Tanınmış vəkildən beynəlxalq qurumlara sərt ittihamlar

İntiqam Əliyev: “Bu adamlara layiq olduqları münasibəti göstərməyin vaxtıdır!”

“Hər görüşdən sonra daha da əmin oluram ki, bu adamların kürüyə aidiyyətləri daha çoxdur, nəinki insan haqlarına…”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debone Qrexin dünən hüquqşünaslarla görüşündə maraqlı bir olay yaşanıb. Yeri hüquq müdafiəçiləri həmməruzəçiləri Azərbaycanda insan hüquqları sahəsindəki pozuntulara yetərincə diqqət yetirməməkdə, hətta bir sıra hallarda göz yummaqda ittiham ediblər.
Əslində, Azərbaycan cəmiyyətində beynəlxalq qurumlara inamsızlıq xeyli vaxtdır ki, hökm sürür və sözsüz ki, belə bir durum da həmin o təşkilatların mövqeyindən, addımlarından qaynaqlanır. Ən pisi odur ki, bu müstəvidə narazılıqlar olsa da, dilə gətirilmir. Bu mənada, həmməruzəçilərlə görüşdə baş verənlər bir qədər gözlənilməz oldu. Həmin görüşün iştirakçılarından olan və həmməruzəçiləri elə üzlərinə tənqid edən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevlə söhbətimiz də bu mövzu ətrafında oldu:

– Həmməruzəçilərlə görüşdən ağlınız nə kəsdi?
– Ağlım bir şey kəsmədi. Bu şəxslər həmməruzəçi olduqları dövrdə onlarla birinci görüşümüz deyildi. Və hər dəfə əmin oluram ki, bu adamların kürüyə aidiyyətləri daha çoxdur,  nəinki insan haqlarına. Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı hesabatı üzrə səsvermədə, açıq-aşkar haqsız olduğu halda, hökuməti dəstəkləyən adamlardan gözləmək olar?! Görüşdə mən və həmkarlarım bunları elə onların üzünə söylədik. Bu adamlara layiq olduqları münasibətləri nümayiş etdirməyin vaxtı çatıb.

– İnsan hüquqlarının müdafiəsi sahəsində maliyyə dəstəyi alan təşkilatların sayı yetərincə çoxdur. Amma real, üzdə olanların sayı azalmaqda davam edir…
– İnsan haqları sahəsində vəziyyətə mənfi təsir edən əsas amillərdə biri də bu sahədə real fəaliyyəti olan qurumların dairəsinin son illərdə daralmasıdır. Hakimiyyətin mediaya, QHT-lərə, beynəlxalq qurumlara sistemli təzyiqi və ya onların ələ alınması siyasəti ona gətirib çıxarıb ki, bu sahədə fəaliyyət göstərən, mühitə təsir edə bilən qurumların dairəsi çox kiçilib, fəaliyyətləri isə çox çətinləşib. Bu iş əsasən iki istiqamətdə aparılır. Birinci istiqamət: hakimiyyət son illərdə müxtəlif rəsmi və qeyri-rəsmi maliyyə yardımı proqramları və ya müxtəlif dövlət təşkilatları nəzdində yaradılan ictimai qurumlara cəlb etməklə vaxtilə yetərincə fəallığı ilə seçilən xeyli sayda qurumları və insanları zərərsizləşdirməyə nail olub. QHT-lərə Dəstək Milli Şurası, KİV-lərə Yardım Fondunun xətti ilə QHT-lərin və KİV-lərin qeyri-şəffaf, çox mübahisəli şərtlər daxilində maliyyələşdirilməsi, jurnalistlərin dövlət xətti ilə müxtəlif müsabiqə və tenderlər adı altında mükafatlandırılması, onlar üçün mənzillərin tikintisi və s. bu kimi layihələr təsirsiz ötüşmür, bu çətin dövrdə insanları, təşkilatları “konstruktivliyə” təşviq edir. Vətəndaş cəmiyyəti qurumlarının və onların təmsilçilərinin Ədliyyə, Daxili İşlər Nazirliyi, Ombudsman Aparatı və digər dövlət qurumları nəzdində yaradılan müxtəlif komitə və şuralara cəlb olunmalarının da penitensiar, təhsil, cinayətkarlıqla mübarizə, insan hüquqlarının təminatlarının gücləndirilməsinə müsbət təsir göstərdiyini söyləmək çox mübahisəli olardı. Dövlət orqanları ilə bu cür psevdoəməkdaşlıq ona gətirib çıxarıb ki, həmin qurumlara cəlb olunan insanların bir hissəsi nəinki aktiv fəaliyyətdən faktiki olaraq uzaqlaşıb, həm də ziyanlı fəaliyyətlə məşğul olurlar. Yaxşı halda, imitasiya prosesində bir vasitəyə çevriliblər, pis halda isə, hökumət onlardan insan haqlarının müdafiəsi sahəsində prinsipiallığı ilə seçilən vətəndaş cəmiyyəti qurumlarına və beynəlxalq təşkilatlara qarşı müxtəlif kampaniyalarda istifadə edir. Siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hesabatının Avropa Şurasının payız sessiyasında dinlənilməsi ərəfəsində onun fəaliyyətinə etiraz bildirən, həm Azərbaycanda, həm də xaricdə vətəndaş cəmiyyətində birmənalı qarşılanmayan müraciəti imzalayan qurumlar arasında hüquq-müdafiə sahəsində çalışan xeyli tanınmış qurumların və şəxslərin adlarının olması buna nümunədir. Ola bilər ki, imza atanlar arasında bu addımın səmimi olaraq ölkənin maraqlarına cavab verdiyini düşünənlər də var. Amma insan hüquqlarının müdafiəsi sahəsində yetərincə böyük təcrübəsi olan insanlar ölkənin (cəmiyyətin) maraqları ilə hakimiyyətin maraqları arasında fərqi artıq bilməlidirlər.

– Beynəlxalq təşkilatların da səsi gəlmir…
– Ölkədə az-çox fəallığı ilə seçilən beynəlxalq qurumların hədəfə alınması da vətəndaş cəmiyyətinin sıradan çıxarılmasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. “Azadlıq”, BBC, “Amerikanın Səsi” radiolarının tezliklərinin əllərindən alınması ona gətirib çıxarıb ki, son iki qurum ölkədə fəaliyyətlərini dayandırıb, “Azadlıq”radiosu isə çox dar məkanda yayımlana bilir. Tamamilə qanunsuz əsaslarla NDİ və İnsan Hüquqları Evinin bağlanması, onsuz da ehtiyatlı olan beynəlxalq qurumları daha da ehtiyatlı olmağa məcbur edib. Nəticədə, Azərbaycandakı beynəlxalq təşkilatlar, səfirliklər müstəqil qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan çəkinirlər, üstünlüyü “gongo”lara verirlər.
BMT-nin Bakı ofisi Azərbaycanda formal olaraq mövcuddur, onun həyata keçirdiyi çoxsaylı proqram və layihələr barədə cəmiyyətdə çox məhdud təsəvvür var. İlk dövrdə yetərincə fəal olan Avropa Şurasının yerli ofisi fəaliyyətini faktiki olaraq dayandırıb. ATƏT-in Bakıdakı ofisinin isə fəaliyyəti əsasən mənasız təlim və monitorinqlərlə məhdudlaşır.  
ATƏT-in İspaniyalı səfiri açıqca deyirdi ki, biz hökumətdən maaş alırıq (ATƏT-i dövlətlərin maliyyələşdirməsini nəzərdə tuturdu), onun əleyhinə gedə bilmərik. ATƏT-in bundan öncəki türkiyəli səfiri QHT-lərlə görüşdə müstəqil vətəndaş cəmiyyəti qurumlarını hökumətlə konfrontasiyada ittiham edirdi. ATƏT-in indiki türkiyəli səfiri Azərbaycanda demokratik proseslərin uğurlu inkişaf etdiyindən danışır. Həmin səfirin amerikalı müavini sanki Azərbaycan hökumətinin bu qurumdakı vəkili kimi davranır, hüquq sahəsinə rəhbərlik edən və təfəkkürü, vətəndaş cəmiyyətinə münasibəti Prezident Aparatındakı ən mühafizəkar şəxslərin münasibətindən az fərqlənir. O qurumlarda işləyənlər arasında elə həmvətənlərimiz var ki, həmin şəxslər onların heç atılan dırnağı olmaz. Niyə bu rəzaləti qəbul edirlər? Bu sual ağrıdır adamı.
Gürcüstanda İvanaşvili hakimiyyətə gələndən sonra oradakı o gənclərlə birgə az müddət öncə təlimlərdə iştirak edən, strateji şikayətlər hazırlayan, dostluq edən hüquqşünasların biri indi parlamentdə vitse-spikerdir, o biri ədliyyə nazirinin müavinidir, başqa birisi ombudsmandır və s. Sizi əmin edirəm ki, Azərbaycan hakimiyyətinin Torqaylar, Melissiyalar və Monikaların əlinin altında işləmək kimi təhqiramiz duruma saldığı həmin o gənclərimiz gürcü həmkarlarından heç nədə geri qalmırlar, hətta mən deyərdim, əksinə…
Vətəndaş cəmiyyəti dəfələrlə bu qurum qarşısında bir məsələni qaldırır: bu təşkilat uzun müddətdir məhkəmələrin monitorinqini aparır və dərc etdirdiyi hesabatlarda ifadə, seçki, toplaşmaq, birləşmək azadlığı, qanunsuz həbslər, işgəncələr və digər pozuntularla bağlı məhkəmə proseslərində heç bir əndazəyə sığmayan özbaşınalıqlar barədə ya heç nə deyilmir, ya da elə gündə deyilir ki, deyilməsə ondan yaxşıdır. Korrupsiyaya, məmur özbaşınalığına, seçkilərin saxtalaşdırılmasına və s. etiraz etdiyinə görə həbsə atılan siyasi məhbuslara, cəmiyyətə ölkədə baş verənlər barədə obyektiv həqiqətləri çatdırdığına görə döyülən, öldürülən, evi başına uçulan jurnalistlərə, normal təhsildən, səhiyyədən məhrum olunan, tarixi saxtalaşdırılan Azərbaycan vətəndaşına bu hörmətsizlik nədən qaynaqlanır?!
Təbii Azərbaycandakı mühit beynəlxalq təşkilatların fəaliyyətinə, oradakı mühitə və həmin qurumlarda çalışan xaricilərin davranışına da təsir edir. Ölkədə fərqli mühit olsaydı, çox güman həmin təşkilatlar da, oradakı insanlar da fərqli olardılar. Amma Azərbaycandakı indiki ağır durumun əsas səbəbi də bu təşkilatların uzun illər Azərbaycan hakimiyyətinin həm öz xalqı, həm də beynəlxalq ictimaiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə sayğısızlığına göz yumması olub. Təəssüf ki, bu siyasət bu gün də davam edir.
Bu qurumların ölkəyə vurduğu ziyanın başqa bir üzü də var. Başqa yerlərlə müqayisədə babat maaş və təminatlar, o yaraşıqlı binalarda və komfortlu otaqlardakı mühit ölkənin intellektual və hazırlıqlı mütəxəssislərinin böyük bir hissəsini bu qurumlarda cəmləşdirib. Onların barmaqla sayıla biləcək hissəsi ictimai həyatda fəaldır. Əksəriyyət özü bu toplumu bəyənmir, ona yuxarıdan aşağı baxır və yaxşı halda, kənardan dayanıb prosesləri müşahidə etməklə işini bitmiş sayır. Onlar azərbaycanlıdan daha çox amerikandı, ingilisdi, fransızdı, almandı. Bu cəmiyyət üçün bir sözlə, onlar sadəcə itirilmişlərdir.

– USAİD-nin bu yaxınlarda hüquq islahatları ilə bağlı son tenderinin yekunu olaraq, böyük məbləğdə qranthakimiyyət qurumlarında işləyən şəxslərin yaratdığı və faktiki idarə etdiyi quruma verilib…
– Bu tenderin əsas şərtlərindən biri hakimiyyətlə əməkdaşlıq barədə tələb idi. Azərbaycanda hakimiyyətin müstəqil təşkilatlarla əməkdaşlıq etmədiyi və onlara az qala düşmən münasibəti bəllidir. Hakimiyyət yalnız “gongo” QHT-lərlə əməkdaşlıq edir. Bu şəraitdə belə bir tələb faktiki olaraq müstəqil QHT-lərin bəri başdan uğursuzluğa məhkum olunması demək idi.
Bu layihənin hansı quruma veriləcəyi barədə elə həmin qurumun içindən cəmiyyətə sızmışdı. “Buna getməzlər, lağ ağ olar!” məntiqi bu dəfə də özünü doğrultmadı. Müsabiqənin nəticələri bir daha təsdiqlədi ki, Amerika hökumətinin indiki halda bu ölkədə güclü vətəndaş cəmiyyətinin mövcudluğunda, onun demokratikləşməsində marağı yoxdur. USAİD son dövrlərdə əsasən, hökumətə yaxın təşkilatlarla əməkdaşlıq edir və onlara dəstək verir. Bu mənada onun bu sıradan olan təşkilata üstünlük verməsi gözlənilməz deyildi.
USAİD-nin bu biabırçı qərarına etiraz normal qarşılanmalıdır, çünki bu, USAİD-nin bəyan etdiyi prinsiplərə tamam zidd qərardır. Bu tenderlərə çıxarılan vəsaitlər Amerika, Avropa seçicisinin vergiləri hesabına formalaşır. Onların təyinatı inkişaf etməkdə olan ölkələrdə islahatlara, demokratikləşmə prosesinin dərinləşməsinə yardım etməkdir. USAİD və Amerika hökumətinin maliyyələşdirdiyi digər bu kimi qurumlar – Avrasiyalar, Countrepartielər “gongo” QHT-lərə dəstək verməklə faktiki olaraq işgəncələrin davam etdirilməsinə, jurnalistlərin döyülməsinə, həbsə atılmasına, öldürülməsinə, seçkilərin saxtalaşdırılmasına, korrupsiyaya və ölkədə baş verən digər qanunsuzluqlara dəstək verir.

– Bir müddət öncə vətəndaş cəmiyyəti ilə dialoq təklifi barədə hökumətdən mesaj verilmişdi. Bundan öncə ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza da belə bir təşəbbüslə çıxış etmişdi və xeyli adamda ümidlər yaratmışdı…
– Azərbaycan hakimiyyəti ilə danışıqların perspektivinə ümid etmək sadəlövhlükdür. Danışıq və ya dialoq o zaman səmərəli ola bilər hakimiyyət dəyişikliklərə hazır olsun. Bu hakimiyyət dəyişiklik istəmir. Çünki anlayır ki, istənilən dəyişiklik bu sistemin dağılması deməkdir.
Yeri gəlmişkən, dialoqla bağlı bir məqamı da qeyd edim. Metyu Brayza bir ara belə bir təşəbbüsdə bulundu. Vətəndaş cəmiyyəti fəallarından ibarət işçi qrupu yaradılmışdı. “Mən ATƏT-in Minsk Qrupunun həmsədri kimi topladığım kapitalı Azərbaycanda demokratiyanın inkişafına həsr etməyə hazıram” deyən keçmiş səfirin “büdcəsindən” bu məqsədlə nə qədər xərclədiyini söyləməkdə çətinlik çəkirəm, amma o dəqiqdir ki, Metyu Brayza Azərbaycan hakimiyyəti ilə bağlılığı olan qurumda maaşlı işdə çalışır.
ABŞ-ın indiki səfirinin açıqlamaları da bu ölkənin Azərbaycanla bağlı siyasətinin dəyişmədiyinin göstəricisidir. Amerika Azərbaycan hakimiyyətini dəstəkləməkdə davam edir, onun vətəndaş cəmiyyətinə dəstəyi yaxşı halda, ABŞ Departamentinin bu hakimiyyətin heç tükünü də tərpətməyən illik hesabatlarından o tərəfə getmir.
Oxşar sözləri digər ölkələrin Azərbaycandakı səfirlikləri barəsində də söyləmək olar. Azərbaycan cəmiyyətinin bu cür münasibətə etirazını daha sərt şəkildə bildirməsinin vaxtı çatıb ki, başqalarını demirəm, heç olmasa, Almaniyanın, İngiltərənin, Fransanın, vaxtilə çox fəal olan, indi isə heç səsi çıxmayan Norveçin və demokratik sayılan digər ölkələrin missiyaları və hökumətləri Azərbaycan hakimiyyəti kimi rəzalətə daha dözümsüz olsunlar.

Aytən Məmmədova