Azərbaycana, yoxsa hakimiyyətə düşmən qüvvələr

Vaxtilə müxalifət düşərgəsində olan, ancaq elə o vaxt yaxın perspektivdə uduş olmayacağını analiz edib düşərgəsini dəyişən Ibrahim Məmmədov “Azərbaycan” qəzetində həyəcan təbili çalıb. Görünür, AzTV-dəki çıxışlarının effektivsizliyi onu bu addımı atmağa vadar edib. “Rusiyadakı bəzi dairələr Azərbaycan prezidentinə təzyiq göstərir” başlıqlı məqalə isterikadan xəbər verir.
Ilham Əliyev komandasının jurnalistikada əsas rıçaqlarından olan müəllifin təzyiqlərin dolayı yolla olmasından, “ilanın seyid Əhməd əli ilə tutulmasından” sarsıntı keçirdiyi duyulur. Sarsıntıya səbəb Rusiyadakı bəzi “düşmən qüvvələr”in Ilham Əliyevə Ingiltərə mətbuatı vasitəsilə təzyiq göstərməsidir. Müəllifin fikrincə, bunun da “uzağa gedən nəticələri var. Məqsəd Avropada Azərbaycan prezidentinə münasibətdə mənfi rəy formalaşdırıb Azərbaycanın Avropaya yolunu bağlamaqdır”. Beləcə müəllif sevimli “rıçaq”ını işə salıb baş verənlərdən bir sıra nəticələr çıxarır. Yazıdan həm də müəllifin bu “rıçaq”ının gələcəkdə işə yaramayacağı təhlükəsi duyulur…
Hakimiyyətə təzyiqləri artıq özləri etiraf edirlər. Həm də bu təzyiqlərin Avropanı da əhatə etdiyinin fərqindədirlər. Indiyə qədər başqa siyasət yürüdülürdü. Heç kim bizə təzyiq göstərə bilməz, müstəqil, balanslı siyasət yürüdürük. Ilham Əliyev deyirdi ki, “Rusiya ilə münasibətlər keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatıb və indi strateji tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq münasibətləri möhkəmlənir”. Belə qonşuluq olur, Ibrahim Məmmədov? Qonşu da qonşunu, həm də mehriban qonşunu ingilislərin əli ilə vurar? Hanı uğurlu daxili və xarici siyasət? Biz heç kimdən qorxmuruq. Bizə Avropa da lazım deyil – kəlmələrini axı dəfələrlə sözünü dediyiniz hakimiyyət təmsilçilərinin dilindən eşitmişik. Bu ki məşhur məsəldəki qorxutmağa və qorxmağa bənzəyir…
Bu nə siyasətdir ki, hamı ona düşmən kəsilir. Daxildə öz hüquqları uğrunda mübarizə aparanlar, xaricdən “demokratiyanın yolunu aç” deyənlər hamısı düşmən kimi təqdim və tənqid edilir. Təzyiqlərlə üzləşir, bir çoxunun yolu həbsxanadan keçir. Ermənilərlə hər cür əməkdaşlığa gedən, hər sahədə ermənilərə dəstək olan hakimiyyət nədən başqalarını erməni dəyirmanına su tökməkdə suçlayır? Elə bu günlərdə Bakıya dəvət etdiyiniz erməni Azərbaycan paytaxtından Qarabağın işğal yox, azad edildiyini sizin kürsünüzdən demədimi? Hanı cavabınız? Oturda bildinizmi onu yerində? Ancaq əvəzində bütün dünyanın hörmətlə yanaşdığı, sovet imperiyasını dağıdan Qorbaçovu ermənipərəstlikdə ittiham edirsiniz. Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdığına, Azərbaycanda baş verən fəlakətlərdə onun əli olduğunu hamıdan qabaq dediyinə görəmi? Başqa səbəb varsa, sadalayın…
Bəs dövlətin maraqları harda qaldı? Axı dövlətdən və dövlətçilikdən, milli maraqlardan ən çox danışan bu hakimiyyətdəkilərdir. Budurmu dövlətçilik? Daxil düşmən, xaric düşmən. Avropaya yolunuzun bağlanmasından qorxu keçirirsiniz. Niyə? Nə oldu, təhlükə yaranan kimi Avropa sizə gərək oldu? Avropa adam balası kimi təkliflər vermişdi. Bəs elə o Avropa demirdimi ki, insan haqlarını qoru, seçkini saxtalaşdırma, seçicilərin səsini oğurlama, siyasi məhbusları azad elə, məhkəmələrə müstəqillik ver, adamları siyasi mənsubiyyətinə, dini baxışlarına görə təqib etmə, ayrı-seçkilik salma. YAP kimi “simasız quldurlar partiyası”nın hər rayonda qərargahı var, olmayanlara da yenə dövlət hesabına tikilir. Ancaq müxalifət partiyalarına öz pullarına ofis icarəyə götürməyə də imkan verilmir…
Zaman başqadır. Bütün dünyada belədir. Bütün avtoritar rejimlər bu taleni yaşayır. Bir ailənin hakimiyyətini qurmaq istəyəndə yol sonda dalana dirənir. Dalanda da ki rıçaqlar işləmir. Allah səbr versin!