Türkiyə ilə Azərbaycan arasında qalmaqal ola bilər

Azərbaycan üzərindən Suriyaya 240 ton pulun aparılmasının ciddi fəsadları qaçılmazdır

Bu günlərdə Azərbaycan üzərindən Suriyaya 240 ton pul aparıldığı barədə mətbuatda məlumat getdi. Iyulun 9-dan sentyabrın 15-dək Moskvanın “Vnukovo” hava limanından Dəməşqə hərəsində 30 ton əskinas olan Suriya Hərbi-Hava Qüvvələrinə aid səkkiz Il-76 təyyarəsi göndərilib.
Məlumata görə, əskinasları daşıyan Il-76 təyyarələri Türkiyədən yox, dolayı yolla Azərbaycan, Iran və Iraq hava məkanından keçməklə Dəməşqə uçub.
Vətəndaş müharibəsi səbəbindən Suriyada nağd pul çatışmazlığı ilə üzləşən rejimin bu pullardan istifadə edərək muzdurların əmək haqlarını verdiyi ehtimal olunur.
Türkiyənin Suriyaya istiqamətlənən istənilən təyyarəni yerə endirməsi beynəlxalq birliklə sərgilədiyi həmrəyliyə görədir. Yəni burada Türkiyə yalnız öz maraqlarından çıxış etmir. Belə olan halda isə Azərbaycanın Suriyadakı rejimin həyatını uzada biləcək addım atması beynəlxalq birlik tərəfindən birmənalı qarşılanmayacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bu məsələyə rəsmi strukturlar aydınlıq gətirməlidir. Çünki bu məlumat tamamilə doğrudursa, Azərbaycanın bu məsələdə aktiv iştirakı ölkəmiz üçün ciddi problemlər yarada bilər: “Suriyaya qarşı sanksiyalar qəbul edildiyi halda belə çıxır ki, Azərbaycan bu addımlardan kənarda dayanır və imkan yaradır ki, Əsəd rejimi daha da möhkəmlənsin. Bu eyni zamanda Türkiyə ilə münasibətlərə xələl gətirə bilər. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyə Suriya müxalifətini dəstəkləyir və Əsəd rejiminin getməsini istəyir. Azərbaycanda kimlərinsə Suriyaya maliyyə yardımının çatdırılmasında bəzi üstünlüklər əldə etməsi Türkiyə ilə münasibətlərə xələl gətirə bilər. Varlanmaq hərisi olan oliqarxlar bu məsələdə dividend götürməyə çalışır. Amma anlamırlar ki, bu addım dövlət maraqlarına ciddi zərbə vurur”.

Vətəndaş müharibəsi yaşanan ölkələrdə bir qayda olaraq malların qıtlığının yarandığını deyən iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, eyni zamanda ölkə xarici tərəfdaşlarını itirir. Nəticə etibarı ilə bütün bunlar ona gətirib çıxarır ki, ölkə defolt vəziyyəti ilə üzləşir. Müharibə aparan ölkədə eyni zamanda inflyasiya təhlükələrinin də artdığını deyən ekspert vurğuladı ki, bu proses hiperinflyasiya səviyyəsinə qədəm qoyur: “Bu isə o deməkdir ki, ölkədə nağd pul kütləsinin ifrat həddə artması müşahidə olunur. Eyni zamanda mərkəzi bankın bütün bu prosesləri idarə etməsində ciddi çətinliklər yaranır. Ölkəyə hərbi sursatlar lazım olduğundan bu, ciddi maliyyə tələb edir. Iqtisadiyyat isə bu zaman idarəolunmaz səviyyəyə çatır. Əsədin belə bir zamanda ölkəyə 240 tonluq valyutanı gətirməsi çox ciddi problemlərdən xəbər verir”.
M.Talıblı hesab edir ki, ölkəyə gətirilən maliyyə xarici yardımların qapadılmasına da yönəldilə bilər. Bu cür riskli ölkələrə bahalı kreditlərin verildiyini deyən ekspert vurğuladı ki, həmin kreditin müqabilində ölkənin iqtisadiyyatında müxtəlif müəssisələr kreditorların nəzarətinə keçir. Bu isə ölkənin faktiki olaraq asılı hala salınması deməkdir.

Xəyal