AYB ilə üzvü arasında ev qalmaqalı

Şair Aydın Uluxanlı: «Anarı mətbuatda bir neçə dəfə tənqid etmişəm, adımın siyahıdan çıxarılmasında başqa səbəb görmürəm»

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Aydın Uluxanlının bu gün Səbayel Rayon Məhkəməsində AYB-yə qarşı məhkəmə prosesi keçiriləcək. Sayca üçüncü olan bugünkü prosesin baş verməsi səbəbi Uluxanlının adının ev növbəsindən çıxarılmasıdır. Şair “Azadlıq”a açıqlamasında bildirdi ki, 1985-ci ildən ev növbəsindədir: “Əlimdə protokol da var”.
Yazıçılar Birliyi ev paylayanda mənim adımı siyahıdan çıxartdılar. Bunu biləndən sonra AYB-yə gedib Çingiz Abdullayevlə söhbət etdim. Sonra texniki işlərə baxan Aytən xanımla görüşdüm. Dedilər ki, siyahını o tərtib edir. Düzü, bu məsələdən başım çıxmadı. Onlar da mənə dedilər ki, sənə bir dəfə ev verdiyimiz üçün növbədən çıxartmışıq. Dedim ki, mənə Eldar Baxışın azad olunmuş evini vermisiz. Müvəqqəti. Təzə evlər gəlib, ancaq mənə mənzil vermirsiniz. Niyə siyahıda yoxam. Mənə heç nə demədilər. Buna görə də məhkəməyə vermişəm”.

Aydın Uluxanlı problemlə bağlı AYB sədri Anarla görüşmədiyini dedi: “Anarla görüşməmişəm. AYB-də bu məsələylə bağlı Rauf Aslanovla görüşmüşəm”.
Şair adının ev növbəsindən çıxarılmasının səbəbini belə izah edir: “AYB sədrini mətbuatda bir neçə dəfə tənqid etmişəm. Adımın siyahıdan çıxarılmasında başqa səbəb görmürəm. Düşünürəm ki, tapşırığı Anar verib. Başqa cür heç kim məni siyahıda çıxartmazdı”.
Qeyd edək ki, Yazıçılar Birliyi 36 yazıçıya 9 mənzil verəcək. Dörd şəxsə bir mənzil veriləcək və mənzillər satılaraq pulu dörd şəxs arasında bərabər bölünəcək. Mübahisə doğuran məqam həmin 36 nəfərin kimliyi ilə bağlıdır. Siyahıda AYB Həmkarlar Təşkilatının rəhbəri, kadr şöbəsinin müdiri, operator, məsləhətçi, baş mühasib, hətta Anarın katibəsi statusunda olanlar da yer alıb.

Ramin DEKO