Bermud üçbucağında itən Azərbaycan gəmisi…

Adam fikirləşir: bu nazirlərin, iri məmurların o qədər var-dövləti var ki, onlar, necə deyərlər, pula pul demirlər, məsələn, bir milyon manat onlar üçün “semışka” puludu. Ancaq faktlarla qarşılaşanda görürsən ki, yox, heç də elə deyil. Belə faktlar adətən onların başqasının əmlakını əllərindən qapıb aldığında üzə çıxır. Və yaxud eşidirsən ki, bunlar kiminləsə 100 manatın söhbətini çürüdürlər. Lazım gəlsə, baş kəsirlər bir yüzlüyə görə. Ya da dəfələrlə iş görmək istəyənlərin dilindən eşitmişəm, məsələn, biri deyir ki, Rusiyadan, ya Çindən filan malı vurmuşdum Azərbaycana. Gördüm ki, bu maldan ölkəmizdə yoxdu, ona görə də, hətta gömrüyü-filanı, iti-qurdu razı salandan sonra belə, yaxşıca qazana bilərəm. Normal arzudu. Yekunda məqsəd hamının yaxşı yaşaması deyilmi? Ama sən saydığını say…
Ancaq deyir, mal gömrüyə gələndən sonra anladım ki, vəziyyət xarabdı. Ölkəyə buraxmaq istəmirlər. Nə qədər rüşvət də təklif elədim, xeyri olmadı. Günlərlə, aylarla get-gələ saldılar. Tonlarla məhsulun gömrükdə qalma xərci və bəzən növünə görə xarab olma ehtimalı səni razılaşmağa, hətta malını mayasından da ucuz qiymətə kiməsə satmağa məhkum edir. Işin canı ondadı ki, hansısa məmur-oliqarxın adı girir ortaya. Başa salırlar ki, sənin bu sektorda təkbaşına iş qurmağa ixtiyarın yoxdu. Ya filan nazirlə işbirliyinə getməlisən (həm də o nazir bir qəpik də qoymadan), ya bu işdən əl çəkib malı ona satmalısan (ən yaxşı halda və su qiymətinə), ən pis halda isə malın illərlə gömrükdə qalacaq və sən ömrün boyu yerhaqqı ödəyəcəksən.
Bəli, onlar dilənçidən də bir pay da yox, iki pay umurlar. Niyə? Çünki bünövrələrində toxluq yoxdu. Görməmişdilər. Əllərinə pul gəlib və o pulu hər gün daha da artırmaq istəyirlər. Insan gözüboşluğunun isə həddi-hüdudu yoxdu. Yığdıqca daha da həvəslənirsən. Onlar bu pullarla necə rəftar eləməyi də bilmirlər. Ən ağlasığmaz məbləğləri ən sarsaq şeylərə dağıtmaqdan zövq, qisasını isə ölkədən alırlar.
***
Oğurluq sözünü eşidəndə adamın ağlına dərhal hansısa cibgirlik, evyaranlıq gəlir, nə yazıq ki, oğurluğun ən mədəni və şərəfsiz halı olan büdcə vəsaitini, dövlət əmlakını oğurlamaq yada düşmür. Sanki o iş Azərbaycanda məmurluğun ayrılmaz və qanuni tərkib hissəsidi. Yəni vəzifə nə üçündü? Varlanmaq üçün. Minimum əməkhaqqıyla milyoner-filan olmaq üçün. Bu zehniyyəti qafalardan çıxarmayana kimi bu ölkədə sağlam bir düzənin yaranacağına qəti ümid eləmək olmaz.
Hə, nəqliyyat naziri Ziya Məmmədovun adının oğurluqda hallanmasını eşidəndə də ilk təəssüratım bu oldu. Sanki o kiminsə evini yarıb, ya tövbə-əstəğfirullah, kiminsə cibinə girib.
Yaxşı ki, məsələ başqaymış. Söhbət bizlər üçün çox iri, onlar üçün qarışqa boyda görünən bir gəmidən gedirmiş. Yaxşı da adı var gəminin: “Yunıy moryak”. Azərbaycan vətəndaşı Qəmbər Səfər oğlu Səfərov nəqliyyat nazirini ona məxsus gəmini oğurlamaqda ittiham edir. Adam özünə bir gəmi alıbmış. Gətirib Azərbaycana və sənədləşdirməni başa çatdırmaq istəyib. Burnundan vurub geri qaytarıblar. Gəmi qalıb burda. Sonra adam yenidən qayıdanda məlum olub ki, gəmi yoxa çıxıb…
Yadıma Bermud üçbucağı düşdü. Indi belə çıxır ki, Azərbaycan da başqa bir Bermud üçbucağıdı. Üzərində uçan təyyarələrin, suyunda üzən gəmilərin qeybə çəkildiyi, hətta arzuların, xəyalların belə yoxa çıxdığı Bermud… Ancaq iş ondadı ki, bu üçbucaqda yoxa çıxanlar suyun altına batmır. Əksinə, yeni adla daha şəstlə Xəzərin mazutlu sularında üzür, yeri belə tapılır, ancaq kimsə onu sahibinə qaytara bilmir ki, bilmir. Əslində, bu gəmi elə Azərbaycanın özüdü…