Görüşmək ümidiylə…

Rusiyada üç gözətçinin əlləri bağlı məhkumu amansızcasına döyməsi faktı bütün Rusiyanı dəhşətə gətirib. Şükür ki, Azərbaycanda sakitlikdi. Döymürsən, öldürmürsən, istəyirsən nə elə. Bir aylıq əsgərlər sistemin vicdansızlığına qurban gedir, yenə də şükür, sakitlik pozulmur. Ya rejim çox qəddardı, ya toplum çox heysiyyətsiz.
Həmin videonu izlərkən yadınm birinci Dostoyevski, Tolstoy, təpədən dırnağa işıq olan Çexov düşdü. Üç nəhəng yazıçı, üç nəhəng müəllim. Belə çıxır, bu müəllimlər rus insanına heç nə verə bilməyiblər. Belə çıxır, insana kitablar heç nə vermir. Sadəcə, güzgü tutur, sonra isə rəfə qoyulurlar. Sanki ədəbiyyatın işi də elə bundan ibarətmiş – kimin daha yaxşı güzgü yaratması. Insan isə güzgüyə baxar, hətta eyiblərini də görər. Ama bu güzgünün eyibləri düzəltmək imkanı heç yoxdu. O zaman, işi sadəcə göstərmək olan ədəbiyyatın anlamı nədi?
Madam ki, Roskolnikov həmişə özü olaraq qalacaq, mujikər yüz il ötsə də onlar üçün tikiləcək məktəbin daşını-taxtasını oğurlayacaq, 6 nömrəli palatada ağıllını da dəli eləyəcəklər, onda… nə üçünmüş ömrünü sözə, kitaba qurban eləməyin mənası?..
Sovet ordusunda qulluq eləmiş biri kimi kazarmalarda necə vəhşiliklər yaşandığını, əsgərin 72 qəpikdən artıq qiymətə hesablanmamasını yaxşı bilirəm. Bu gün məlum videoda məhkumu əli-ayağı bağlı döyənlər də həmin ordunun şinelindən çıxıblar. Məsələ ondadı ki, bu vəhşilik bəşəriyyətin doğal halıdı. Onu nə ədəbiyyat, nə incəsənt tərbiyə eləyə bilər. Haçansa Avropada da bənzər halların olmasını kimsə yerli-dibli təkzib eləməz. Lakin bu günün Avropası, deyək ki, onun həbsxanası postsovet ölkələrindəki normal həyatdan belə yaxşıdı. Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi xəbərini oxuyanda da ağlıma ilk gələn fikir bu olmuşdu: əlbəttə, vətənə qaytarılmaq yaxşıdı, ancaq o cür cənnət həbsxanadan sonra Ramil Azərbaycan zindanlarında necə tab gətirəcək? Intihar etməyəcəkmi? Vətənə qayıdışına peşman olmayacqmı?..
Indi bu o deməkdimi ki, Avropanın müəllimləri, yəni böyük yazarları, mütəfəkkirləri ruslarınkından daha güclü olublar? Xeyir! Az qala elə bir Qərb yazarı yoxdu ki, Dostoyevskini özünün müəllimi, ya da bütövlükdə ədəbiyyatın titanı hesab eləməsin. Demək, iş ədəbiyyatda deyil. Həmin toplumların keçdiyi siyasi və iqtisadi sistemdədi.
O fikirlə razı deyiləm ki, hər xalqa özünə layiq başçı qismət olur. Əksinə, hər başçının xalqı onun özünə oxşamağa və sonunda ona layıq olmağa başlayır. Yenə də Qəzzafinin linç səhnəsini xatırlamağınızı istərdim. O, sonunda öz xalqını özünə oxşatmağa nail olmuşdu və bu nailiyyət başa çatan kimi də, sonu çatmışdı.
Bəli, sistemdi əsas olan. Cəmiyyət yuxarıdan aşağı formalaşır. Nəbatat kökündən, bəşəriyyət başından gəlir dünyaya. Həzrəti Əlinin bir sözü var: “Padşahlar dəyişəndə zəmanə dəyişər”.
Azərbaycan ədəbi nümunələrini və müəllimlərini yada salaq. Dədə Qorquddan başlayıb Hüseyn Caviddə, Mirzə Cəlildə dayanaq. Neynəyə bildilər? Sirli-sehirli güzgülərdən başqa bizə nə verə bildilər?
Məgər bu gün Azərbaycan həbsxanalarında, polisində, hərbisindəki vəziyyət Putin Rusiyasındakından çoxmu fərqlənir? Hətta bərbaddı, irəli deyil. Azmı insan bu cəhənnəm guşələrində həyatını başa vurub? Azmı insan bir saatlıq soruşdurma-işgəncədən sonra “ürək tutmasından”, hətta ani gələn “xərçəngdən” dünyayla vidalaşıb? Bu gün polisin küçə və meydanlarda azadlıq savaşı aparanlara, pozulmuş mülkiyyət hüququnu qorumaq üçün səsini çıxaran vətəndaşlara necə amansız davrandığını bilməyən biri varmı?
Ədəbiyyat proseslərin gedişatını dəyişə bilir, ama insana bata bilmir ki, bilmir. Nəhayət, ədəbiyyat, söz sənəti azartlı oyunlardan, baş qatan əyləncə vasitələrindən başqa bir şey sayıla bilərmi?
Və mən, bunları deyəndən sonra yeni romanımı yazmağa gedirəm. Ama nə üçün???
Siz cavab tapmamış görüşmək ümidiylə…