür, bir də… kriminal komandası. Xalq daha onu prezident saymır. 2 fevral olayları ilə Mübarək özünü bütün xalqın deyil, bir qrupun prezidenti olaraq göstərdi. Gerçəyə qalsa, bu, bütün diktatorların gəlib çıxdığı bir sonucdur. Mübarək bu sonucu özünün otuz illik diktatorluğu ilə yaradıb. Bu gün Misirdə, bütün Ərəb dünyasında olduğu kimi, hər yerdə diktatura rejimləri uzun-qısalığından asılı olmayaraq özləri üçün ACIQ GÜNÜ yetişdirirlər. Hərəsinin öz çağı var!Misir xalqı axın-axın küçə-meydanlara çıxaraq Mübarəkə “Get!” deyir.

Mübarək manyakcasına xalqı qırğına verərək “Getmərəm!” deyir. Gör iş nə yerə çatıb: ABŞ, Türkiyə, Britaniya, Fransa kimi dövlətlərin başçıları, “Get!”, bu adam “Getmirəm!” deyir. Ortaya gerçəkdən bir manyakcasına düşüncə görsənişi çıxır. Açıq-aydın görünür: bu adam reallıq duyğusunu itirib; bütün xalqa, demokratik dünyaya meydan oxumaqdadır. Ən azı, belə bir dirəniş sonucu olaraq öldürülən Rumıniya prezidenti Çauşeskunu, Iraq prezidenti Səddamı da yada salmır, göz önünə gətirmir. 

Içdən, dışdan bir belə basqılardan sonra görün o nə deyir: “Mən hakimiyyətdən bin Əli kimi getməyəcəm!”. Soruşmaq gərəkir: sənin variantın nədir? Son iyirmi-otuz illik siyasi praktikadan göründüyü kimi, diktatorların hakimiyyətdən getməyinin iki başlıca variantı var: qovulmaq, öldürülmək. Qovulmaq variantından daşınan diktator istər-istəməz öldürülmək variantı ilə üzləşməli olur. Indiki durumda demokratik dünyanın göstərdiyi varianta – hakimiyyəti könüllü olaraq xalqa vermək variantına üstünlük vermək yerinə,

Mübarək bu ideyanı “ölkənin iç işlərinə qarışmaq” kimi dəyərləndirir. Özlərinə ən yüksək, az qala tanrısal status qazandırmış diktatorlar üçün “ölkənin iç işləri” anlayışının özü də tanrısal bir anlayışdır: diktator hər cür qanunsuzluğa, hər cür vəhşiliyə əl atmaqla xalqla istədiyi kimi davrana bilər – dünya bütün bunları “ölkənin iç işləri” sayaraq, susmalıdır: budur diktatorun istəyi! Dəyişən, qloballaşan dünyada, ən başlıcası, əski stereotiplər dəyişir; özgürlük, demokratiya, insan hüquqları kimi dəyərlər də qloballaşaraq YENI DÜNYA DÜZƏNINDƏ aparıcı faktorlara çevrilir.

Bütün bunları hələ indiyədək qanmayan diktator xalqın böyük basqıları qarşısında qorxuya düşərək bir yandan xalqı, demokratik dünyanı aldatmağa çalışır (çağ uduşuyla); bir yandan qloballaşma-demokratikləşmə proseslərinə qarşı çıxır; o biri yandan “ölkənin iç işlərinə” özünün toxunulmaz hüququ kim baxılmasını istəyir. Keçməz! Bunu Obama hökuməti açıq bildirdi: xalqın istəyi yerinə yetirilməli, yubanmadan hakimiyyətdən çəkilməlisən! Belə bir buyruğa görə bizlər Ağ evi yalnız alqışlaya bilərik! Rədd olsun diktatura! Yaşasın demokratiya!!Misir bütünlüklə ayaq üstədir: xalqla Mübarək yandaşları arasında əlbəyaxa çarpışma gedir.

Ölənlərin sayı üç yüzə çatır, yaralananlar minlərlədir. Avropada, Amerikada Misir xalqı ilə birlik aksiyaları keçirilir. Yuxarıda da göstərildiyi kimi, Böyük Atatürk Türkiyəsi başda olmaqla demokratik hökumətlər Misir xalqı ilə birlik sərgiləyərək Mübarəkə qarşı çıxır. Yaranışından özünü oyuncaq qurum olaraq göstərən Islam Konfransı Təşkilatı susur, islam liderləri, eləcə də dünənədək bizə hicab-namus dərsi keçən islam din başçıları, onlara əlaltılıq eləyənlər hamılıqla… hicaba bürünüb susurlar.

Hanı Irandan bizə hicab-namus ultimatumu göndərən ayətullalar? Hanı başqa çağlarda bar-bar bağıraraq Amerikanı “haqsız-ədalətsiz dövlət” olmaqda suçlayan Iran Islam Respublikasının prezidenti Əhmədinejat? 

Hanı bu ölkənin yüksək din başçısı, Amerika düşməni Xamenei? Susurlar: özləri də Hüsnü Mübarək yoldaşı, diktatura yolçuları olduqlarına görə!