“Azərbaycan”ın iddiasına görə, hakim ailə əleyhinə Britaniya mediasındakı yazıların arxasında Kremlə yaxın dairələr durur
Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 29 noyabr sayında ölkə başçısı İlham Əliyev və ailəsinin Britaniya qəzetlərində ardıcıl tənqid olunmasının səbəblərini “axtaran” yazı dərc edilib. Yazının müəllifi AzTV-nin sədr müavini İbrahim Məmmədovdur.
Müəllif iddia edir ki, Britaniya mətbuatındakı tənqidlərin arxasında Rusiyadakı qüdrətli dairələr dayanır.
Məqlədən bəzi hissələri təqdim edirik:
“Artıq bir müddətdir ki, bir neçə xarici qəzet Azərbaycan hakimiyyəti, konkret olaraq prezident İlham Əliyev və ailəsi haqda ardıcıl qaralama xətti tutub. Bu sahədə Britaniyanın “The Independent”, “Daily Mail”, “Mail on Sunday” qəzetləri xüsusi olaraq diqqəti cəlb edir və eyni “arqumentlər”lə dalbadal məqalələrin dərci heç kimdə bütün bunların sifariş olmasına şübhə yeri qoymur…
Kiçik araşdırma maraqlı bir faktı ortaya qoydu. “The Independent” 2010-cu ildə KQB-nin keçmiş zabiti, hazırda Londonda yaşayan Aleksandr Lebedevə satılıb. O həm də Azərbaycanın düşməni olmasını heç vaxt gizlətməmiş Mixail Qorbaçovun yaxın adamıdır. Lebedev Qorbaçovla birlikdə Moskvada nəşr olunan “Novaya qazeta”nın sahibidir. Yəni birgə biznesləri var. Ancaq Qorbaçov-Lebedev birliyi təkcə “Novaya qazeta”da həmmülkiyyətçiliklə bitmir. Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev Raisa Qorbaçova fondunda da sədrlik edir…
Ancaq Aleksandr Lebedevin Rusiyadakı biznes və siyasi əlaqələri heç də Qorbaçov səviyyəsində məhdudlaşmır. O, Rusiya Dövlət Dumasının üzvüdür. Onun şirkəti olan NRB hətta “Qazprom” kimi nəhəngin və belə bir neçə Rusiya şirkətinin aksiyalarının əhəmiyyətli hissəsinin sahibidir. Təkcə “Qazprom”da əhəmiyyətli payının olması faktının özü Lebedevin Rusiyanın siyasi və biznes elitası ilə əlaqələrinin çox sıx olduğunu deməyə kifayət edərdi. Ancaq daha bir ciddi faktı əlavə etməmək yanlışlıq olardı. Lebedevin NRB-si Rusiyanın nəhəngi olan “Aeroflot”da həcminə görə dövlətdən sonra ikinci böyük aksiyalar paketinə malikdir. Bir qədər konkretləşdirək: “Aeroflot”un səhmlərinin 20 faizi Aleksandr Lebedevin sahibi olduğu şirkətə məxsusdur…
Aleksandr Lebedevin Azərbaycan prezidentini qaralamaqda xüsusi canfəşanlıq göstərən daha bir nəşrlə – “Deyli Meyill”ə də əlaqələrinə dair məlumatlara nəzər salaq. Məsələ ondadır ki, o, əvvəlcə “The Times” qəzetini almaq niyyətinə düşür. Ancaq “The Times” qəzetini almaqla Avropada mənsub olduğu qrupun siyasi təsirini artırmağa çalışan keçmiş KQB zabiti və indiki Duma üzvü Lebedev buna nail ola bilmir. Odur ki, “Deyli Meyil” & “General Trust” (DMGT) media holdinqi ilə BBC-nin məlumatına görə “gizli və dramatik” danışıqlardan sonra Lebedev çətin maliyyə vəziyyətində olan media holdinqin “Evening Standart” adlı qəzetinin səhmlərinin 75 faizini simvolik qiymətə – 1 funt sterlinqə alır və əvəzində holdinqə böyük sərmayələr yatıracağına söz verir. Qəzetin yerdə qalan 25 faiz səhmləri isə “Daily Mail” və “Mail on Sunday” və b. nəşrlərin də daxil olduğu Associated Newspapers nəşriyyat qrupuna məxsusdur. Və göründüyü kimi, rusiyalı milyarder Azərbaycan haqqında neqativ yazılarda xüsusi canfəşanlıq göstərən “Daily Mail” və “Mail on Sunday” nəşrlərinin daxil olduğu qrupla da birgə biznes əlaqələrinə malikdir…
Əvvəl “The Times”ı almaq istəyinin baş tutmamasından sonra Associated Newspapers qrupuna daxil olan “Evening Standart”ı alması onu göstərir ki, Lebedev nəyin bahasına olursa-olsun, məhz KİV sahəsində mövqe qazanmağa çalışır. Bu isə qazanmaq kimi biznes məqsədlərindən deyil, siyasi məqsədlərdən xəbər verir. Onun bir deyil, iki qəzet alması da bu fikri bir daha təsdiqləyir. Ən azı ona görə ki, bu gün onun aldığı qəzetlər gəlir gətirmir.
Bəs Aleksandr Lebedevin, özü də rusiyalı milyarder, Rusiya Dövlət Dumasının üzvü, yalnız enerji deyil, həm də siyasi nəhənglər olan “Qazprom”un və “Aeroflot”un səhmdarı, Mixail Qorbaçovun yaxını olan keçmiş KQB zabiti Aleksandr Lebedevin sahibi və sıx biznes əlaqəsi olduğu nəşrlərin şəxsən prezident İlham Əliyevi hədəfə alması təsadüf sayıla bilərmi?..
İlk ağıla gələn versiya Rusiyadakı bəzi dairələrin Azərbaycan prezidentinə təzyiq göstərməsi versiyasıdır. Bu təzyiqin Rusiya qəzetlərində deyil, məhz Britaniya qəzeti vasitəsilə həyata keçirilməsinin isə uzağa gedən məqsədləri var. Əvvəla, Britaniya qəzetlərinin təsir imkanları daha böyükdür. Başqa tərəfdən, bununla sözügedən dairələr Avropa ictimaiyyətini də öz təzyiqinin rıçaqlarından birinə çevirməyə cəhd edirlər. Ona görə ki, Avropa Azərbaycanın strateji inteqrasiya siyasətinin istiqamətidir. Buradan ikinci versiya doğur. Deməli, məqsəd Avropada Azərbaycan prezidentinə münasibətdə mənfi rəy formalaşdırıb Azərbaycanın Avropaya yolunu bağlamaqdır. Buna nail olunarsa, Azərbaycanın balanslaşdırılmış xarici siyasət yürütməsi üçün məkan xeyli daralmış olacaq. Avropaya yolu bağlandığı təqdirdə isə Azərbaycanın Şimaldan təzyiqlər qarşısında müqaviməti zəifləyə bilər…
Bu açıq-aydın siyasi və biznes məqsədləri ilə Azərbaycan prezidentinə təzyiq göstərilməsidir!!! Özü də bu təzyiq Britaniyadan deyil, Rusiyadakı antiazərbaycan dairələrdən yönəldilir. Sadəcə, Londondan bəyan edilir… Buna Azərbaycan folklorunda “ilanı seyid Əhməd əli ilə tutmaq” da deyirlər…”.
***
Göründüyü kimi, Azərbaycanın rəsmi təbliğat maşını Britaniya mediasının Əliyevləri əsasən onların korrupsiya əməllərinə fokuslaşmaqla ifşa etməsini Rusiyadanın “siyasi və biznes elitası ilə sıx əlaqədə olan” dairələrə bağlayır. Bu isə həm də Əliyevlərə münasibətdə Britaniyadakı maraqlarla Rusiyadakı maraqların üst-üstə düşdüyünün etirafı sayıla bilər.
Siyasi ekspert Rahim Hacıyev Azərbaycan hakimiyyətinin istər Rusiya, istər də Qərb dövlətləri ilə münasibətləri gərginləşdirdiyini və bunun uzun illər ərzində aparılmış uğursuz xarici siyasətin nəticəsi olduğunu deyir. Böyük neft pulları gəlməyə başlayandan sonra özünü qüdrətli hiss etməyə başlayan hakimiyyət vaxtilə ona dəstək vermiş ölkələrə qarşı fərqli siyasət yürütməyə başladı. Lakin kiçik dövlətin bu şəkildə dünyaya meydan oxuması, əsaslı tələblərə məhəl qoymaması mənfi nəticə doğurur. Eyni zamanda Azərbaycan hakimiyyəti vaxtilə böyük dəstək aldığı Rusiyaya da münasibətini dəyişib. Azərbaycan ötən müddət ərzində nə Rusiya, nə də Qərblə yaxınlaşıb. Məqsəd isə mövcud hakimiyyətin ağalığını təmin etməkdir.
Ekspertin sözlərinə görə, müharibə vəziyyətində olan Azərbaycan hakimiyyətinin belə davranışı ölkə üçün ağır nəticələr doğurur. Hakimiyyət nümayəndələri isə yaranmış vəziyyətdən çıxış üçün düzgün addımlar atmaq əvəzinə qeyri-ciddi açıqlamalar verir. Guya Rusiya ilə Ingiltərə arasında Azərbaycanla bağlı hansısa razılaşma var. Qərb mətbuatında dərc olunan materiallarda Azərbaycan xalqı ilə bağlı mənfi fikirlərin olmadığını deyən ekspert yalnız hakimiyyətin əməllərindən söhbət getdiyini xatırlatdı. Hakimiyyət nümayəndələri isə bunu Azərbaycana qarşı addım kimi qələmə vermək istəyir.
Ekspert Britaniyada nəşr olunan bir neçə qəzetin sahibi olan Lebedevin əslində Putinə qarşı müxalifətdə olduğunu da qeyd etdi. Bu qəzetləri Rusiya ilə əlaqələndirmək absurddur. Hakimiyyət əməllərinə son qoysa, vətəndaşların hüquq və azadlıqlarına hörmət etsə, beynəlxalq öhdəliklərinə sayğı ilə yanaşsa, belə yazılar yazmağa əsas olmayacaq.


