Xankəndi aeroportunda parad hazırlığı

Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.

Azadliq radiosu