Əli Kərimli olan sorğularda trollar da Əliyevi xilas edə bilmir

Natiq Ədilov

Dostlar, sizin üçün çox maraqlı faktları bir yerə toplayıb, analiz də etmişəm.
Yəqin ki, son bir ayda yutubda keçirilən sorğuların bəzilərindən xəbəriniz olub. Ancaq şübhəsiz ki, hamısını izləməmisiz. Son bir ayda müxtəlif yutub kanallarında keçirilmiş siyasi liderlərin 8 reytinq sorğusunun nəticələrini qeydə alıb, ümumiləşdirdim.
Əvvəlcə deyim ki, xeyli partiya sədrlərinin adı salınsa da sorğuların hamısında əsas yarış Əli Kərimli ilə İlham Əliyevin arasında gedib. İkinci də onu vurğulayım ki, sorğuların keçirildiyi yutub kanallarının heç biri bizim nəzarət etdiyimiz kanallar deyil. Sorğu keçirmiş kanalların yalnız birində – “Azad söz” kanalında Əli bəyin vaxtaşırı müsahibələri yayımlanır. Digər kanalların auditoriyası Əli bəyi heç öz kanalllarında görməyib.
Bütün bunlara baxmayaraq sorğuların hamısında xalq qələbəni AXCP sədrinə verib. Nəticələr belə olub. Türkiyəyə aid Sərbəst kürsü kanalında Əli Kərimli 53%, İlham Əliyev 33%. “Azad söz” kanalında keçirilmiş sorğuda Əli Kərimli 40%, İlham Əliyev 33%. Paz tv kanalında keçirilmiş 1-ci sorğuda Əli bəy 41% – İlham Əliyev 25%, ikinci sorğuda isə Əli Kərimli 48%, İlham Əliyev 26%. Repressiyaya son kanalının sorğusunda Əli Kərimli 63%, İlham Əliyev 26% səs toplayıb. Bundan əlavə Əliyevin adının daxil edilmədiyi daha 3 sorğuda da Əli Kərimli qalib olub. Bumerang medianın keçirdiyi 2 sorğuda Əli Kərimli 45 və 46 faizlə, Paz tv-nin keçirdiyi sorğuda isə 72%lə qalib olub. Beləliklə, Əli Kərimlinin adının daxil edildiyi 8 sorğunun hamısında Əli bəy qalib olub. Onun bu 8 sorğudakı ortalama səs faizi 51% olub. İlham Əliyevin adının daxil edildiyi 5 sorğuda Əliyevin ortalama səs faizi 28,6% olub.
Ancaq onu da hamımız yaxşı bilirik ki, bu nəticələr də hələ gerçək nəticə deyil. Hər dəfə sorğular keçiriləndə minlərlə trol sorğularda Əliyevin xeyrinə səs verməklə onun əslində daha az olan səsini qaldırıb. Trollar Əliyevin səsini saxta yollarla qaldırmaqla həm də xalqın Əli Kərimliyə verdiyi səslərin də faizini süni şəkildə xeyli aşağı salıb. Beləliklə,nəhəng trol ordusu öz ali baş komandanı xeyrinə saxtakarlıq etdikdən sonra belə Əliyev Kərimliyə 28-51 nisbətilə uduzub. İlham Əliyevin son vaxtlar daha da aqressivləşməsinin səbəbini də xalqın real müxalifətə verdiyi dəstəkdə axtarmaq lazımdır.
Dostlar, əlbəttə ki, mən yaxşı bilirəm ki, yutubda keçirilən bu sorğular elmi sorğular deyil. Ancaq bu sorğular da xalqın ovqatını bilmək üçün önəmli və yetərlidir. Bu sorğularda azı 100 min adam iştirak edib və sorğular xalqın ovqatını, siyasətçilərə münasibətini ifadə edir. Bu münasibət haqda nə demək olar? Xalqımız doğrudan da ədalətlidir. Kimin ona zülm etdiyini də, kimin onun üçün sinəsini sipər etdiyini də bilir.