Brüsseldən Əliyevlərə qarşı sanksiya çağırışı
“Azərbaycanda güclənməkdə olan avtoritarlığa daha sərt reaksiya verilməlidir”
Mərkəzi qərargahı Brüsseldə yerləşən Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutunun (Open Society European Policy Institute) baş analitiklərindən biri Jaklin Heyl Azərbaycan hakimiyyətinin Avropaya yönəlik “kürü diplomatiyası” haqda məqalə yazıb.
“Euobserver.com” saytında dərc olunan məqalənin təcüməsini “Azadlıq” radiosuna istinadla təqdim edirik.
«Avropanın Azərbaycanla kürü diplomatiyasına son qoyulmalıdır»
«Azərbaycanın AŞPA deputatlarına kürü bəxşişi siyasəti barədə bu yaxınlarda verilmiş açıqlamalar, Avropa Şurası ilə Xəzər sahilindəki petrodövlət arasında qarşılıqlı əlaqələri izləyənlər üçün sürpriz olmadı.
Azərbaycanda insan haqlarının pisləşməsi və avtoritarlığın möhkəmlənməsini göstərən sübutların artmasına baxmayaraq, rejimi dəstəkləyən səslər də ucalmaqdadır.
Azərbaycanın bayılmalarına səbəb olan «siyasi məhbus» termininin aydınlaşdırılmasına dair AŞPA-dakı son səsvermə, rəsmi Bakının bu problemi seçkili assambleyadakı müttəfiqlərinin dəstəyi ilə birdəfəlik silib-atmaq üçün girişdiyi ölüm-dirim lobbiçiliyini göstərdi.
Avropa Birliyinin ötən həftə Azərbaycanla insan haqlarına dair dialoq aparmış rəsmiləri, şəxsi söhbətlərində etiraf edirlər ki, kürü, Brüsselin menyusunda olub. Siyasi qərarlara rüşvətin təsirinin konkret sübutu olmasa da, Azərbaycanın Avropa Parlamentinin müəyyən çevrələri ilə münasibətləri kifayət qədər mehribandır.
Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının ötən fevralda, Azərbaycanın xarici işlər nazirinin iştirakıyla keçirilmiş konfransında, fraksiyanın bəzi aparıcı üzvləri Azərbaycanda siyasi islahatları və ölkənin «demokratiya qurmaq niyyətində olması faktını» mədh ediblər.
Başqa qonşularla müqayisədə Avropa Birliyi, deyəsən, Azərbaycana münasibətdə müstəsnalıq praktikasından istifadə edir.
Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Ketrin Eşton bu yaxınlarda bir neçə günün ərzində Belarus və Azərbaycana dair son dərəcə ziddiyyətli bəyanatlar verib. Demokratiyanın dərəcəsi və davamlı repressiyalara görə oxşar bu iki ölkədən Belarus məzəmmət edilir, Azərbaycansa təriflənir.
Eştonun Azərbaycan barədə təbrikanə bəyanatı Avropa Birliyinin qonşulara münasibətinin onların satılıq enerjisi olub-olmadığına əsaslandığı haqda mülahizələri gücləndirir.
Həmin tədbirdə Eşton 9 siyasi məhbusun əfvlə azad olunmasını alqışlayır, lakin daha 60 məhbusun hələ də dəmir barmaqlıqlar arxasında qalmasının üstündən sükutla keçir.
Ötən may ayında keçirilmiş «Eurovision» mahnı yarışından dərhal sonra fəallara təzyiqlər intensivləşib. Prezidentin qızının şeirinin məktəb dərsliklərinə salınmasını tənqid etdikdən sonra narkotik maddə ittihamı ilə həbs olunmuş blogger Zaur Qurbanlı da daxil olmaqla, həbslər davam edir.
Hökumət rəsmiləri, demokratiya fəallarını və müstəqil medianı onlara qarşı ictimaiyyətin nifrət kampaniyasına çağırmaqla hədələmişlər.
Bu yaxınlarda keçirilmiş «Demokratiya naminə oxu» kampaniyasında fəallar başqalarına görk olsun deyə, diqqəti siyasi motivlərlə həbs olunmuş həmkarlarına cəlb etməyə çalışıblar. Onların arasında foto-müxbir Mehman Hüseynov da olub.
Bakıda yerləşən Media Hüquqları İnstitutunun məlumatına görə, iki jurnalist – Əvəz Zeynallı və Hilal Məmmədovun qondarma ittihamlarla məhkum edilməsilə, həbsdə olan jurnalistlərin sayı doqquza çatıb.
Demokratik dəyərlərin və maraqların fərqləndirilməsini dilemma adlandırmaq düzgün deyil. «Ərəb baharı» nümayiş etdirdi ki, Avropa Birliyinin dəyərləri və maraqları, bir-birindən nəinki ayrı deyil, hətta bir-birinə qarışıb.
Ola bilər ki, Azərbaycan tənəzzüldə olan neft istehsalını kompensasiya edə biləcək «Şah Dəniz» və digər qaz yataqlarına güvənməklə yuxarıdan gedir, lakin Avropa Birliyi xarici qazdan nə qədər asılı qalacaqsa, gəlirinin 90 faizini və ÜDM-in 47 faizini enerji ehtiyatlarından alan Azərbaycan da legitimlik istəyəcək.
Brüssel və Strasburq Azərbaycanda pozuntulara və güclənməkdə olan avtoritarlığa daha sərt reaksiya verməlidir. Avropa Birliyi Azərbaycana açıq şəkildə şərt qoymalıdır ki, əgər 400 milyon əhalisi olan bazarla daha yaxın, birbaşa əlaqə istəyirsə, özünün təməl insan haqları tarixçəsini yaxşılaşdırmalı və korrupsiyaya qarşı mübarizə aparmalıdır.
Qitənin əsas hüquq müdafiəçisi kimi Avropa Şurası üçünsə bu, o deməkdir ki, kürü ilə körüklənən məsxərəyə son qoyulmalı və Azərbaycana qapını göstərməlidir”.