Bayraq dirəyini bərkidə bilmirlər

Meydanda çoxlu texnika cəmləşib; sakinlər evlərinə buraxılsa da, FHN-nin əməkdaşları binanın qarşısında keşik çəkir

 

Bayraq dirəyi ilə bağlı problem hələ çözülməyib. Bayrağın yerinə asılmaması belə deməyə əsas verir. Xatırladaq ki, fevralın 2-də gecə saatlarında bayraq dirəyi laxlaması müşahidə olunub. Dərhal Bayraq meydanının yanındakı 9 mərtbəli binanın sakinləri “Cretsen Beach Hotel” və “Grand Hotel”ə köçürülüblər. Həmçinin əraziyə verilən qaz kəsilib.
Səhər saatlarında isə “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Fövqəladə Hallar Nazirliyi ərazini nəzarətə götürüb. Meydanın yanındakı binanın qapısı isə möhürlənib. Nazirliyin texnikası və təhlükəsizlik xidməti, həmçinin 200-dən artıq polis əməkdaşı Meydana tərəf heç kəsi buraxmayıb. Üstəlik ərazidə bir neçə Təcili Tibbi Yardım maşını da hazır vəziyyətdə saxlanılıb. Polislər hadisə yerində olan mətbuat nümayəndələrini əraziyə buraxmayıb. Onlara təzyiqlər edilib.
Elə həmin gün Fövqəladə Hallar Nazirliyi (FHN) dirəyin bərkidilməsi ilə bağlı işlərin uğurla aparıldığını bildirib. Lakin bayrağın dirəyə asılmaması FHN-nin məlumatını şübhə altına alır. Eyni zamanda meydan hələ də ciddi nəzarətdədir. Oraya heç kim buraxılmır.
“Turan”ın məlumatına görə, FHN və “Azərenerji”nin mühafizə xidməti dirəyin fotosunu çəkmək və ya şərh almaq istəyən jurnalistləri təqib edir. Meydana yaxınlaşanların hamısı oradan uzaqlaşdırılır.
Heç yerdən şərh almaq mümkün deyil. Yaxın evlərin sakinləri isə çaxnaşma içindədir, belə ki, ikinci dəfə onları evakuasiya edirlər. Onlar köçməli olacaqlarından ehtiyatlanırlar, çünkü bu, Bakıda sonuncu külək deyil.
“Mediaforum” saytı isə məlumat yayıb ki, meydanın yaxınlığındakı doqquzmərtəbəli binadan təxliyə olunmuş sakinlər evlərinə buraxılıb. Proses dünən səhər saatlarından başlayıb. Məlumatı sözügedən binanın sakini Asim Ibrahimov verib.
O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin binadakı mənzillərin qapısına vurduğu plomblar açılıb və sakinlər evlərinə buraxılıb: “Hazırda heç bir hoteldə, yataqxanada sakin qalmayıb”.
Asim Ibrahimov qeyd edib ki, sakinlər evlərinə köçsə də ərazidə, eləcə də binanın qarşısında FHN-in əməkdaşları dayanıblar: “Dövlət Bayrağı Meydanında isə çoxlu texnika var. Amma heç bir proses getmir”.

 

İnformasiya şöbəsi