Aktyorun həyatdakı rolu

Yaxşı film üçün çalışıb, amma pis həyat yaradanlara örnək…
“Yaxşı film üçün çalışıb, amma həyatın özünü pisləşdirənlərə kömək etmək sadəcə dəhşətlidir!” fikrini nə vaxtsa istedadlı rejissor Ayaz Salayev barədə söyləmişəm. Bu sözə ondan daha çox uyğun gələnlər var, amma məhz onun timsalında oğru və yalançı hakimiyyətimizin amirəliyini qəbul edən, hətta ona can-başla xidmət edən sənət adamlarının mahiyyətini açmaq üçün belə bir müqayisə aparmalı olmuşdum.
…Maraqlı bir müzakirə idi. Bir məclisdə hörmət etdiyim insanlar məni sual yağışına tutdular. Qınaq dolu və narazı suallarla. Axı niyə biz yazarlar tanınmış ziyalılar, yazıçılar, şairlər, sənət adamları barədə sərt tənqidi fikirlər söyləyirik? Mən xeyli susdum, hamını dinlədim və soruşdum:
– Siz gördünüzmü ki, biz bu illərdə bircə dəfə çox tanınmış və istedadlı yazıçı olan Sabir Əhmədlini tənqid edək, qınayaq?
Cavab olmadı. Yenə də eyni dəlili eşitdim:
– Amma çox istedadlı insanları tənqid edirsiniz…
Onda mən aşağıdakı fikri söylədim:
– Əvvəla, heç də onların hamısı istedadlı adamlar deyil. Tutaq ki, bəziləri istedadlı adamlardır. Məgər bu onlara haqq verir ki, yaxşı əsər yaradır deyə, həyatımızı pisləşdirən siyasətə qulluq etsinlər? Ayaz Salayevi götürək, yaxşı film üçün çalışır, amma həyatımızı zülmə soxan siyasətin oyununda iştirak edir. Bu dəhşətlidir! Elə biz də bunu tənqid edirik. Haqlı deyilik bəlkə? Bəlkə Təhminə obrazı yaratdığı üçün Anarın korrupsioner hökumətə tərif yağdırmasına sakit və xoş baxmalıyıq?
Həmin gün müzakirəmiz uzun-uzadı davam etdi və bitmədi…
Həyat da davam etdi. Bir gün bizim susmaqda qınadığımız ziyalı və sənət adamlarından ən ünlüsü – Rüstəm Ibrahimbəyov hər şeyi etiraf etdi. Etiraf etdi ki, onlar uzun müddət susublar və ölkə fəlakətin astanasına gəlib. Bildirdi ki, artıq susmamalı, ölkəni xilas etməlidirlər.
Amma əvvəldən də susmayanlar vardı. Yaşına, həyat yoluna görə kifayət qədər tanınmış idi, üstəlik, çox istedadlı idi. Onu böyük şöhrət gözləyirdi. Onu tamaşalarda, filmlərdə böyük rollar gözləyirdi. Lakin həyatdakı rolunu unutmadı. Tamaşada yaxşı rol yaradıb, həyatda pis rol oynamaq istəmədi. Mən aktyor Ilqar Cahangiri deyirəm. Səhnədə aktyorluq edirdi, həyatda artistlik etmirdi. Həqiqəti də çəkinmədən deyirdi. Bir müddət öncə jurnalistə verdiyi açıqlamanı oxuyun və əsl ziyalının, əsl sənət adamının, əsl vətəndaşın kimliyinin görün.
Aktyorun jurnalistə verdiyi cavab: “Prezidentimiz idman yarışlarına gedir. Amma bir dəfə teatra gəlmir. Marağı yoxdur, teatr bunu maraqlandırmır. Dövlət bizi asılı edib. Teatrda hansı otağı açırsan, Ilham Əliyevin, Heydər Əliyevin şəklidir. O teatr böyük aktyorlar yetişdirib. Bir dənə aktyor şəkli yoxdur, bir dənə rejissor şəkli yoxdur. Bura teatrdır. Elə otaq var ki, orda Ilham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar…”.
Ölkəni bürüyən yaltaqlığın fonunda bu adama aktyor, sənət adamı deməklə sakitləşə bilmirsən. Ona “qardaşım!” deyirsən! Onu işdən çıxaran və bütün digər yaltaqların acığına şəklini də otağından asırsan!