Tanınmış aktyor, “Pərvanələrin rəqsi” serialının “Orxan”ı İlqar Cahangirov Gənc Tamaşaçılar Teatrından işdən çıxarılıb.Buna səbəb aktyorun bir neçə gün əvvəl ölkə saytlarından birinə verdiyi müsahibə olub. Aktyor müsahibədə hakimiyyəti ədalətsizlikdə, riyakarlıqda təqsirləndirib. Teatr aktyorlarının “xeberle.com”a verdiyi xəbərə görə, bu barədə İlqar Cahangirə heç bir xəbərdarlıq edilməyib.
Aktyorun işdən çıxarılmasına səbəb olan müsahibə:
İlqar Cahangir: “Nazirimizin başı turizmə necə qarışıbsa, mədəniyyət yaddan çıxıb”
“Xalqımı savadlı və cəsarətli görmək istəyirəm”
Hakimiyyəti ən sərt tənqid edən, haqsızlıqları qorxmadan, çəkinmədən deyən aktyor kimdir sualını verəndə yada düşür İlqar Cahangir. Müxalifətçilərin hayqırtısına öyrəşmişik, təəccüblənmirik. Ancaq bir aktyorun, müəllimin, həkimin etirazına dayanmaq olmur. Elə hey onları danışdırmaq, dinləmək istəyirik. Onlar danışsın. Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangir elitar.info-ya danışır:
– Hakimiyyəti ciddi tənqid edənlər arasında barmaqla sayılan, hətta birinci aktyorsunuz deyərdik. Buna görə Sizə hər hansı bir təzyiqlər, qınaqlar olur?
– Yox, birbaşa təzyiqlər olmur. Amma son zamanlar özümü işimdə yalqız hiss edirəm. Qınaq məsələsinə gəldikdə isə deyə bilərəm ki, məsləhət verən, ağıl verənlər olub. Çoxu da məni istədiklərindən edib.
– İlqar Cahangiri nə vadar edir ki, hakimiyyəti bu formada sərt tənqid edir?
– Hakimiyyətin haqsızlığı, saxtakarlığı, riyakarlığı, özbaşınalığı.
– Niyə hesab edirsiniz ki, hakimiyyət teatrdan qorxur?
– Bilirsiniz, teatr bir güzgüdür. Hakimiyyət isə özünü olduğu kimi görməkdən qorxur.
– Müsahibələrinizin birində demişdiniz ki, bir zamanlar küsmüşdünüz, teatrdan uzaqlaşıb başqa işlərlə məşğul olur, bazarda corab satırdınız. Hətta həmin zaman polis satdığınız corabları dağıtmaq, sizə mane olmaq da istəyib. Vəziyyət dəyişdi deyə yenidən teatra qayıtdınız, yoxsa teatrsız qala bilmədiniz?
– Əslində küsməmişdim. Həmin vaxt maddi vəziyyət, durum lap pis idi. Buna görə də bazarda corab satırdım. Sonra gördüm ki, qala bilmirəm. Yenidən teatra qayıtdım… Polislər gəlib özbaşına (Rus dilində daha dəqiq desək – “naxalno”) satdığım corabdan götürəndə dayana bilmədim, əlindən alırdım, vermirdim…
– Mədəniyyət və Turizm Nazirliyi hara baxır?
– Hə, bir dəfə yazmışdım, bizim nazirimizin başı turizmə necə qarışıbsa mədəniyyət yaddan çıxıb.
– Vaxtilə Xalq Teatrları fəaliyyət göstərərdi. Həvəskarlar bu teatrlarda formalaşıb daha sonra böyük səhnələrə çıxardılar. İndi Xalq Teatrlarından əsər əlamət qalmayıb. Ən böyük Xalq Teatrını da söküb yerində Bank tikdilər. Yəqin bir aktyor kimi bütün bunlar sizə ağır gəlir…
– İndi özfəaliyyət, xalq teatrlarının aktyorları formalaşmamış, püxtələşməmiş Dövlət teatrlarında işləyirlər. Ona görə də teatrlarımız bu gündədir. Belə desək, hər şey göz qabağındadır. Azad, yaradıcı teatra bu ölkədə yer yoxdur. Teatrı da bunlar dövlət obyekti kimi görürlər.
– “Pərvanələrin rəqsi” serialına çəkilirsiniz. Serial teatrın yerini verir?
– Mənim üçün nə film, nə də serial heç bir tamaşamın beş dəqiqəsinin həyəcanını yaşada bilməz. Filmdə oynadığın obraz alınmayanda yenidən çəkmək, bir daha demək olur. Amma teatrda həmin an bir dəfə olur.
– Bir zamanlar deyirdilər ki, ziyalılar, müəllimlər, aktyorlar susurlar. Ancaq indi ziyalılar da hakimiyyəti tənqid edir. Hələ ki, dəyişiklik olmur. Sizcə dəyişiklik gözlənilir?
– Kütləvi savadsızlıq olan ölkədə ziyalı tənqidi xalqda ironiya yaradır. Tənqid xalqın mübarizəsinə çevriləndə dəyişiklik baş verir.
– Çoxları deyir ki, teatr ölüb. Bəziləri tamaşaçıların şouya meylli olduğunu, bəziləri isə tamaşaların köhnəldiyini, teatrda yeniliklərin olmadığını deyir. Siz necə düşünürsünüz? Niyə teatra gələnlərin sayı əvvəlki illərə nisbətən azalır?
– Nə vaxta kimi teatrlarımızda hakimiyyət diktəsi olacaq, nə tamaşadan, nə də tamaşaçıdan danışmaq olmaz.
– Ezop-un dili ilə ürəyinizdən keçən daha nələr demək istəyərdiniz?
– Xalq maariflənməlidir. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir maarifi. Amma biz onları əyləncəyə çevirib, gülürük. Savadsızlıq xalqa laqeyidlik, qorxaqlıq gətirər. Mən isə xalqımı savadlı və cəsarətli görmək istəyirəm.
– Ezop-u sizin kimi möhtəşəm yaradan olmayacaq!
– Hər dövrün öz Ezopu olacaq.