Vasif Talıbov üsyan çağırışından qorxuya düşüb

Asəf Quliyev: «Hakimiyyət çalışır ki, Naxçıvanda yerli əhalini cəmiyyətdə baş verən siyasi aktivlikdən kənarda saxlasın»

Elman Abbasov: «Hazırda Muxtar Respublikanın ərazisində fərqli düşüncə sahiblərinə qarşı ciddi təzyiqlər, mənəvi-psixoloji basqı var»

Qəzetimizin son sayında siyasi fəalların və ailə üzvlərinin izlənilməsinə, onların mobil telefonlarına təhdidedici mesajlar göndərilməsinə dair məlumat vermişdik. Naxçıvanda siyasi fəallara qarşı təzyiqlərlə bağlı “Demokratiya və QHT-nin Inkişaf Resurs Mərkəzi”nin yaydığı bəyanatda qeyd olunurdu ki, son vaxtlar yerli hakimiyyətin ictimai-siyasi fəallara təzyiqləri artmağa başlayıb. Onların özləri və ailə üzvləri izlənir. Mobil telefonlarına təhdidedici mesajlar göndərilir, sosial şəbəkələrdə təhqir olunaraq, qara PR kampaniyası aparılır.
AXCP sədrinin müavini Asəf Quliyev bildirdi ki, cəmiyyətdə siyasi aktivliyin yüksəlməsi Naxçıvandakı proseslərə də təsirini göstərib. Xüsusilə Naxçıvan ərazisində hakimiyyət əleyhinə vərəqələrin paylanmasının yerli orqanları narahat etdiyini deyən A.Quliyev vurğuladı ki, hakimiyyət bu narahatlığın qarşısını almaq üçün müəyyən metodlardan istifadə edir: “Müxalifət nümayəndələri həmişə Naxçıvanda nəzarət altında olub. Ötən ay Ictimai Palatanın Naxçıvanda toplantısı keçirilmişdi. Sonradan həmin toplantıda iştirak edən şəxslərin bəzilərinə təzyiqlər göstərilməyə başladı. Hakimiyyət çalışır ki, Naxçıvanda yerli əhalini cəmiyyətdə baş verən siyasi aktivlikdən kənarda saxlasın. Bu tendensiyanın qarşısını almaq mümkün deyil. Qarşıdan prezident seçkiləri gəlir. Siyasi aktivlik ilidir. Hakimiyyətin insanların azadlığını bu cür formada məhdudlaşdırması, qarşısını alması, siyasi partiyaların fəaliyyətinə mane olması Konstitusiyaya ziddir”.
Hakimiyyətin Naxçıvanda bu cür siyasətinin davam edəcəyi təqdirdə vəziyyəti beynəlxalq arenaya çıxarılmasının vacib olduğunu düşünən A.Quliyev vurğuladı ki, ATƏT və Avropa Şurası məsələyə münasibət bildirməlidir.

“Demokratiya və QHT-nin Inkişaf Resurs Mərkəzi”ndə fəaliyyət gostərən hüquq müdafiəçisi Elman Abbasov qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Muxtar Respublikanın ərazisində fərqli düşüncə sahiblərinə qarşı ciddi təzyiqlər, psixoloji, mənəvi basqı var. Fəal şəxslərin telefonlarının, elektron ünvanlarının izlənməsinin və ünvanlara müdaxilə olunmasının adi hala çevrildiyini deyən E.Abbasov vurğuladı ki, ölkə ərazisində siyasi aktivliyin artması Naxçıvana da öz təsirini göstərib. Bu isə öz növbəsində hakimiyyəti narahat etdiyindən bu cür təzyiqlərə başlanılıb: “Demokratiya və QHT-nin Inkişaf Resurs Mərkəzi” vətəndaşlara pulsuz hüquqi yardım göstərir. Amma biz fəaliyyətə başlayandan sonra məlum oldu ki, bizim yanımıza gələn şəxslər daha sonra hüquq-mühafizə orqanlarına çağırılaraq incidilirlər. Yerli hakimiyyət eyni zamanda siyasi fəallara qarşı da təzyiqlər edir. AXCP Naxçıvan Rayon Şöbəsinin sədri Yaşar Bağırsoya qarşı təzyiqlər də bunu təsdiqləyir”.
Naxçıvan ərazisində hakimiyyət əleyhinə çağırış vərəqələrinin yayılması barədə informasiyalara da toxunan E.Abbasov vurğuladı ki, bu vərəqələrin yayılması yerli hakimiyyətin əməli ola bilər: “Biz bu vərəqələri axtarsaq da tapa bilmədik. Hakimiyyətin siyasi fəallara qarşı hücumu bu vərəqələrlə əsaslandırılır. Amma o da ola bilər ki, bu vərəqələr bilərəkdən hücumlara zəmin yaratmaq üçün yayılıb”.

Hikmət