Kiçik fasilədən sonra yazmağa başlayıram və toxunduğum məsələ gecikmiş kimi görünərsə, xahiş edirəm oxucular üzrlü saysınlar. Elə mövzu da üzr istəməklə bağlıdır. Axı “Azadlıq” qəzeti Ali Məhkəmənin qərarı ilə Ayını yeməsi xəbərinə görə atasının əziz balası Anar Ziya oğlu Məmmədovdan üzr istəyib. Təbii ki, bu addım birmənalı qarşılanmayıb. Asan qəbul edilməyib. Asan da qəbul edilə bilməzdi…
Dünən öyrəndim ki, Müsavat başqanının müşaviri, dostumuz Səxavət Soltanlı da “Azadlıq” qəzetinin addımını qınayıb və sosial şəbəkələrdə mənim bu məsələyə nə üçün münasibət bildirməməyi sorğulayıb. Bir halda ki, artıq dostlar izah istəyir, hökmən cavab verməliyəm, doğrudan da, bu məsələyə mənim yanaşmam necədir?
Bu mövzuda “Yeni Müsavat”la “Azadlıq” qəzetinin arasında yaranmış dartışmaya toxunmaq istəmirəm, çünki eyni məsələyə görə eyni adam hər iki qəzet məhkəməyə veribsə, qəzetlər arasında vahid yanaşmanın olmaması narazılıq yarada bilərdi. “Azadlıq” bu qərarı “Yeni Müsavat”la razılaşdırılıb versə, yaxud onu məlumatlandırandan sonra bu addımı atsaydı, daha doğru olardı, amma o biri tərəf də yəqin başa düşür ki, “Azadlıq” artıq eyni məsələdə fərqli münasibətin və təklənmənin qurbanı olmaqda idi. Yaxşı ki, bunları nəzərə alan hər iki qəzet hazırda dartışmaya son qoyub.
Keçək rejimin nökərlərinin hay-küyünə. “Azadlığ”ın bu rejimə münasibəti hər kəsə aydındır, odur ki, onun əlaltılarının bu məsələdən qəzetə faciə və bağışlanmaz qüsur düzəltmək cəhdini də cavablandırmaq istəmirəm. Onlar bunu fürsət bilir, qəzetin nüfuzdan düşməsi üçün onun bu addımını alçalmaq, mövqesizlik, məğlubiyyət, xəyanət kimi qələmə verməkdədirlər.
Təbii ki, bu işdə hakimiyyətə əyilmiş, satılmış adamlar və KIV-lər xüsusi canfəşanlıq edir. Onların psixoloji durumu bunu diktə edir. Özü bu hakimiyyətin qabağından əyilmişlər sevinir ki, hə, gördünüzmü, siz də əyilirsiniz. Onların sevinci kədərlərindəndir, düşdükləri acı və miskin durumda bu olaydan təsəlli tapmağa çalışırlar. Lakin bu adamlar başa düşmür ki, “Azadlığ”ın addımı dedikləri mənanı daşısa belə, onların özlərinə bəraət yoxdur. Onlar satılmalarına heç vaxt haqq qazandıra bilməyəcəklər…
Bəs bizim öz dostlarımız niyə düşünür ki, “Azadlıq” bu hərəkəti ilə qəbahət edib. Nədir günah burda? Heç kim şübhə etmir ki, sonuncu məhkəmə qərarı “Azadlığ”ın bağlanmasına gətirirdi, çünki 4 min manat cərimə ödənsə belə, məhkəmənin qərarı tam yerinə yetirilməyənədək qəzetin maliyyə hesabları üzərində həbs durdurulmayacaqdı. Heç 4 min manatı ödəməyə də imkan yoxdur. “Qasid” redaksiyaya çatacaq pulları vermir, nəşriyyat çap etməyəcəyini deyir, qəzetin yayımı sıxışdırılır, reklama qadağa var, bir sözlə, qəzet maliyyə repressiyası ilə üz-üzədir. Burdan da daha bir çətin tələb ortaya çıxır… Üzr istəmək məgər asandır? Olduqca çətindir və olduqca çətin idi…
Amma kollektivdən kimsə çıxıb deyir ki, Azərbaycanın gələcəyi naminə, bəzən heç kimin çap etmədiyi həqiqətlərin yayılması naminə, bu gün alternativi və əvəzi olmayan bir fəaliyyəti davam etdirmək naminə gəlin bu çətin addımı ataq. Olduqca çətin addımı. Axı bu addım mübarizədən yayınmaq üçün deyil, mübarizəni davam etdirmək üçündür. Kimisə qorumaq üçün deyil, əksinə kimlərinsə təhlükə altındakı fəaliyyətini davam etdirməsi üçündür. Geri çəkilmək deyil, irəli getməkdir.
Doğrudan da, hakimiyyətlə gizli sövdələşmə deyildi, hətta zondaj üsulu ilə danışmaq da deyildi. Avropadakı kabinetlərdə və rəsmilərin otaqlarındakı müzakirələrdə tamam ayrı cür danışmaq deyildi. Kursun dəyişməsi də deyildi. Hakimiyyətə verdiyimiz qiymətin təkzibi deyildi, ona münasibətin yanlışlığına görə üzr deyildi. Prezidentin saatı ilə bağlı xəbərin də təkzibi deyildi. Vətəndaş sülhünə, dövlətçilik maraqlarına çağırış deyildi. Ayının bir oyununun – qəzetin bağlanmaq cəhdinin qarşısını almaq üçün edilən bir addım idi. Mübarizənin önündə olmaq naminə istəmədiyimiz halda, haqsız məhkəmə qərarı ilə üzr istəmək idi. Bundan qəbahət düzəldənlər anlamağa çalışmalıdırlar ki, bunun adı deyəsən fədakarlıqdır.
O üzrü etmək çox ağır cəfa idi, “Azadlıq” o cəfanı çəkdi. Nəyin naminə – bilirsiniz…
Geri çəkilərək qəzeti qorumaq ayrıdır. Mövqeyini dəyişərək özünü qorumaq ayrıdır. Hakimiyyətlə uyğunlaşmaq, nala-mıxa vurmaq ayrıdır. Amma hər şeyi saxlayıb, mübarizənin azad tribunası olmaq üçün üzr cəfası çəkmək isə başqadır. Acıdır, amma müqəddəs yükün hamballığıdır bunun adı.
Bəli, asan addım deyildi, bəlkə qüsurları da olan addımdır, amma məramı olduqca böyükdür və ən başlıcası, heç bir xəyanət işartısı, heç bir gizli maraq, heç bir şəxsi və korporativ qoruma cəhdi yoxdur. Yoxa çıxmış Ayı da qınamaz bizi yəqin ki!
…”Azadlıq” dünən həmin Anar Məmmədov barədə yenə də sərt “tərs şillə” yazısını çap edib. Onun Azadlığı davam edir.

Ayının bircə oyunu
•